Şəhid mayor Emin Süleymanovun xatirəsinə həsr edilmiş “Qutsal yolçu” kitabının təqdimatı keçirilib

Rate this item
(0 votes)

Beynəlxalq Muğam Mərkəzində Vətən müharibəsi şəhidi, mayor Emin Süleymanovun xatirəsinə həsr olunmuş “Qutsal yolçu” kitabının təqdimat mərasimi keçirilib. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi, “NƏFƏS” İctimai Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidin ailə üzvləri, şəhid anaları, qazilər, aydınlar, ictimaiyyət nümayəndələri, jurnalistlər, ictimai fəal gənclər iştirak edib.

 

Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərin və qardaş Türkiyədə bu ilin fevralında baş vermiş dəhşətli zəlzələdə həyatını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin aparıcısı MM Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı qeyd edib ki, gənc şair, yazıçı, publisist Şahanə Müşfiqin müəllifi olduğu “Qutsal yolçu” kitabı şəhidlərimiz haqqında yazılmış kitabların, nəşrlərin növbətisidir. Kitab "Nəfəs" İctimai Birliyinin sədri Firəngiz Balakişiyevanın dəstəyi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə çap olunub.

“NƏFƏS” İB-nin sədri Firəngiz Balakişiyeva şəhid mayor Emin Süleymanovun həyat yoluna nəzər salıb. O, “NƏFƏS” İB-nin yarandığı gündən şəhid ailələrinin, yaralı qazilərin yanında olduğunu, müxtəlif layihələrlə şəhidlərimizin həyat və döyüş yolunun öyrənilməsinə, təbliğ və tərənnümünə öz töhfələrini verdiyini bildirib.

Çıxışına davam edən Firəngiz Balakişiyeva Vətən uğrunda canını fəda etmiş şəhidlər haqqında bu cür kitabların gün üzü görməsinin çox vacib olduğunu vurğulayıb:

“Şəhidlik zirvəsinə yüksələn insanlar heç bir zaman ölmür, əksinə, şəhadətləri ilə əbədilik qazanır. Ölən bizlərik, şəhidlər isə tarix səhifələrindədir və xalqımızın yaddaşında əbədi olaraq qalır. Bəli, müharibənin bitdiyi ilk vaxtlarda bir araya toplaşıb deyirdik ki, vaxt gələcək hər bir şəhidimiz haqqında kitablar yazılacaq, onların keçdiyi yollardan filmlər çəkiləcək, gənc nəsil də bu kitabları oxuyub, filmlərə baxıb, fəxr edəcək. Düşünürəm ki, indi həmin günlərdən biridir. Bütün şəhidlərimizə Tanrıdan rəhmət diləyir, Vətənimizin başından qara buludların həmişəlik çəkilməsini arzulayıram”.

Təqdimat mərsaiminin dəstəkçisi – Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tədbirdə çıxış edərək, ürək sözlərini bölüşüb:

“Əziz şəhid anaları, xanımları, bacıları! Dəyərli qazilərimiz, aydınlarımız və vətəndaş cəmiyyətinin qiymətli təmsilçiləri!

Qarşıdan Novruz bayramı gəlir. Ən əziz bayramlarda ən əziz insanlar – ilk növbədə şəhid anaları, şəhid ailələri yada düşür.  Sizin hər birinizi ürəkdən salamlayır, qarşıdan gələn milli bayramımız Novruz münasibəti ilə ən xoş diləklərimi yetirirəm!

Qardaş Türkiyənin “İstiqlal Marşı”nı yazmış görkəmli şair Mehmet Akif Ərsoy “Çanaqqala şəhidlərə” şeirində deyir: “Ey şəhid oğlu şəhid, İstəmə məndən məqbər, Sənə ağuşunu açmış, duruyor Peyğəmbər”. Peyğəmbər əfəndimizin ağuşunu açıb gözlədiyi şəhidlərimizin qarşısında baş əyirik. Başqa bir Türk şairi Mithat Cemal Kuntay isə bir şeirində belə deyirdi: “Bayraqları bayraq edən üstündəki qandır, Torpaq əgər uğrunda ölən varsa Vətəndir”! Vətən kimi oğullar doğan analar, Vətən kimi oğullar yetişdirən atalar, sizin də qarşınızda baş əyirik. Qazilərimizə, müharibə iştirakçılarımıza da bildirmək istəyirəm ki, sizin fədakarlıqlarınızı heç bir zaman unutmayacağıq. Bu gün hamımız şəhid mayor Emin Süleymanovun xatirəsinin işığına toplaşmışıq. Bu, əslində hamımızın bir vəfa borcudur. Bu cür tədbirlərin keçirilməsi çox vacibdir. Bununla biz gənc nəslə şəhidlik məqamının necə uca olduğunu bir daha göstərmiş oluruq”.

Mədəniyyət Komitəsinin sədri çıxışında şəhid adının ucalığına toxunaraq bildirib ki, şəhidlər müqəddəs amalları, əziz adları ilə əbədi yaşayır.

Sözünə davam edən Komitə sədri kitabın hazırlanmasında, təqdimatında əməyi olan hər kəsə təşəkkür edib, bu cür kitabların daha çox nəşr olunmasının vacibliyini vurğulayıb. – “Sonda şəhid qardaşımıza həsr olunan “Qutsal yolçu” kitabının ərsəyə gəlməsində iştirak edən gənc yazar, jurnalist Şahanə Müşfiqə, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyevaya, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşara və bu tədbirə təşrif buyurmuş hər kəsə öz təşəkkürümü bildirirəm”!

Şəhid Emin Süleymanovun həyat yoldaşı Məhsəti Süleymanova çıxışında hər kəsə təşəkkürünü bildirib, həyat yoldaşı ilə qürur duyduğunu, bu kitabın başlanğıc olduğunu deyib.

“Şəhid Emin Süleymanov haqqında yazılmış bu kitab şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün etdiyimiz işlərin növbətisidir” deyən kitabın müəllifi Şahanə Müşfiq şəhidlər haqqında yazmağın bir vətəndaşlıq borcu olduğunu vurğulayıb, bu yolda ona dəstək olan hər kəsə təşəkkür edib.

“ZİRVƏ” Şəhid ailələrinə dəstək İB sədri Sevinc Orucova, Şəhid mayorun rəhbərliyi ilə döyüşmüş qazi Musa Əsgərov, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, şəhidlər haqqında kitabların müəllifi Manya Səxavətqızı çıxış edib, kitab haqqında, şəhidin həyat və döyüş yolu haqqında danışıb.

Müəllif bildirib ki, “Qutsal yolçu” kitabında şəhidin ailə üzvləri, döyüş yoldaşları, əsgərləri, məktəb müəllimləri, qohumları və dostlarının xatirələri ilə yanaşı, dövri mətbuatda Emin Süleymanov haqqında çıxan yazılar, şeirlər də yer alıb.

Tədbirin bədii hissəsində Əməkdar artist Nuriyyə Hüseynova vətənpərvərlik mövzulu mahnılarla çıxış edib. “Azərbaycan Vətən Müharibəsi Veteranları” İB-nin “Əsgər məktubu” sənət layihəsinin rəhbəri Fərahim Sadiq qazilərdən ibarət heyətlə “ Yaralı da, şəhid də var, Ölənimiz yoxdur, ana!” sözləri ilə süslənmiş mahnını ifa edib.

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)