“Göz yaşımı kim silə?!” - TÜRKSOY Əhməd Cavadın şeirlərini təqdim etdi Featured

Rate this item
(0 votes)

Soranlara mən bu yurdun,
Anlatayım nəsiyəm:
Mən çeynənən bir ölkənin
Haqq bağıran səsiyəm.
Mən şairəm, doğru amma
Başqa dilim, diləgim.
Bu gördüyüm viranədə
Nə nəşidə söylədim?
Toxundumu yazdıqlarım
Qəlbin incə telinə?
Bax nə haqsız bir axın var
Yoxsulların elinə?..
Sən nə dersən bu sevdalı,
Həm bu derdli gedişə?
Ey yanmın həsrətilə
Boynu bükük bənövşə?
Mən qıyamam yar gəlirkən
Salladığım məndilə.
Ah ey fələk, ağlar isəm,
Göz yaşımı kim silə?

 

Bu, Azərbaycanın istiqlal şairi Əhməd Cavadın “Mən kiməm” şeiridir. Onun anadan olmasının 130 illiyi ilə əlaqədar Milli Kitabxanada tədbir təşkil olundu və kitabxananın nəşr etdirdiyi “Əhməd Cavad: Biblioqrafiya” və TÜRKSOY-un nəşr etdirdiyi “Əhməd Cavaddan seçmə şeirlər” kitablarının təqdimatı keçirildi. Həmin bu şeir də TURKSOY-un seçmə şeirlərinin tacı idi. 

 

Mədəniyyət Nazirliyinin, TÜRKSOY-un və Milli Kitabxananın birgə təşkilatçılığı ilə təşkil olunan tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirdi hər iki nəşr çox dəyərli abidədir. Sonra natiq kitabxana tərəfindən tərtib olunan “Əhməd Cavad: Biblioqrafiya” kitabından geniş bəhs etdi, bildirdi ki, görkəmli şair haqqında son vaxtlara qədər çap olunan bütün materiallar bu kitabda  əhatə edilib. 

Milli Kitabxananın TÜRKSOY-la 2006-cı ildən etibarən əməkdaşlıq etdiyini qeyd edən K.Tahirov bildirdi ki, bu ənənə hələ də davam etməkdədir. 

Tədbirdə çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Rayev rəhbərlik etdiyi təşkilatın bir çox mədəniyyət adamlarının yaradıcılığının işıqlandırılması istiqamətində reallaşdırdığı layihələrdən danışdı. Azərbaycan şeir sənətinin görkəmli nümayəndələrindən olan, qiymətli əsərlər müəllifi Əhməd Cavad haqqında kitabların hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür etdi. 

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli bildirdi ki, Mədəniyyət Nazirliyi TÜRKSOY ilə birlikdə bir çox layihələr həyata keçirib. Bu layihələr türk dünyasının gücünün göstəricisidir. Əhməd Cavadın Ankarada heykəlinin qoyulması, eləcə də silsilə tədbirlərin təşkili TÜRKSOY-un ona verdiyi dəyərin nümunəsidir. 

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında bildirdi ki, Əhməd Cavad türk dünyasının böyük şairidir və daim türk xalqlarının birliyi üçün çalışıb. Bu baxımdan “Çırpınırdın Qara dəniz” şeiri çox böyük əhəmiyyətə malikdir. O, Türkiyədə Əhməd Cavadın kitabının nəşr olunmasına çox şad olduğunu bildirdi. 

TÜRKSOY-u türk dünyasının UNESCO-su adlandıran AMEA-nın prezidenti, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibəyli qeyd etdi ki, himn yazmaq böyük bir tarixdir. Ə.Cavad bununla öz adını Azərbaycan tarixinə qızıl hərflərdə həkk edib. Akademik daha sonra Milli Kitabxananın hazırladığı biblioqrafiyanın əhəmiyyətindən bəhs edərək, dedi ki, bu biblioqrafiya dahi ədəbin nəsr əsərlərinin tədqiq olunmasında çox böyük əhəmiyyətə malikdir və yeni tədqiqatların başlanğıcı olacaqdır. 

Tədbirdə Əməkdar elm xadimi Qəzənfər Paşayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Nuri Aksu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli, Mədəniyyət Nazirliyinin TÜRKSOY-da daimi nümayəndəsi Elçin Qafarlı, ADPU-nun Türk araşdırmaları bölməsinin müdiri, professor Elman Quliyev çıxış edərək Əhməd Cavadın yaradıcılığını çox yüksək qiymətləndirdiklərini və onun adının Azərbaycan ədəbiyyatında daima yaşayacağını qeyd etdilər. 

Bildirdilər ki, maarifçi və ictimai xadim Əhməd Cavad bizim ədəbiyyatımızın, mədəniyyətimizin, tariximizin qurucusudur. Dahi şair nəinki Azərbaycan himninin, həm də ilk hərbi marşın müəllifidir.

Əhməd Cavadın nəticəsi Cavad Axundzadə ailəsinin adından çıxış edərək, belə bir tədbiri təşkil etdiyi üçün Mədəniyyət Nazirliyinə, Milli Kitabxanaya və TÜRKSOY-a təşəkkürünü bildirdi. 

Sonda TÜRKSOY-un Baş katibi professor Sultan Rayev başçılıq etdiyi təşkilatın on illər ərzində Azərbaycan Milli Kitabxanası ilə sıx əməkdaşlığına böyük töhfə verdiyinə görə TÜRKSOY-un xatirə hədiyyəsini Milli Kitabxananın direktoruna təqdim etdi. 

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)