Ölümü sevən və sevdirən Şair - Ramiz Rövşən Featured

Əli Bağış yazır

 

Sabah Ramiz Rövşənin 77 yaşı tamam olacaq. “Bəlkə” sözündən sonra şeirlərində   “Ölüm“ sözü keçən ikinci bir şair yəqin ki yoxdu.

“Ölüm” sözü Şairin şeirlərində “Həyat” sözü qədər o qədər şirinləşir ki, bəzən çaşbaş qalırsan: Hansını daha çox sevəsən?!

Ölümümü? Həyatımı?

 

Mistik, metafizik, ekzistensial şeirlərindən tutmuş (“İlan balası”, “Ayrılıq”, “Çığırtı”, “Kölgə”, “Çarmıxdakı İsa”, “Mən küsüb gedirəm”, “Köhnə məktublar”, “Bu güzgüyə bir vaxt qoşa baxardıq”, “Deyirlər yuxuda ölmək asandı”, “Ölüm kölgəsi” və s  kimi), möcüzəvi, ecazkar, lakonik, sadə və heyrətamiz “Nəğmələri”nə və 3 poeması da  (“Süd dişinin ağrısı”, “Qapı” və “Canavar ovu”) daxil olmaqla, məhz bu iki kateqoriya arasında inanılmaz bağlılıq yaradan, Həyat və Ölümü sevən və sevdirən titanik intellekt və istedad sahibinin - Ramiz Rövşənin fikir üfüqlərində uçmaq, fikir dəryasında üzmək, fikir torpaqlarından meyvə dərmək çox-çox çətindi.

İlk növbədə istedadın, intellektin olmasa belə (Şairlə müqayisədə deyirəm) onun oxuduğu, oxuyub dərk elədiyi və özündən keçirib (“…Dünya səndən keçib durulur bəlkə”…) şeir diliylə fərqli rakursla, müstəvidə göstərə bildiyi, bəşəriyyətin yüzlərlə fəlsəfi, nəsr və nəzm kitablarının müəlliflərinin heç olmasa adını biləsən…

 

(Bir dəfə, Şairin ”Nəğmələr”indən

 “…Mən bu dünya üzündə,

Bir vaxtsız qonaq idim.

İlahi, ölürəmsə,

Deməli mən sağ idim..” şeirini dedim.

-Əli, bilirsən bu hansı fəlsəfədən gəlir?

-Yox, Ramiz müəllim. 

Durub hansısa bir fəlsəfə axınından 10-15 dəqiqə danışdı. Hamımız ağzı açıla qalmışdıq. Güya indi, Allah qoymasa,  bizlər oxumuş sayırıq özümüzü…)

 

 Son zamanlar əzbər bildiyim, dilimdən düşməyən, fikrimdən çıxmayan “Qapı” poemasının 4-cü bölümü olan “ Ölüm” hissəsidi.

Qonşuları Ziba nənənin yeganə övladı-oğlu, daha doğrusu, atası Məmmədəli kişiylə (Məmmədəli kişi Ziba nənənin oğlunun mindiyi gəminin alman təyyarələri tərəfindən  batırıdığını görübmüş. Bütün gəmidəkilər həlak olubmuş. Amma bunu heç zaman Ziba nənəyə deməyib. Son ümidini bədbəxt qadının əlindən almaq istəməyib…) müharibəyə bir gedib, itkin kağızı gələn, oğlunun yolunu gözləyən Ziba nənənin, Ölümlə görüşü və Ölümün Ziba nənəylə oğlunun yenidən O Biri Həyatda görüşməsindən bəhs edən bu şeir, şahmat diliylə desək, fantastik debütlə başlayır, sonra heyrətamiz  mittelşpillə davam edir və inanılmaz finişlə bitir…

İlk öncə özüm başa düşdüyüm kimi “Qapı”poeması ilə bağlı bir -iki məqamı demək istəyirəm.

