Heç vaxt sönməyəcək bir ocaq Featured

Rate this item
(0 votes)

Öz içindən yanan bir ocağam mən,
Yandıqca daha gur yanacağam mən!

 

Bu sətirlər onundur, Mirvarid Dilbazinin. O Mirvarid Dilbazinin ki, martın 2-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda hamı onun işığına yığışmışdı, 

 “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin hazırladığı “Öz içindən yanan bir ocağam mən” kitabının təqdimatı keçirilirdi.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir 110 illiyini qeyd etdiyimiz Xalq şairi Mirvarid Dilbazinin zəngin ədəbi irsinə lirik, ictimai məzmunlu şeirlər, “Məhsəti”, “Əlcəzairli qız”, “Partizan Aliyə”, “Avey dağla söhbət” və digər poemaları, “Xocalı fəryadı”, “Məhsəti” pyesləri daxildir. Xaqani Şirvani, Nizami Gəncəvi, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuil Marşak və başqa şairlərin əsərlərini, Evripidin “İppolit” faciəsini dilimizə tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub. Bəstəkarlarımız Mirvarid Dilbazinin sözlərinə mahnılar yazıblar. Ağabacı Rzayevanın onun “Çoban Qara”, “Evimizə gəlin gəlir”, “Anam yadıma düşdü”, “Laylay”, “Azərbaycan elləri” şeirlərinə yazdığı mahnılar bu gün də sevilə-sevilə dinlənilir. Və əlbəttə ki, Mirvarid Ana heç vaxt unudulmayacaq. Və onun xatirəsinin yaşadılmasında “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin də rolu böyükdür. 

Elə tədbiri də birliyin sədri Güllü Eldar Tomarlı açdı, kitab haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, kitabda Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin 85 illiyinə həsr olunmuş yubiley tədbirindəki çıxışlar və görkəmli şəxslərin fikirləri, haqqında yazılan məqalələr, şairə həsr olunmuş şeirlər, fikirlər yer alıb: “Bütün bunlar Mirvarid Dilbazi adına, yaradıcılığına sevgidir, böyük dəyərdir. Bu gün Mirvarid Dilbazi haqqında işıq üzü görən yeni kitab istəkli oxucuların ixtiyarına verilir”. 

Tədbirdə çıxış edən ziyalılar, Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi, tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanov, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, filologiya elmləri doktoru Fəridə Ləman, Tibb Universitetinin baş müəllimi Aidə Bəndəliyeva, publisist-politoloq Reyhan Mirzəzadə, şair Zaməddin Ziyadoğlu, rəssam Qafar Sarıvəlli və söz adamları, poeziya vurğunları kitab haqqında təəssüratlarını bölüşdülər.

Kitabın redaktoru Güllü Eldar Tomarlı, məsləhətçisi Səbuhi Ordubadlı, texniki redaktoru və çapa hazırlayanı Vüsal Sehranoğlu, rəyçilər- AYB Qazax zona bölməsinin sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal, filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin idarə heyətinin üzvü Səringül Sadədir.

 

Əslim - Dilbazilərdən

Mərdlər böyüdən yerdən,

Südüm mələk südüdür,

Sərvətim nəğmələrdən -

Özüm də Dilbaziyəm

Azərbaycan qızıyam! -deyir Mirvarid Ana. Və haqq edərək deyir!

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2023)