Argentinalı yazıçı Eduardo Sakerinin “Gözlərindəki sirr” kitabı təqdim olunub

Rate this item
(0 votes)

“Qanun” Nəşriyyat Evi ölkənin ədəbi həyatını daha da rəngarəng etmək sahəsində növbəti addımı atıb. Argentinanın Azərbaycandakı səfirliyi və “Qanun” Nəşriyyat Evinin təşəbbüsü ilə Bakı Fotoqrafiya Evində tanınmış argentinalı yazıçı Eduardo Sakerinin  “Gözlərindəki sirr” kitabının təqdimatı keçirilib. Yazıçı özü də “Zoom” platforması vasitəsilə keçirilən təqdimata qatılıb. Sözügedən romanı dilimizə Azərbaycan Dillər Universitetində ispan dili tədris edən baş müəllim Aytən Əliyeva tərcümə edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Argentinanın Azərbaycandakı səfiri xanım Marianxeles Belluşi tədbir iştirakçılarını salamlayaraq, azərbaycanlıların onun  ölkəsinə, xüsusən də məşhur yazıçı Eduardo Sakerinin yaradıcılığına olan sevgilərindən məmnunluğunu ifadə edib. 

Xanım Marianxeles Belluşi romanın Azərbaycan dilinə nəşrinin Argentina Xarici İşlər Nazirliyinin bir neçə ildir həyata keçirdiyi Tərcümələrə Dəstək Cənub Proqramı sayəsində mümkün olduğunu söyləyib. Qeyd edilib ki, PROSUR milli müəlliflərin ispan dilində nəşr olunan əsərlərinin istənilən dilə tərcüməsi üçün subsidiyalar verməklə, Argentina düşüncəsinin və ədəbiyyatının bütün dünyada yayılmasını təşviq etmək məqsədi daşıyır.

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu çıxışında deyib ki, insanlar gedə bilmədikləri yerə kitab, sənət gedə bilir, sənətin, ədəbiyyatın da qüdrəti bundadır.

Daha sonra Aytən Əliyeva tədbirin təşkilinə görə Argentina səfirliyinə təşəkkür edib, əsərin tərcüməsi zamanı üzləşdiyi çətinliklərdən danışıb, onu ana dilimizə çevirməkdən məmnun olduğunu bildirib.

Tədbir sual-cavab formatında davam edib.

Xatırladaq ki, Eduardo Sakerinin Azərbaycan dilinə tərcümə edilmiş “Gözlərindəki sirr” kitabının təqdimatı V Milli Kitab Festivalı çərçivəsində keçirilib. “Gözlərindəki sirr” əsərini argentinalı yazıçı Eduardo Sakeri 2005-ci ildə yazıb və 2009-cu ildə həmin detektiv roman əsasında eyniadlı film çəkilib. Bu ekran əsəri 2010-cu ildə “Ən yaxşı xarici film” nominasiyasında Oskar qazanan ikinci Argentina filmidir.

Eduardo Alfredo Sakerinin 55 yaşı var, o, həm yazıçı, həm də tarix üzrə professordur. 

 

Şəkillərdə: Təqdimat mərasimindən görüntülər; Eduardo Sakeri və ona uğur gətirən kitab

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)