“Mənzilim uzaqdı mənim” - POEZİYANIN 21 ANI Featured

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

“Cümə günü Əbülfəzqızının 10 sualı ilə" rubrikasında bu dəfə 1 qonaq deyil qonaqlar olacaq.

Necə- necə?

Bəli, düz oxudunuz, qonaqlar olacaq.

O qonaqlarımız- Yazarlarımız ki, çoxlu sayda izləyicilərin könlünü oxşadı, ruhuna sığal çəkdi. Başladığı gündən rubrikamızda yer alan hər bir qonağımızdan 1 Sual və 1 Cavabı Sizlərin ixtiyarına buraxırıq, buyurun  

" sözlərin sehri" ilə baş- başa qalın, əziz izləyicilərimiz.

 

1) Bivəfadır çün bu aləm, kimdən istərsən vəfa? 

Bivəfa aləmdə sən yari-vəfadar istəmə!(Nəsimi) 

Musa Ələkbərli üçün daimi olan nədir? 

 

-Hegel deyib ki, “şeir rəssamlıq və musiqidən də üstündür”. Şairləri dilə gətirən, ilhamını xaosdan, ritmə, harmoniyaya kökləyən elə bu inamdır. Ölməz şairimiz M.Müşfiq də bir şeirində yazırdı ki, “Kainat olduqca, şeir olacaq”. Bu mənada mənim üçün daimi olan, insanlığın ən ali hissi poeziyadır. Mən gözümü açandan, dünyadan baş çıxarmaq istəyən anlardan (on dörd yaşımdan) könlümü şeirə vermişəm. Şeir mənim ilk məhəbbətimin, ən bakirə hisslərimin müqəddəsliyini yaşadan, qoruyan nemətdir. Bu ayrı söhbətdir ki, onunla yaxınlığım, doğmalığım mənə nə verib... Qazanmışammı, itirmişəmmi?! Əlbəttə, bunu zaman göstərəcək. Yəqin ki, mən dünyada olmayanda... 

Sualınızın  cavabını mükəmməlləşdirmək fikri ilə dahi şairimiz M.Füzuliyə istinadən yazdığım “Söz” qoşmamdan sizə sətirlər oxumaq istəyirəm. Üzrlü sayın, ilk dəfədir ki, təvazökarlıq həddimi aşıb, yazdıqlarıma bu qədər üz tuturam. Yaşımın bu ixtiyar çağında üzə tutalğac ayrı nəyim var ki?! 

 

 Mətniylə, məğziylə mənzilə çatmaz 

Duyğu ələyindən ələnməyən söz. 

Hər könlü oxşamaz, hər qəlbə yatmaz 

Sevgiyə, istəyə bələnməyən söz. 

 

Qəlbə yük gətirər, qəlbdən yük atmaz, 

Birinə çatanda, beşinə çatmaz. 

Dilində heç zaman sığala yatmaz 

Könlünə göylərdən çilənməyən söz. 

 

Əks etməz tanrıdan gələn gücümü, 

Seçilməz təpəri, olmaz hücumu. 

Dərin dəryaların dibinə cumub, 

Əngin səmalara millənməyən söz. 

 

Aydan adlayammır, il aşa bilmir, 

Ariflər yanında dil aça bilmir. 

Əsrin yaxasında gül aça bilmir 

Təşbehlə, məcazla güllənməyən söz.  

 

Qayğıları belə cəmləndirərmi, 

Könülləri belə qəmləndirərmi? 

Sənin kipriyini nəmləndirərmi, 

Mənim ürəyimdə sellənməyən söz?! 

 

Özünü atmısan qanlı sellərə, 

Hansı şeirin çatdı görən ellərə? 

Ay Musa, çox çətin düşər dillərə 

O uca eşqinlə dillənməyən söz! ( Musa Ələkbərli)

 

2) Üzün dönməz, sən "sənsənsə",

Göydən yerə fələk yensə.

Dur ayağa, gedirsənsə,

Mənzilim uzaqdı mənim.

 

Sevda dəlisiyəm, adım -

Qurddu, yalquzaqdı mənim.

Kim mənimlə yol gedəcək?!

Mənzilim uzaqdı mənim. 

