Tək adam - Ənvər Məmmədxanlı Featured

 “Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə ədəbiyyatşünas Dilarə Adilgilin görkəmli nasir Ənvər Məmmədxanlının 110 illiyinə həsr etdiyi “Tək adam” məqaləsini təqdim edirik.

 

 

ƏNVƏR MƏMMƏDXANLI – 110 

                                                                                                                              

Dilarə ADİLGİL

    

TƏK ADAM

 

Yazıçı, nasir, kinodramaturq,  ssenarist, tərcüməçi  Ənvər Qafar oğlu Məmmədxanlı 1913-cü il  fevralın 28-də Göyçay şəhərində anadan olmuşdur. 77 il ömür yaşayan Ə.Məmmədxanlı  bütün şüurlu həyatını Azərbaycan ədəbiyyatı və incəsənətinin inkişafına həsr etmiş, bu yolda sona qədər yorulmadan çalışmışdır. Fəaliyyəti dövründə müxtəlif idarələrdə, fərqli vəzifələrdə işləyən yazıçı  “Azərbaycan nəsrində lirikanın görkəmli nümunələrini yaratmışdır”. Yaradıcılığının ilk qüvvətli nümunələrindən olan “Bakı gecələri” povestini 22 yaşında yazmışdı. Bu əsəri Ə.Məmmədxanlı yaradıcılığının bünövrəsi hesab etmək olar ki, üzərində neçə  hekayətlər, dramlar, tarixi əsərlər dayanır. Elə ilk qələm təcrübəsindən ədəbi ictimaiyyətin diqqətini cəlb etmiş, heç kimə bənzəməyən yolu, üslubu olduğunu təsdiq etmişdir. Ə.Məmmədxanlı nəsrimizdə lirik yazıçı kimi tanınmış, daha dəqiq desək, lirik-psixoloji-emosional nəsrin banisi adını  qazanmışdır.  

          Bizə şair xalq deyirlər. Daha doğrusu, özümüz özümüzə deyirik. Haqqımız da var. Sözün peyğəmbəri Füzulidən “şair yox, şeir olmaq istəyən” Vaqif Səmədoğluna qədər poeziyamız uzun, zəngin və keşməkeşli yol keçib. Bizdə həmişə ürək “öndə” olub. Nəsrin tarixi isə cavandır. XVIII əsr Avropa və rus ədəbiyyatında  inkişaf edib qəbul ediləndən sonra dalğa “tənbəl” Şərqə də keçdi. Biz də onun ilk öncüllərindən olduq. XlX əsrdən başlayaraq isə proza bizim ədəbiyyatın da liderinə çevrildi.

          Nəsr ədəbiyyatda özünə yer edib təşəkkül tapdıqca poeziyanı arxada qoyur, qarşısında yeni dizaynları olan janr formaları əmələ gətirirdi ki, lirik proza da  onlardan biri idi. Azərbaycan oxucusunun yaxşı tanıdığı A. de Sent-Ekzüperi, K.Paustovski, İ.Bunin, bəlkə də, heç tanımadığı, müasirimiz  A. Makin lirik janrın  nüfuzlu nümayəndələrindəndirlər. Rəsul Həmzətovun “Mənim Dağıstanım” povesti əsl lirik nəsr nümunəsidir. Lirizm 1960-cı illər ədəbiyyatında qol-qanad açmağa başladı, lirik nəsr təyini də başlanğıcını elə o zamanlardan götürdü. Bütün əsərlərdə lirika prozaya eyni dərəcədə daxil olmur. Bəzən təhkiyəni yüngülcə bəzəyir, bəzən isə bütün janrın spesifikasını dəyişir. Azərbaycan ədəbiyyatında isə lirik nəsrin yaradıcıları  deyəndə ilk növbədə göz önünə xalq yazıçıları  Ə.Məmmədxanlı və İ.Əfəndiyev gəlir. Eşidəndə nəsr və nəzm uzaq qütblər kimi düşünülsə də, əslində, biri digəri olmadan keçinə bilməz. Hələ A.S.Puşkin deyirdi: “Onlar bir nöqtədə tapışdılar. Daş və su kimi. Buz və alovtək. Və… şeirlə nəsr kimi”. Rus şeirinin nasirlərindən olan K.Paustovski yazırdı ki, nəsrin ritmi yazıçının şeiri absolyut qavramasından asılıdır. Coğrafiyasından, milliyyətindən asılı olmayaraq bu janrın nümayəndələrini birləşdirən xüsusiyyətlər – müəllif monoloqu  (etirafnamə), qəhrəmanın əhval-ruhiyyəsi, “konfliktin əks cəbhələrdə surətlərin arasında deyil, daha çox surətin özünün özü ilə mübarizəsi”dir.

