Gülnarə Cəmaləddinin yubileyi qeyd olunub

Sumqayıtda növbəti sözlü-nəğməli tədbir keçirilib. Şəhər Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddinin yubiley gecəsi təşkil olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı yazıçı Hafiz Ataxanlı və Sumqayıt MKS-in direktor əvəzi Natəvan Axundzadə Gülnarə Cəmaləddinin yaradıcılığından maraqlı detalları diqqətə çatdırıblar. Sonra təbrik üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin humanitar şöbəsinin əməkdaşı Fərman Kazımov şəhər icra hakimiyyəti başçısının imzası olan Diplomu yubilyara təqdim edib. 

Təbrik üçün gələn qonaqlardan AYB sədrinin müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, AYB katibi Səlim Babullaoğlu çıxış edərək yibilyarın Sumqayıt bölməsinin inkişafındakı xidmətindən danışıblar və ona  AYB-nin sədri Anarın adından Diplom təqdim olunub.

Əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov, Nizami Gəncəvi adına kitabxana- klububun oxucuları Gülnarə Cəmaləddinin şeirlərini söyləyiblər.

Sumqayıt MKS uşaq bölməsinin müdiri Yeganə Hüseynovanın hazırladığı yumoristik səhnə də maraqla qarşılanıb.

Şəhər icra hakimiyyəti yanında İctimai Şuranın sədri, yazıçı Hümbət Qüliyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hacı Rauf Sərdarov, professor-şair Rafiq Yusifoğlu, professor Turan İbrahimov, Sumqaylt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova, rejissor Etibar Bənnayev, şairə Kəmalə Abıyeva, tənqidçi Bəsti Əlibəylinin təbriklərindən sonra Rövşən Nicatın ifasında Gülnarə Cəmaləddinin şeirlərinə bəstələnən mahnılar səsləndirilib. 

Mahmud Qaşqari Fondunun mükafat komissiyasının üzvü, şair İbrahim İlyaslı Gülnarə xanıma fondun mükafatını təqdim edib.

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar isə yubilyarı qurumun adından Diplomla təltif edib. 

Monitordan Türkiyəli dostların təbrikləri də verilib. Ünlü qələm adamları Fethi Akın, Fethat Livaneli, Çinar Arıkan, Fatma Arıkan və Mustafa Doğan Gülnarə xanımın Azərbaycan- Türkiyə ədəbi- mədəni əlaqələrinin inkişafındakı xidmətlərindən danışıblar.

Gülnarə xanımın ustadı, şair Zirəddin Qafarlı isə çıxışında bu günkü səmimi tədbiri, əslində Gülnarə xanıma olan sevginin təzahürü kimi qiymətləndirib.

Həmçinin Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova təbriklərə qoşulub. 

Sonda Gülnarə Cəmaləddin təşəbbüsə görə yazıçı, ssenarist Hafiz Ataxanlıya, Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminə, bu təklifə dəstək olan Abşeron -Xızı Regional Mədəniyyət İdarəsinə, Sumqayıt şəhər İcra Hakimiyyətinə təşəkkürünü bildirib.

Növbəti yubileylərədək, Gülnarə xanım!

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2024)