(Rüstəm Behrudi)

 Dəyərli Şairimiz Rüstəm Behrudi, "Son mənzilə" üzüağ" çatmağın şərtləri nədir?

 

-Son mənzil deyilən şey yoxdu. Son da yoxdu, sonrasızlıq var! Son mənzil içimizdə getdiyimiz yola bənzəyir. İçimiz göy üzündə böyükdü bizim. Bütün yollar bitər, içimizdəki yol, əsla! Son mənzil yoxdu, yol var! 

 

 

3)İbrahim İlyaslı bəy, bir könlü fəth etmək çoxmu çətin?

 

-Tanrıdan rüsxət olursa, heç bir çətinlik yoxdur. Rüsxət yoxdursa, bu fatehlik iddiası bir ömür ancaq cəhd olaraq qalacaq… Amma bu cəhdin özündə də bir gözəllik var.

Ömrə məna qatır.

 

Bundan gözəl ömür olmaz,

Sən olan dünyada varam.

Göy məni Yerə qısqanar,

Bilsə, necə bəxtiyaram.

 

 Nolsun adın Günəş deyil,

Sənə bənddi axşam-səhər.

Sənə nisbət dövr eləyir

Kainatda səyyarələr.

 

 Bir kirpiyinə minnətdi

Yerin, Göyün yeddi qatı.

Cəhənnəm olsa, cənnətdi

Sən olan göylərin altı.

 

Bir arılar bilər nədi -

Gül dalının gerçəkləri.

Kimin ətridi süsləyən

Çəmənlərdə çiçəkləri.

 

Bundan gözəl ömür olmaz,

Sən olan dünyada varam...

Sənin həsrətindən özgə

Nəyim var haramdı, haram! (İbrahim İlyaslı)

 

4) Yaşamaq!

- dünyanın ən zor işi!

Yaşamaq!

- irəli qovaraq keçmişi!

 

Fəqət...

istəyirəm əcəl gələndə

qarşımda heç nə dayanmasın.

Məni elə çağırsın ki,

sevgilim yuxudan oyanmasın. (Qulu Ağsəs)

 

Dəyərli Yaradıcımız Qulu Ağsəs, ölüm nöqtədir, yoxsa vergül? Şairlərin mənəvi ölümü yoxdur deyək. Yenə də ölüm cismani həyata nöqtə, ruhi həyata isə vergüldürmü? Ölüm haqqında düşüncələriniz necədir?

 

 -Mən bir dəfə müsahibələrimin birində demişdim ki, vergül nöqtədən daha işıqlıdır. Nöqtə sanki quyudur, ora düşürsən və Yusif peyğəmbərin adı ilə də çıxa bilmirsən. Amma vergüldə bir işıq var. O deyir ki: " Hələ hər şey qurtarmayıb, hələ davamı var." Ona görə mən çox istəyərdim ki, elə ölüm də vergül olsun, nöqtə olmasın.

 

5)Qəşəm Nəvəfzadə bəy, müsahibələrinizin  birində Ədəbiyyat aləmindəki gözəl yazan şairləri əla futbol oynayanlarla müqayisə etmisiniz.

Hal-hazırda möhtəşəm "qol vuran" şairlərin adını çəkməyinizi rica etsəm, çəkərsinizmi?

 

-Bəli, futbol poeziyaya yaxındır. Bəlkə, mən də ən güclü futbolçuyam. Qol vuranda boş sahəni seçirəm ki, top adamlara toxunub geri qayıtmasın. Şeirdə də boş yer gəzirəm ki, orada heç kəs olmasın, ən yaxşı misra ən dəqiq vurulan qoldur.

Bəzən də qəsdən oxucuya pas ötürürəm ki, etiraz etsin və bu etiraza növbəti şeirim cavab olsun.

Yaxşı "qol vuran" şairlər çoxdur, amma ad çəkmək istəmirəm. Yadımdan çıxarlar və sonra məndən inciyərlər. Poeziya futbola, kinoya yaxındır, poeziya rejissor işidir. Şairin işi həm də rejissor işidir.