          Orta çağın liriklərindən olan İ.Bunin yazırdı ki, rədd olsun süjet. Onu düşünməyə vaxt sərf etmə. Gördüyünü, sənə xoş gələni qələmə al.

          “Bakı gecələri” povesti Ə.Məmmədxanlı qələminə xas romantik üslubun bir nümunəsidir. Bakı, xüsusən onun gecələri  bizim ədəbiyyatın əbədi mövzusudur. Tək ədəbiyyatın yox, elə musiqinin, təsviri incəsənətin də. Bakı gecələrinin əsrarəngiz gözəlliyinə ilk diqqəti çəkən böyük proletar yazıçısı M.Qorki olmuşdu: “Gecə mən Bakıya dağ üzərindən baxırdım. Şəhərdə və Bibiheybət mədənlərində işıqlardan əmələ gələn gözəlliyə heyrət etdim. Bakı Neapol körfəzindən daha çox və daha sıx işıqlıdır”. Belə bir retrospeksiyadan sonra demək istəyirsən ki, sən gəl Bakını bir də indi gör. Hər gün gözəlliyinə gözəllik əlavə olunur, hər gecəsi dünənkindən işıqlı olur.

 

Sinən üstə hər addımım bir məhəbbət nəğməsi,

          Qulağımda yollarının fısıltısı, hikkəsi,

          Hər qarışın sevda dolu ürəklərin qibləsi,

          Gözəl Bakım, gözəl Bakım!

    

Mən bu parçanı muğamatdan götürmüşəm, ona görə müəllifini bilmirəm. Bakı haqqında deyilmiş saysız-hesabsız sözdən seçdiyim bu…

          Ə.Məmmədxanlının vəsf etdiyi “neft qoxulu, xəzrili-gilavarlı” şəhər 1935-ci ilin Bakısı olsa da, “günçıxan tərəf Qaraşəhər, ondan o yana Ağşəhər, düz qənşərindəki İçərişəhər, bu yandakı Bayıl təpələri” yerindədir.  Amma necə? Daha abad, daha təmiz, çox modern. Əsərdə lirik “mən” öz vəzifəsini yerinə yetirərək  hadisələri  lirik atmosferdə təsvir edir. Qəhrəmanın təhkiyəsi hardasa bir etirafdır. Povestdə əsas aksent hiss və duyğulara edilir, təhkiyəçinin həyəcan və intonasiyası əsərin dilini, tərzini  müəyyən edir. “Bakı gecələri” uzaq dağ kəndindən paytaxta oxumağa gələn yüzlərlə gəncdən birinin müşahidələrinə, yeni mühitə adaptasiyasına,  yaşadıqlarına, “daxili katarsisi”nə  həsr edilmiş,  yazıçının özəl təqdimatında oxucuya çatdırılmışdır.

          Əsər şeir kimi oxunur. “Elə haman gecənin hansı aləmindəsə, saatların diksinərək dayandıqları o sirli zamansızlıq anlarının birində, yuxu ilə oyanıqlıq arasındakı o titrək sərhəddə birdən qulağıma səs gəlmişdi”. Və ya   “O axşam Abşeronun ən gözəl axşamlarından biri idi, uzaqda payız dənizi gömgöy bir süfrə kimi açılmışdı”. Bundan gözəl şeir?

