Elmira Axundovanın kitabı təqdim olunub

Rate this item
(0 votes)

 

Əslən bakılı olan Saşa İvanov barədə 

 

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq yazıçısı, siyasi xadim, publisist, diplomat Elmira Axundovanın “Rus azərbaycanlı – Saşa İvanov” kitabının təqdimatı və Aleksandr İvanovun xatirə gecəsi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə görkəmli ictimaiyyət nümayəndələri və mədəniyyət xadimləri, Aleksandr İvanovun həmkarları, dostları, doğmaları və yaxınları iştirak ediblər.

Aleksandr İvanov Bakıda anadan olub. Uzun illər ərzində SSRİ Dövlət Təhlükəsizlik Komitəsində işləyib, Ulu Öndər Heydər Əliyevin şəxsi mühafizəsinə rəhbərlik edib. 2005-2017-ci illərdə “İnterfaks-Azərbaycan” informasiya agentliyinin baş direktoru olub. 

Kitabda Aleksandr İvanovun doğmalarının və dostlarının xatirələri, onun haqqında məqalələr, eləcə də həqiqətən də çox pərəstiş etdiyi Heydər Əliyev ilə işlədiyi illər haqqında özünün dəyərli xatirələri yer alıb. O, parlaq şəxsiyyət olub. Onunla yaxınlıq edən hər kəs onun dostluqda və sevgidə vəfalı olduğundan, yalanı, xəyanəti, qorxaqlığı qəbul etmədiyindən, səriştəsindən və erudisiyasından danışırdı. 

Kitabın təqdimat mərasiminin rəsmi hissəsinin əvvəlində Səməd Vurğun adına Akademik Rus Dram Teatrının direktoru, Azərbaycanın Xalq artisti Aleksandr Şarovski Aleksandr İvanovun həyatının əsas mərhələlərindən danışıb. 

Sonra Elmira Axundova onun həyatının bəzi məqamlarına nəzər salaraq kitabdan parçalar oxuyub: “...Saşa sağlığında dəfələrlə söyləyib ki, Bakıda, anasının yanında dəfn olunmaq istəyir. Düzdür, o, ömrünün yarısını keçirdiyi və çoxsaylı dostlar qazandığı Moskvanı da sevirdi. Nədənsə mənə elə gəlir ki, onu orada yuxarıda eşidiblər: o, Moskvada dünyasını dəyişib. Onu isə əbədi olaraq buraya - Bakıya gətiriblər. Çünki hər halda o, Bakını daha çox sevirdi...”. 

Müəllif dinləyiciləri Aleksandr İvanov haqqında xoş xatirələr dünyasına qərq etdi. İştirakçılar bir anlıq onunla bağlı unudulmaz günlərə qərq oldular. Lakin onun ən əziz xatirələri Ümummilli Lider Heydər Əliyevlə bağlı olub. “BAM-a (qeyd - Baykal-Amur magistral xətti) ezamiyyət təxminən yarım ay davam edib. Harada oldu qalırdılar - hərdən vaqonlarda, helikopterdə yatırdı... BAM-da o, Şimali Muy tunelində Nazirlər Şurasının müşavirəsini toplayıb. Təsəvvür edə bilirsiniz?! O, orada paltarda, uzunboğaz çəkmədə gəzirdi. Onu tamamilə yenidən geyindirdilər - hər cür trikotaj, yastıqlı gödəkçələr, dəbilqələr, dizdən yuxarı rezin çəkmələr. Tuneldə hər şeyin damcıladığı, töküldüyü yerdə o, palçıqda irəliləyirdi. O, orada, bu dərinlikdə müşavirə keçirib. Bütün nazirlər, Mərkəzi Komitənin məsul vəzifəli şəxsləri toplaşmışdılar. Onlar bəlkə də həyatlarında ilk dəfə idi ki, belə vəziyyətə düşmüşdülər”. O, “Admiral Naximov” gəmisinin qəzasının təhqiqatı ilə bağlı xatirələrə, əziz dostu Aleksandr İvanovla bağlı şəxsi xatirələrinə xüsusilə toxundu... 

Aleksandr İvanovun həyat yoldaşı İrina İvanova bu kitabın hazırlanmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib. Daha sonra o, həyat yoldaşının əziz xatirəsinə həsr etdiyi bəstəsindən şeirlər söylədi. 

Tədbirdə A.İvanovun doğmaları, tanınmış dirijor, Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, Milli Məclisin deputatı Mixail Zabelin, həmkarları və başqaları çıxış edərək, bu nurlu insanla bağlı xatirələrini bölüşüblər. Onlar Aleksandr İvanovun necə fədakar, sadiq və gözəl insan olduğunu, Azərbaycanı bütün qəlbi ilə sevdiyini və onu Vətəni hesab etdiyini söyləyiblər. 

Gecədə musiqili kompozisiyalar təqdim edilib, səhnəcik nümayiş olunub. 

Daha sonra kitabın müəllifi nəşrdən daha bir parça oxuyub: “...Saşa Vətəninin maraqları ilə yaşayan, ona sədaqətlə, doğruluqla xidmət edən çox dəyərli rus azərbaycanlılarındandır. Buna görə də Vətən də ona sevgisini yüz qat qaytarır.

Biz sənsiz elə bil ki, kimsəsiz qaldıq. Axı, sən bir çox dostun üçün birləşdirici başlanğıc idin. Bu gün başqa bir dayaq nöqtəsini itirdik. Allah yerini behiştik eləsin, dostum! Sən layiqli bir həyat sürmüsən. Namərdlik etməmisən, başqalarının arxasında gizlənməmisən. Həmişə məsuliyyəti öz üzərinə götürməyə hazır olmusan. Biz səni sevirik...". 

Sonda Elmira Axundova gecənin bütün iştirakçılarına minnətdarlığını bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)