 

 6) " Həyat cavanların gözündə sonsuz gələcək, yaşlıların gözündə qısa keçmişdir." ( Artur Şopenhaur)

Əlizadə Nuri bəyin keçmişə boylananda: "Kaş ki,  bunu edərdim" - söylədiyi məqam varsa, oxucuları ilə bölüşə bilərmi?

 

- Şopenhauerin fəlsəfi frazalarını mən də sevirəm...

Söhbət şair kontekstinə gəlirsə, şairi danışdıqlarına görə yox, susduqlarına görə mühakimə edərlər. Necə deyərlər, ya sus, ya da susmaqdan üstün bir şey danış.

Şair demişkən, etmədiklərim hərdən məni elə yandırır ki...

İnsanlar bu həyat nərdivanında tez-tez yıxılırlar. Niyə? Bəlkə ayaqlarına etibar etmirlər- ona görə?! 

Həyat amansızdır. Eko demişkən: "bu zalım dünyanın hələ bir cəhənnəmi də varmış... 

 

7) “Gəl quş qonan budağıq,

İlk iz düşən yolağıq;

Sabahlardan sorağıq,

Sən mənsən, mən sənəm, gəl”...

(Ə.Qoşalı)

 

Əkbər Qoşalı bəy, gəlin bir anlıq rəssam olun. Sevgini mücərrəd isim olsa da, konkret ismə çevirib hansı rənglə və nəyə bənzədərək çəkərdiniz?

 

- Bilmirəm, bir anlıq rəssam olmaq mümkündürmü...

Rəhmətlik Mikayıl Müşfiq:

 

“Rəssam, sevgilimin rəsmini gəl çək,

Sevgilim gözəldir, sən də gözəl çək.

Nazına çatanda fırçadan əl çək,

Qoy, onun nazını mən özüm çəkim”

 

deyərkən, rəssamlığı anlıq imkan kimi, yoxsa, insan taleyi olaraqmı götürüb, bilmirəm. Əgər fərz eləsək ki, istedadın, yaradıcılıq yetənəyinin mayası eynidir, bir qaynaqdan gəlir, o zaman, bir anlıq rəssamlıq damarımız tutarsa, onu bəlkə ağ-qara çəkərdim... Çün “Ayrılıq da sevdaya daxil... Çünki ayrılmağın da vəhşi bir dadı var” – Atilla İlhan belə yazırdı...

 

8)Payız adam, bu fəsil sənin çiyinlərindən

nimdaş plaş kimi asılı qalıb.

Qış kürkünü görmədim.

Dörd ildi gözlərimdə bir fəsildə qalmısan:

bomboz rəngdə.

(Namiq Dəlidağlı)

 

Namiq bəy, " Payız adam" yenə nimdaş paltarındadırmı?

 

- Yaradıcı adamlar həm də özlərini ifadə edir, yazdıqlarında, yaratdıqlarında. “Payız adam” nimdaş libasında arzularının ardınca hələ də yol gedir...

 

9) Təranə Dəmir sevgini hansı rəngə bənzədir və nə üçün?

 

- Əsl sevgi  bahar rəngdədir. Ömrün bütün fəsillərində yamyaşıldır. Sevgi insanı yaşadan duyğudur. Hər kəs ürəyində sevgi bəsləsə, dünya həmişə bahar olar. 

 

10) Hərəmiz bir ruhda. İkiləşməyək,

Ömür qatarında itələşməyək.

Bu sonu görünən yola düşməyək,

Biz bir-birimizçün yaranmamışıq. 

(Təranə Turan Rəhimli)

 

Təranə xanım, müxtəlif xarakterdə olan  insanları əbədi birləşdirməyə sevginin gücü çatarmı? Yoxsa anlaşılmamaq o sevginin hər saniyə "məzarını qazacaq?"