          Ə.Məmmədxanlı bənzərsiz hekayə ustasıdır.  Onun uğurlu janrı hekayədir. “Ayrıldılar”, “Ananın ölümü”, “Ay işığında”, “Karvan dayandı”, “Qızıl qönçələr”, “Baş xiyabanda” və s. hekayələri bu kiçik janrın klassik nümunələridir.  Onun “Buz heykəl”i ilk oxuduğumuz hekayələrdən olub. Bu əsəri yazıçı 1944-cü ildə, müharibənin sonuna yaxın yazmış olsa da, təsvir edilən hadisə qanlı savaşın ilk qışında cərəyan edirdi. “Elə bil canlı, cansız – ətrafda nə varsa, donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır. Və indi ağappaq bir zülmət içində, gün çıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərlə tənha bir kölgə hərəkət edir”. Bu, körpəsini  sinəsinə sıxıb düşmən təcavüzündən başını götürüb qaçan gənc anadır. Nəhayətsiz gecə. Arxada qana susayan yırtıcı düşmən, irəlidə ondan geri qalmayan qan donduran, qılınc kimi kəsən şaxta. Seçim yoxdur. Ana özünü düşünmür, təki balası xilas ola bilsin. Cəmi 3 səhifədən ibarət olan kiçik  hekayə ana məhəbbətinə  qələmlə qoyulmuş möhtəşəm  heykəldir.  Əslində, bu bir miniatürdür. Az sözlə çox şey demək, oxucuda hiss-həyəcan oyatmaq yazıçıdan həm dilin incəliklərinə bələd olmaq, həm də böyük ustalıq tələb edirdi. “Buz heykəl” 10 dəqiqəyə oxunan əsərlər siyahısındadır. Heç onun elə bir süjeti də yoxdur, necə deyərlər,  “şəkil dəyişmir”. Ə.Məmmədxanlı bu hekayəsi ilə bir daha sübut etdi ki, oxucunun qəlbini tərpətmək üçün səhifələrin çoxluğu nə şərtdir, nə vacib. “Buz heykəl” bütün zamanların ana abidəsidir. Xalqımız üçün məşum 90-cı illərdə, daha yəqini, Xocalının işğalı günü bizim qadınların  hərəsi balası qucağında bir buz heykələ çevrilmişdi. Düşmənin qovduğu xocalıların zəif nicat qapısını  bəyaz stixiya da bir tərəfdən kəsəndə, aldığımız nəfəs ciyərlərimizi yandıranda  şəxsən mən “Buz heykəl”i düşünürdüm. Hətta belə ağır əsər də dərin lirizmi ilə heyran edir. Bu artıq ruhla bağlı bir məsələdir. Ə.Məmmədxanlının nəsrini Səməd Vurğunun şeiriyyəti ilə müqayisə etmək olar. Ümumiyyətlə, Ə.Məmmədxanlı yaradıcılığında realizm və romantizm üzvi şəkildə birləşir. Elə şəxsi həyatında da. Hekayələrinin, demək olar, hamısı minor sonluqla bitir.

