“Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət”i bu cür gözəl qələmə alınıb

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

 

 IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində ən maraqlı təqdimatlardan biri də Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət” və "Dövlət keşiyində" kitablarının təqdimat mərasimi oldu. Və dərhal deyim ki, Ulu öndərin ümumbəşəri sevgisindən bəhs edən bu möhtəşəm kitabı tədbir zamanı əldə edib gecə saatlarında bol təəssüratlarla oxuyub bitirdim. 

 

“Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət” kitabında Zərifə və Heydər Əliyevlərin boya-başa çatdığı ailələrindən, uşaqlıq və gənclik illərindən, həyatın bütün çətinliklərinə birgə sinə gərməyə kömək edən əbədiyaşar məhəbbətindən söhbət açılır.

"Dövlət keşiyində" əsəri isə Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyətindən bəhs edir.

 

İndi isə tədbir barədə. Tədbirdə çıxış edən "Şərq Qərb" nəşriyyat evinin baş redaktoru, gözəl tənqidçimiz Nərgiz Cabbarlı Elmira Axundovanın Heydər Əliyev irsinin öyrənilməsi istiqamətində çox böyük işlər gördüyünü bildirdi. 

O, “Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət” kitabının oxucuya yaxın bir dildə yazıldığını diqqətə çatdırdı. 

Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev haqqında çoxlu kitablar yazılıb, yalnız Elmira xanımın yazdığı əsərlər fərqlidir: "O kitablar zərif və gözəl üslubda yazılıb". "Kitabların təqdimatının Heydər Əliyevin 100 illiyində keçirilməsi çox əlamətdar hadisədir. Həmçinin qeyd etmək istərdim ki, Elmira xanımı Heydər Əliyevin salnaməsi hesab etmək olar", - deyə Səlim Babullaoğlu əlavə etdi. 

 

Xalq yazıçısı Elmira Axundova kitabların yaranması haqqında danışdı. O, uzun illər ərzində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin tədqiqatçısı kimi dahi rəhbər barədə çoxlu sayda kitab ərsəyə gətirdiyini bildirdi. 

Sonra tədbir sual-cavab formatında davam etdi. Və təqdimat zonasına toplaşmış hər bir kəs oradan bol təəssüratla ayrıldı.

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2023)