İlk qadın Xalq şairi Mirvarid Dilbazinin Heydər Əliyev şəxsiyyətinə rəğbəti böyük olub - TƏQDİMAT MƏRASİMİNDƏN

Könül, “Ədəbiyyat və incəsənət”

 

Rəngarəng tədbirlər keçirməklə həmişə diqqət çəkən “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi bu fəfə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 

birgə təşkilatçılıqla “Vətən oğulsuz olmasın” kitabının təqdimatını keçirdi. Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad etməklə başlandı. 

 

Tədbiri giriş sözü ilə açan “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Kəlağayı muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlı təqdimatı keçirilən “Vətən oğulsuz olmasın” kitabının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində nəşr edildiyini və ilk təqdimatının M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında keçirildiyini qeyd etdi. Güllü Tomarlı kitabda Ulu Öndərin Xalq şairi Mirvarid Dilbazi ilə görüşündə söylənilən nitqlərin, səsləndirilən fikirlərin, Mirvarid xanımın xalqın müdrik oğluna həsr etdiyi şeirlərin toplandığını bildirdi. 

Kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova tədbir iştirakçılarını salamlayaraq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Respublika Gənclər Kitabxanasında həyata keçirilən layihələr, təşkil edilən tədbirlər, kitab təqdimatları, hazırlanan materiallar haqqında geniş məlumat verdi. Ulu Öndərin ədəbiyyat, mədəniyyət, poeziya sahəsinə olan qayğısından, şair və yazıçılara olan dərin hörmət və ehtiramından söhbət açaraq, “Vətən oğulsuz olmasın” kitabında toplanan faktların tarixi əhəmiyyət daşıdığını, Ulu Öndərin Xalq şairinə olan xoş münasibətinin bariz nümunəsi olduğunu bildirdi. Uzun illər Qarabağ həsrəti ilə yaşayan Mirvarid Dilbazinin qazanılan tarixi qələbə sayəsində bu gün ruhunun şad olduğunu diqqətə çəkdi. 

Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi çıxışında Ümummilli Liderin hər zaman Vətənə, xalqa məhəbbət kimi mənəvi keyfiyyətlərin aşılanmasında ədəbiyyatın rolunu önə çəkdiyini bildirərək, şair və yazıçılar tərəfindən ədəbiyyatımızın böyük hamisinə minlərlə nəzm və nəsr nümunələrinin həsr olunduğunu bildirdi. Mirvarid Dilbazinin Ulu Öndərə həsr olunmuş qiymətli ədəbi nümunələr yaradan ilk şairələrdən biri olduğunu dilə gətirərək, anası ilə bağlı xatirələrini bölüşdü.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, şair  Səadət Buta Ulu Öndər Heydər Əliyevin daim mədəniyyətimizin, ədəbiyyatımızın, milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi məsələsinə xüsusi həssaslıqla yanaşmasından, Azərbaycan mədəniyyətinin inciləri hesab edilən poeziya, muğam, aşıq sənətinin inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açdı.

Tədbirdə çıxış edən digər natiqlər kitabla bağlı fikirlərini söyləyərək, bu səpkili tədbirlərin, kitab təqdimatlarının, müəllif görüşlərinin kitabxanalarda, kitab məbədlərində keçirilməsinin əhəmiyyətindən danışdılar.

Tədbir boyunca bəstəkar, müğənni Yaqut Almazın ifasında Mirvarid Dilbazinin sözlərinə bəstələnmiş mahnılar, şeirlər səsləndirildi.

Sonunda Güllü Eldar Tomarlı “Vətən oğulsuz olmasın” kitabını Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına hədiyyə etdi və tədbirin təşkilinə görə əməyi keçən hər bir kəsə öz dərin təşəkkürünü bildirdi.

Sonda xatirə şəkilləri çəkildi. 

Qeyd edim ki,  “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin ərsəyə gətirdiyi  “Vətən oğulsuz olmasın” kitabının növbəti təqdimatları Sabirabad, Bərdə, Ağsu və digər bölgələrdə keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2023)