          Nasirin yaradıcılığının əhəmiyyətli hissəsi Cənub mövzusuna həsr edilmişdir. II Dünya müharibəsi zamanı o, digər yazıçılarımız kimi Sovet ordusu sıralarında İranda olmuş, o tayda baş verənləri əsərlərinə köçürmüşdür. Müdriklərdən biri deyib ki, insan həyatı epopeya, ömrün illəri hərəsi bir hekayədir. Və əgər bu adam, üstəlik, əli qələmlidirsə, yaşadıqları duyğu və düşüncələrə geniş üfüqlər açır. Arazın o biri sahili Şimali Azərbaycan şair və yazıçıları üçün həmişə həssas mövzu olmuş, “sarı sim”ə toxunmayan, gərək ki, qalmamışdır. “Od içində” pyesi 1941-46-cı illərdə Cənubi Azərbaycanda gedən azadlıq hərəkatına, onun 1945-46-cı illər dövrünə, məğlubiyyətinə və acı dərslərinə həsr olunmuşdur. Əsərdəki detallı təsvirləri oxuduqca düşünürsən ki, bir xalqı zülm, istibdadla nə qədər sınamaq olar? Bir xalqın başına necə bəlalar gətirmək, bölmək, terror etmək olar? “Təbriz yenə qan içində çalxalanır, od içində yanırdı”, “Azərbaycandakı anarşıya son qoyulmuş, milli ruznamələr, məktəblər bağlanmışdır. Amma azəri dilindəki kitablar nə qədər yanırsa, qurtarmır…” “Od içində” həm adından, həm bütöv Vətən, onun azadlığı ideyası baxımından Y.V.Çəmənzəminlinin “Qan içində” və ya “İki od arasında” romanı ilə səsləşir. Hər iki əsərdə Azərbaycanın iki qonşu dövlətin əlində qalmağından, düçar olduğu fəlakətlərdən danışılır.

          Yazıçı 1940-50-ci illərdə  bir-birinin ardınca “Şərqin səhəri”, “Od içində”, “Şirvan gözəli” kimi ona şöhrət gətirən dram əsərləri yazmaqla  özünü dramaturq kimi də təsdiq edir. Bu səhnə əsərləri illərlə teatrların repertuarlarını bəzəyir. Ə.Məmmədxanlı pyeslərində quruluşun ideyalarını təbliğ etsə də, podtekst, ikinci dib, gizli dialoqlar vasitəsilə Azərbaycan həqiqətlərini auditoriyasına çatdıra  bilmişdir. Necə deyərlər, məna haqqında düşün, sözlər özü gələcək, sahibi də götürəcək. Nazim Hikmətin  “Şirvan gözəli” haqqında dedikləri  bu düşüncənin davamı və təsdıqidir: “Əsl məqsədinizi dolayı yolla deyə bilmisiniz”. Satıcı kimdir, alıcı da odur.

          “Şərqin səhəri”ndəki hadisələr 1919-20-ci illərdə  Bakıda cərəyan edir və tariximizin mühüm dövrünün geniş mənzərəsini əks etdirir. “Abşeronda Avropa Asiyanı sıxışdırırdı. Xarici neft firmaları yerli neft sahibkarlarına göz verirdi, işıq vermirdi”.  Pyesdə bənzətmələr  iki, əslində, üç dünyanın müqayisəsidir. Yoxsullar, ağalar və qırmızılar… Bir tərəfdə “qapqara buruqlar arasında bir boşqab səməniyə bənzəyən bapbalaca bağça”, bir tərəfdə “o bir əlcə yerə” göz dikən xozeyin… “Qapqara cəhənnəm kimi neft mədənlərində ağ atlar qoşulmuş faytonda ağ paltar geyinmiş qız”… Mazutlu göldən əsgi ilə neft yığan uşaqlar. Bir tərəfdə qara, bir tərəfdə ağ, bir tərəfdə “qırmızı”. Az yaşayan Cümhuriyyət dövrünə ədəbiyyatımızda çox müraciət edilmiş, dövrün diktəsindən qırmızı irtıca süddən çıxmış ağ qaşıq kimi göstərilmiş, həqiqət onun arxasında qalmışdır. Lakin bunun özü də bir bədii priyomdur. Unudulmağa qoymamaq! Sovet dövrü klassiklərimizdən birinin dediyi kimi, “Rəsulzadə adını eşidən gələcəyin oxucusu maraqlanacaq, açıb-araşdıracaq”.  Məqsəd çox halda buna hesablanmışdı. O dövrdə başqa cür mümkün deyildi, sözünü deyən ən yaxşı halda Sibirə göndərilirdi. Susanın da yolu ora idi, tərifləyənin də. Bəxtəbəxt idi. 1947-ci ildə yazılmış bu əsərə bir də bu gündən baxaq. Əsərdə Bəhruzla Dilarənin məhəbbətinin fonunda dramlar yaşanır, şəxsi və milli faciələrin şahidi oluruq. Hamı qaçanda Ağalarov deyir: “Siz gedin, mən qalıram. Mən bu torpaqdan ayrıla bilmirəm. Sinnim altmışı keçib, amma bir dəfə də olsun, bu başıbəlalı şəhərdən qırağa ayaq basmamışam. Sizin kimilər xoşbəxtdir, nə malınız var, oğru apara, nə imanınız var, şeytan apara”.  Əlavə də olunur: “Onun dövr-aləm səyahəti həmişə Mərdəkan bağlarında qurtarırdı”.  Etiraf edək ki, inqilabın düşməni üçün bu mövqe yumşaqdır, nifrət yerinə simpatiya yaradır, “gün gələr, qayıdarıq” da gələcəyə bir mesaj kimi görünür. Akademik Dram Teatrında tamaşaya qoyulan “Şərqin səhəri” SSRİ Dövlət mükafatına layiq görülmüşdü.