 

- Məgər həyatı maraqlı edən xarakterlərin müxtəlifliyi deyilmi? Bir anlığa düşünək ki, ətrafımızda öz xarakterimizdə insanlar toplanıb. Bu nə qədər cansıxıcı olardı. Dünyanın da gözəlliyi fərqliliklərin vəhdətindədir. Bir evin içində böyüyən iki övladın xarakteri yerlə göy qədər bir-birindən fərqli ola bilirsə, sevgi telləri ilə birləşən insanlar niyə eyni xarakterdə olmalıdırlar? Anlaşmaqla xarakter yaxınlığının heç bir əlaqəsi yoxdur. İnsan anlamaq istəyəndə buna cəhd göstərir. Əslində həmişə, bütün vəziyyət və situasiyalarda bir-birini anlamaq da mənə real görünmür. Sevgi münasibətlərində, xüsusilə ailədə anlaşmaq qədər qarşılıqlı hörmət də önəmlidir. Ortaq fikrə gəlmədiyin məsələdə belə sayqı, hörmət çərçivəsində davranış hər şeyi yoluna qoyur.

 

 11)Franklin söyləyib ki: " Ağıllı kimdir?

- Başqalarından öyrənə bilən.

- Güclü kimdir?

- Öz istəklərini idarə edən.

- Varlı kimdir?

-Malik olduqları ilə kifayətlənən.

- Bütün bu xüsusiyyətləri özündə cəmləşdirən kimdir?

-Heç kim."

 

Bəs Habil Yaşar bəy bu fikrə nə deyər?  Bu üç xarakteri daşıyan insan yoxdur?

 

-Tarixdə xeyli sayda görkəmli şəxsiyyətlər olub və olacaq. Amma bütün bunlara baxmayaraq bəşəriyyət hələ də bir xilaskar axtarışındadır. Bir Çin atalar sözünü xatırlatmaq yerinə düşər, Ülviyyə xanım: “Dünyada iki qüsursuz insan var: Biri ölüb, biri doğulmayıb”.

 

12) Bəzən uzaqlaşmaq lazım gəlir, yaxınlaşmaq üçün; 

bəzən xatırlatmaq lazım gəlir, 

xatırlanmaq üçün;

bəzən ağlamaq lazım gəlir, açılmaq üçün;

bəzən anmaq lazım gəlir, anılmaq üçün;

bəzən də susmaq lazım gəlir, duymaq üçün. (Şəms Təbrizi)

 

"Səma”, “dəniz”, “tənha", "sevgi" və "nifrət”.

İntiqam Yaşar bəy, daxilində bu sözlər olan bir obrazlı cümlə istəsək, hansı cümləni eşidərik?

 

-Səma və dəniz tənha adamların sevgisinə də, nifrətinə də şahidlərdir. 

 

13)Məni ürəyində saxla demirəm,

vaxt gələ, görərsən ürəyin mənəm.

 Harda soruşsalar: qız, haralısan?

de ki, bir oğlanın ürəyindənəm...

(Ruslan Dost Əli)

" Dərindən sevmək- özünü unutmaq deməkdir!" ( Jan Jak Russo)

 

Ruslan Dost Əli bəy- gənc şairimiz, bu fikrlə razısınızmı?

 

- Dərindən sevmək deyəndə ki, ümumiyyətlə, yüngülvari sevmək olmur. Sevgi bizim bildiyimiz, ya da bilmədiyimiz dənizlərdən, okenlardan belə dərin və bəzən də vahiməlidir. Balıq və dənizi necə düşünürüksə, insan və sevgini də elə düşünün. O sevgiyə xəyanət etmədiyin müddətcə, boğulmayacağından əmin ola bilərsən…

 

14)Aysel Xanlarqızı “Qadın  kimdir?”- sualına tərifi necə verərdi?

 

-QADIN…

Otaqda yığılan köynəklər kimi,

Ütüləyib geyər ümidlərini.

İtirər yataqda bəzən yerini,

Gecə kürəyindən ağrıyar, Qadın.

 

Qurban verər dərdli doğrularını,

Dəyişməz yarasın sarğılarını.

Alar sevdiyinin ağrılarını,

Gizlicə gözündən oğrayar, Qadın.

 

Yuxusun analıq hissiylə bölər,

İllər saçlarının qarasın silər.

Ən son əl uzadar süfrəyə belə,

Övladı doyarsa, bir doyar Qadın.

 

Tapdansa, hüququ əyər içini,

Olmaz istəyinin azad seçimi.

Körpə arzuları bir alma kimi,

Bölüb dilimləyər, hey soyar Qadın.

 

Qovurub içini yeyər dərdləri,

Solar yaddaşında keçmişin yeri.