İlk öncə iddia edəcəyəm:

Müharibələrdən qayıdan və qayıtmayan oğullar, onları gözləyənlər: anaları və sevgililəri barədə belə bir mistik, metafizik, real olduqca inanılmaz, müharibə faciəsini, bəlalarını belə çılpaqlığı ilə sənə çatdıran, səni heyrətləndirən, səni havalandırıb əl-ayağını yerdən-göydən üzən ikinci bir nəzm  əsəri oxumamışam!!!

“Qapı” - müharibədən dönənlərin Ölümdən Həyata açdıqları, müharibədən qayıtmayanların isə Həyatdan Ölümə açdıqları Keçid Qapısıdı.

Şaxanım nənənin oğlunun Qapıyla söhbəti elə Həyatla söhbətidi.

Oğul ayaqsız qayıdıb. (Rəsmdə ,fantastik istedad sahibi Ərdəşir Rüstəmi, Şaxanım nənənin oğlunun qoltuğunda itirdiyi ayaqları yerinə, onun ayaqlarını aparan iki top mərmisinin gilizələri ilə evə qayıdışını çəkib)

Ana Həyat Qapısını açır:

-Anan ölsün, niyə oturmusan a bala?

-Neyləyim ay Ana, oturmağım da budu, durmağım da…

 

“…Döz bu dərdə-dözənəcən,

Bu dərd səni üzənəcən,

Oğul gəlib dizinəcən,

Hanı dizdən aşağası?…”

və gələcək gəlini Sonanın 

sorğusuna”-yoxsa yalandı, qayıdıb gəlməyib?”

-Qayıdıb dedi, a bala, qayıdıb deyir.

“Gəlib” deməyə dili gəlmədi…

 

(Bir haşiyə çıxım. 2-ci Dünya mühribəsindən təkcə SSRİ-dən  1 milyon 121 min iki ayağı olmaynlar, iki ayağı və iki əli olmayan, rusların vicdansızca  “samovar” dedikləri 85842 qayıtmışdı..)

 

(2-ci haşiyə

Ulu Şairin O Taylı dostu rəssam Ərdəşir Rüstəminin  “Qapı” poemasına çəkdiyi rəsm, həyatımda gördüyüm ən ağrılı, ən təsirli rəsm əsəridi. Ərdəbildə olanda Ərdəşir bəyə telefon açdım ki, bu rəsmi çəkəndən sonra, nə yaxşı havalanmadınız?

-Günlərlə havalı kimi gəzdim,dedi.

“Yollar yedi izlərini,

Oğulların dizlərini,

Anaların gözlərini

Yollar yedi,-doyurtmadı”)

 

…Ölüm, Ziba nənəni oğluyla görüşdürür və oğlu qoca qarını, yəni öz doğmaca Anasını tanımır.

  

“…İndi axı öz başına nə daş salsın bu ölüm,

Qoca-qoca qarıları qaytarıb ,

Cavan -cavan anaları hardan alsın bu ölüm?..”

Gözlərini döyən Ölümün imdadına yenə Ulu Şair çatır:

“…Və hər oğul beləcə

əlindən tanıyar öz anasını…

  Hər oğul öz anasının əlini

  Tumarlayar, sığallayar, oxşayar…”

 

Şair Ölümə, onun əbədi missiyasını yada salır ki, (“Tanrı özü seçib bu yolu bəlkə”) sənin missiyan, dini terminlərlə desək, Fani Dünyada Ayırıb -Baqi Dünyada Qovuşdurmaqdı.

Və Ölümü, Dahi Şair Baqi Dünyadan belə yola salır:

“Nə baxırsan, ay Allahın ölümü,

Sağlıqla get, ölüm sənə yaxşı yol!..”

 

…Və beləcə Dahi Azərbaycan Şairi Ramiz Rövşən Öz adını, şeirlərini, poemalarını, esselərini, hekayələrini, povestlərini, ssenarilərini Ölümə yoldaş edir-ÖLÜMsüzləşdirir!

Yeni, 77 yaşınız qutlu olsun, Ramiz Müəllim!

Nə xoşbəxt adamlarıq ki, Sizinlə eyni dili, eyni dərdləri və eyni Vətəni bölüşdürürük!

 

“Ədəbiyyat və incəsənət”

(14.12.2023)