          Ə.Məmmədxanlının ən gözəl və yaddaqalan əsərlərindən biri də “Şirvan gözəli” lirik komediyasıdır. Bu ha tərəfdən baxsan, tipik sovet əsəridir. Pyes elmdə ehkamçılığa, dayaz düşüncənin tənqidinə həsr edilmişdir. Meşşanlığın gülüş hədəfinə çevrilməsi, professorlar – Vahidovlar və Zakirovlar ailələrinin elm və məişət zəminində gedən ixtilafları və onların övladlarının sevgisinin təntənəsi əsərin sadə süjet xəttini təşkil edir. “Şirvan gözəli” onun yaradıcılığında yeni bir abzasdır, komediyaya müraciət edən yazıçı təkrar bu janra  dönməmişdir. Bu sintezdən ilk dəfə  A.P.Çexov öz dram əsərlərində istifadə etmişdi. Lirik komediyanın xarakterik xüsusiyyətlərindən birincisi personajların sərt şəkildə mənfi və müsbətə bölünməməsidir. “Şirvan gözəli” haqqında akademik Bəkir Nəbiyev yazırdı: “Onun komik  vəziyyətlər yaratmaq, komik konfliktin açılmasında lirik çalara ölçü duyğusu ilə yer vermək, idealın bərqərar olması üçün gülüşdən incə bir vasitə kimi faydalanmaq bacarığı bu əsərin mahiyyətini müəyyən edir”.