Üzündən, gözündən yağan kədəri,

Mətbəxdə soğan tək doğrayar Qadın.

 

 Ruhdakı təkliyin toplanmaz cəmi,

Olmaz həsrətinin, içilməz dəmi.

Qaynayıb dağılan duyğular kimi,

Çaydanın gözündən ağlayar Qadın…

 

-bu sualınızı illər öncə yazdığım bu şeirlə cavablayıram. 

 

15) Fəlsəfə - ruhun özünədərkidir." (Əbu Turxan)

Aysel Nəsirzadə xanım, çox təəssüf ki, çoxlarımızın özünədərki ya yoxdur, ya da çox az faizdədir. Sizcə, bütün bəlaların kökündə bu dayanırmı?

 

-İndi çox eşidirik "Fərqindəlik" sözünü. Fərqindəlik insanın özünü yaxından tanımasıdır. İnsan öz gücünün fərqinə varır və həyatını dəyişir. Əsas istəməkdir. Şüurlu şəkildə düşünərək nə istədiyini bilməkdir. Din də deyir, elm də deyir ki istə, istəyinə nail olacaqsan. Əsas məqsədli olmaqdır. Arzulamaq, arzunun xəyalını qurmaq və istəyə çatmaq üçün çalışmaq. Yəni, nə istədiyini şüurlu şəkildə bilmək əsasdır. İnsan düşündüyü zaman insandır. 

 

16)Kişinin həyatı boyu

içindədir kədər payı,

Qadının gözünün suyu 

Arazdan Kürəcəndi. 

(Elvin İntiqamoğlu)

 

Elvin bəy, kişilərə niyə ağlamaq “qadağandır"?

Şeirinizdə göz yaşları dərya olan xanımları gördük, bəylərin də ürəyi ətdəndir axı...

 

-Düzdür, folklorumuzda "Kişilər ağlamaz" cümləsi var. Ancaq atalar bu ağlamağı nə mənada deyib? Çoxumuz bunun fərqinə varmırıq. Mən əminəm ki, "Kişilər ağlamaz" deyən atanın özü belə nə vaxtsa ağlayıb, ancaq gözündən yaş axıtmayıb. Mənə elə gəlir ki, o atalar sözünün sətraltı mənası elə məhz budur. Kişilər içində ağlayır, gözdən yaş axıtmaq qadınlara məxsusdur. Kişinin gözdən yaş axıtmamağı qürur göstəricisidir, kişi-qadın bərabərliyinin tərs mütənasib variantıdır. Məsələn: Şəhidin dəfn mərasimində içində ağlayan şəhid atası bayrağımızı öpüb "Vətən sağ olsun" deyir, ağlamır, şəhid anası içində "Vətən sağ olsun" deyir, ağlayır.

İndi də kişilərin gözdən yaş axıtdığını görmək çətindir,  ancaq həssas həyati məsələlərdə bu da anlaşılandır. Məsələn: valideynini itirən kişi daxili aləminə güc gələ bilmədiyindən sarsıntısı göz yaşından hiss olunur. 

Gördüyünüz kimi, şəhid atası (və ya doğmaları) və ailə itkisi yaşayan biri "göz yaşı" qadağasından azaddır, ona mənəvi cərimə tətbiq etmək özü bir mənəviyyatsızlıqdır.

 

 17) Aristotel poeziyanın ümumidən, tarixin isə xüsusidən bəhs etdiyini bildirərək, poeziyanı daha üstün qəbul edib. Bəs Şamil Ənvəroğlu poeziyaya hansı tərifi verərdi?

 

 -Poeziya ruhun çırpınışı, 

ürəyin döyüntüsü,

duyğuların var olma şəklidir...

Ədəbiyyatı böyük bir limana bənzətsək, poeziya bizi o limana aparan,

dalğaların qoynunda bizi atıb-tutan bir gəmidir. 

Bu gəminin kapitanı isə ÜMİDDİR. 

 

18)Faiq Hüseynbəyli bəy,  həyatın "ərköyün uşaq", "qəddar şah", "amansız düşmən", "deyingən qoca qarı" obrazları ilə qarşılaşanda səbrinizi "qalxan" edə bilirsinizmi?