          Ə.Məmmədxanlı ömrünün son 20 ilini  görkəmli sərkərdə və siyasi xadim, qəhrəmanlıq simvolumuz Babəkin xalq azadlığı uğrunda apardığı mübarizəsinə həsr etdiyi mövzu üzərində çalışmışdır. Yazıçı  sözün birbaşa mənasında Babək dünyasına qərq olmuş, “tarixi hadisələri, Babəkin şəxsiyyətini, dövrün siyasi, fəlsəfi, dini çərəyanlarını dərindən öyrənmiş”,  tarixi həqiqətə yaxınlaşmışdır. Onun iş otağı, yazı masası 20 il izi itmiş tarixlə nəfəs almış, döyüş meydanına çevrilmiş, burada 225 mindən artıq ərəb əsgəri və sərkərdəsi “məhv edilmişdir”.  “Babək” romanının orijinal təhkiyə üslubunu yazıçının bütün tədqiqatçıları qeyd edir. Elə qələm adamları var ki, sözlə çox gözəl “oynayırlar”, lakin qurduqları süjet banal, darıxdırıcıdır. Ə.Məmmədxanlının əsərlərində  poetik istedadla mövzu, məzmun bir-birini tamamlayır. Onun ssenarisi  əsasında rejissor Eldar Quliyev 1979-cu ildə tammetrajlı, 2 seriyadan ibarət “Babək” bədii filmini çəkmişdir. Ssenari yazmaq əsl sənətdir, əsərdən fərqli olaraq, kinonun formatına uyğunlaşmaq var. Özü də belə mürəkkəb mövzunu. Kim isə deyib ki, əsərin  ekranlaşdırılması fili çamadana yerləşdirməyə bənzəyir. Lakin yazıçı bu işin öhdəsindən məharətlə gəlmiş, ən əhəmiyyətli, təsirli səhnələri ssenariyə daxil edə bilmişdir. Afşinin böyük Babəkə ittifaq  təklif etməsi filmin ən uğurlu epizodlarındandır. Afşin “İran mənim olsun, Azərbaycan sənin” – deyir. Dünyada yeni müharibələr, torpaq davaları, qardaş qırğınları başlayanda həmin dialoq yada düşür.  Bəşəriyyət –üstündən əsrlər keçməsinə baxmayaraq, hələ də dünyanı bölüb qurtara bilməyib. 838-ci ildə qalıb. Filmin Naxçıvanda gedən çəkilişləri üzüm yığımına təsadüf etdiyi üçün əhali kütləvi səhnələrdə iştirak edə bilmirdi. Ümummilli liderimiz Heydər Əliyev hər zaman olduğu kimi, bu dəfə də məsələni operativ şəkildə filmin xeyrinə həll edir: “Eybi yox, Naxçıvan bu il üzümü az yığsa da, olar”, – deyərək, massovkanın  təminatının təşkili üçün tapşırıq verir. “Babək”ə üzdəniraq qonşularımız tərəfindən hücumlar, təzyiqlər olsa da, tarixçilərimiz, elə müəllifin özü onları susdura bilmiş, sərkərdənin erməni millətindən olan Səhl ibn Sumbatın satqınlığı nəticəsində ələ keçdiyi tarixi faktlarla sübuta yetirilmişdir. Əslində, erməni xəyanətkarlığının kökləri və ənənələri daha qədim zamanlara gedib çıxır, necə deyərlər, şeytan hər zaman oyaqdır.  Bu gün də “Google”da “Spartakı kim satıb?” axtarışı versək,  kilikiyalı pirat tərəfindən aldadılıb məhv edildiyi faktı aşkarlanacaq.  Əlavə də olunacaq ki, kilikiyalılar müasir ermənilərin babalarıdır. Bu qədər bəsit. Hətta bizim olmayan belə yuxuyozma da var ki, əgər yuxuda erməni görmüsünüzsə, çox ehtiyatlı olun. Sizi ya aldadacaqlar, ya da xəyanət edəcəklər. Film böyük müvəffəqiyyət qazanmış, 60 ölkə tərəfindən alınmışdır. Azərbaycan SSR-in ən bahalı filmidir. “Babək”dən heç cür ayrıla bilməyən Ə.Məmmədxanlı 1975-ci ildə “Xürrəmilərin ağ şahini” dramını yazır. Bununla da ürəyi soyumur, mövzu üzərində işi  “Babək” romanı ilə davam etdirir. Beləliklə də,  “milli ədəbiyyatımız qiymətli, dolğun məzmunlu və orijinal keyfiyyətli tarixi bir romanla zənginləşdi”. Roman yazıçının ölümündən sonra işıq üzü görmüşdür. Deyirlər, qəhrəmanlar ölmür, onların ömrü xalqının ömrü qədər olur. Hər il Babəkin rəmzi doğum günü – 26 iyun tarixində Güneydəki  azərbaycanlılar Babəkin ruhuna ehtiram olaraq Bəzz qalasına yürüş keçirirlər.

          Bundan başqa, Ə.Məmmədxanlı “Fətəli xan”, “Leyli və Məcnun” filmlərinin, “Bəxtiyar” kino-novellasının ssenari müəllifidir.

          Yaxşı əsər qəhrəmanını sevdirir, alababat əsər müəllifdən bezdirir. Ə.Məmmədxanlı vergili yazıçı idi. Onun vergisi tarixə dərindən bələdliyində, vətənpərvərliyində, humanizmində, bənzərsiz üslubunda, ədəbiyyata şair təbində, nasir qələmli gəlməsində idi. Onun haqqında deyirdilər: “Böyüklüyü az yazmasında və gözəl yazmasındadı”. İkinci hissənin adı üstündədir. Fikrin birinci tərəfinə gəldikdə isə, heç də az yazmadığını düşünürəm. Mətbuatda az çıxış etməsi, çox müsahibə verməməsi belə qənaətə gəlməyə əsas vermir. Ə.Məmmədxanlı ciddi yazıçıdır, nüsxədir, kəmiyyət arxasınca qaçmır, söz ştamplamır, lakin məhsuldarlığı da yetərincədir. Səsini deyil, sözünü yüksəldir.

          Və əlbəttə ki, Ə.Məmmədxanlının yaradıcılığından danışarkən onun tərcümələrinə toxunmadan keçmək olmaz. Yazıçı bu barədə belə deyirdi: “Yazmaq sağ qolumdursa, tərcümə sol qolumdur. Ömrü boyu qara çörəyim tərcümədən çıxıb”. Tərcümə sənəti əsl yaradıcılıq olsa da, qədribilinməz bir işdir, elə bir gəlir  gətirmir, tərcüməçi də kölgədə qalır. Ə.Məmmədxanlının Avropa və rus klassiklərindən etdiyi tərcümələr əsl peşəkarlıq nümunələri, özünün “avtoportreti”dir. Azərbaycan dilinin zəngin imkanlarından ustalıqla istifadə edib U.Şekspirin, Q.Floberin, T.Drayzerin, A.S.Puşkinin, M.Qorkinin əsərlərini dilimizə tərcümə etmişdir. Tərcümədə tək hər iki dili bilmək kifayət etmir, ilham və entuziazm da bəs deyil. Sən istəyən nəticə üçün  ilk növbədə əsərin ruhunu çevirmək, çatdırmaq  lazımdır ki, bunu yazıçı yüksək səviyyədə bacara bilmişdir.

          Ə.Məmmədxanlı uzun və çətin həyat yolu keçmişdi. Mənfur 37-nin ağrı-acısını bir başqa cür çəkmişdi. Sibirdə yox, varlığında, öz evinin içində. “Nəsrimizin xan çinarı” 37-dən bu tərəfə “həyatı ağrıya-ağrıya”, ancaq ayaq üstə, dimdik  yaşamışdı. Bu da bir növ işğal idi. Qəlbin, ruhun, hisslərin, düşüncənin işğalı. Yazıçı özü bu barədə deyirdi ki, elə dövr gəlmiş, faciənin miqyası o həddə çatmışdı  ki, həyatda oynanılan dramları qələmə almaq üçün yeni bir Şekspir lazım idi. “Stalin şineli rəngdə boz bir həyat qoyub getdi bizə”.Yazıçı Kamal Abdullanın təbirincə desək, Ə.Məmmədxanlı dövrünün son magikanlarından, fikir və söz zadəganlarından  idi. Son dərəcə həssas  insan olan Ə.Məmmədxanlı yeri gələndə sərt də ola bilir, sözünü deyir, yazıçı, ziyalı mövqeyini müdafiə edirdi. Mövlud Süleymanlının “Dəyirman” povesti sovet quruluşunun tələblərinə cavab vermədiyi üçün məhşər ayağına çəkiləndə onun müdafiəsinə qalxan birincilərdən olmuşdu. Əsəri yüksək qiymətləndirmiş, müəllifi belə qiymətli əsərə görə alqışlamışdı.

          Tənhalıq onun həyat tərzi idi, ondan asılıydı.  Deyərdim, qədəri yox, tərcihi idi. Onun tənhalığı darıxdırıcı yox, yaradıcı idi. Dörd bir yanı qələbəlik olan bu tənhalıq  ona güc verirdi. Kitablar  həmxanəsi, ailəsi idi. Ə.Məmmədxanlının ömür karvanı 1990-cı il soyuq bir qış günü əbədi dayandı. Lakin ədəbiyyat karvanı hələ də yol gedir və nə qədər ki zövqlü, qədirbilən oxucu var, oxunur, dayanmayacağına da əminlik yaradır.

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2023)