 

- Səbr Tanrının adlarından biri kimi iradəmizi təmsil edir. Həqiqəti dərk edən, ədaləti təmsil edən biri kimi şair, qeyd etdiyiniz obrazlarların qarşısında öz fəlsəfəsini ortaya qoyur. Problemlərin həlli yolunu təklif edir. Texnoloji inkişaf qarşısında ekoloqlar yüz il, min il sonra dünyada baş verəcək iqlim dəyişmələrinə qarşı bu gün necə mübarizə aparırlarsa, şairlər də dünənki, bugünkü milli şüuru sabahlara təhlükəsiz şəkildə ötürməkdə görəvli şəxslərdir. Tarixin bəzi məqamlarında şahların vəzirləri, məsləhətçiləri elə şairlər olub. Hətta bu yerdə yenə də şair Şah İsmayılın adını vurğulamaq istərdim. Qılınc və Qələm paralelliyi Dədə Qorquddan, Koroğludan, Şah İsmayıldan bu günümüzə qədər öz aktuallığını qoruyub saxlamaqdadır. "Amansız düşmən"dənsə, mehriban dostluğu, sevgini tərcih edərdim. Qocalıq məhfumunu yaşla əlaqələndirmirəm. İndi o qədər zamanədən gileyli gənclərimiz var ki... Bu bir az da sosial vəziyyət ilə bağlı olsa da, ədəbi yaşantıya çevrildiyi məqamlar da olur. 

 

 19)Gəl sevgi qoymayaq bunun adını,

Eləcə biz- bizə vurğunuq deyək.

Daha savaşmayaq ayrılıq ilə,

Çəkilək kənara yorğunuq deyək.

(İqbal Nəhmət)

 

İqbal bəy, sevgiyə öz adı ilə müraciət edəndə ayrılıq onu məhv edir, ya da ki, etiraf edilmiş sevgilərin çoxunun mükafatı elə ayrılıq olur?

 

-Mən başqa bir şeirində yazmışam ki, 

Səni sevmək bir ağacı sən bilərək 

gövdəsinə sarılmaqır,

budaq -budaq qırılmaqdı,

yorulmaqdı, yox olmaqdı.

Səni sevmək 

bəlkə, bir az da ölməkdir...)  (İqbal Nəhmət)

 

20) El Roman bəy, ölüm öz gəliş vaxtını əvvəlcədən söyləməsə də, bizimlə qarşılaşır. Ölümdən başqa nə ilə bir gün mütləq görüşəcəyik?

 

- Özümüz kimi bir adamla bir gün mütləq görüşəcəyik. Kimsə qarşısına özü kimi birisi çıxmamış ölməz. Bu insanın sonuncu vacib üzləşməsidir. Sirat körpüsüdür. Ən axırıncı mərhələdir, hətta ən axırıncı imtahandır. İnsanın özünü tanıması ölümünə yaxın baş verə bilər. Amma soruşsan, hamı guya özünü tanıyır...

 

21)Bir qadın gedir – 

bətnində körpəsi,

kürəyində ayağını itirmiş əri.

O qədər sınıxıb ki,

bir sümükdür, bir dəri.

Bəlkə, qiyamətdir?

Yox, bu, qadın işi deyil!

İlahi bir komediya,

bəşəri faciədir,

 şeytani bir sənətdir! (Ramil Əhməd)

 

 Dəyərli Ramil bəy, güclü qadın obrazını necə təsəvvir edirsiniz, iradəsindən dönməyib məğrur şahı tədricən dəyişən Şirin kimi, vətənpərvər  Janna Dark kimi,  Kiri qan tuluğu ilə "mükafatlandıran"  cəsarətli Tomris kimi, "Uncle  Tom's Cabin" adlı kitabı ilə köləliyə qarşı mübarizəni cəmiyyətdə yayan güclü xanım Harriet Beecher Stowe kimi, yoxsa bütün mükəmməlliklərdən pay alan xanım kimi?

 

-Mükəmməllik illuziyadır. Güc nisbidir. Müharibə haqqında olan bu şeirdə, qadın güclü olmaq istəmir, güclü olmaqdan başqa çarəsi qalmır sadəcə. İkisi arasında fərq çoxdur. 

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2024)