“Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq” Featured

Rate this item
(0 votes)

 

“Ədəbiyyat və incəsənət” portalı iki görkəmli ziyalımız - Kamal ABDULLA və Rafiq ƏLİYEV tərəfindən yazılmış “Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq” kitabı barədə sizlərə məlumat vermişdi. 

Bəs maraqlıdır, “Kitabi-Dədə Qorqud"da ilkin demokratik prinsiplər barədə müəlliflər nə düşünürlər? 

 

Bugünkü demokratik meyarlar "Kitabi-Dədə Qorqud"da yazılan tək "ol zamanlarda" olan kimi, əlbəttə ki, deyildir. Xalqın hakimiyyəti, hətta qədim demokratiya vətəni olan Elladada da bugünkü kimi deyildi. Volterin məşhur düsturu ("Mən sənə nifrət edə bilərəm, amma mən həyatımı verərəm ki, sən sərbəst şəkildə öz düşündüklərini deyə biləsən") müasir demokratiyanın himninə çevrilməzdən çox-çox əvvəl də bu və ya başqa, bəzən primitiv, bəzən pərakəndə halda müxtəlif cəmiyyətlərdə demokratik yanaşma cəhdlərinə rast gəlmək olurdu. Çünki demokratiya insanlığın kodlaşdırılması elementlərindən biridir və ona qədim inkişaf dövründən məxsusdur. Demokratiyaya, yəni, böyük əksəriyyətin mənafeyinə uyğun olan həyat tərzinə, münasibətlər məcmusuna meyil insanlıq tarixində özünün müxtəlif təzahür formaları ilə hansısa şəkildə özünü göstərməlidir. Bu əlamətlər hər bir xalqın ədəbi-mədəni sərvət daşıyıcısı olan qədim nümunələrində bu və ya başqa şəkildə yaşamaya bilməzdi.

"Kitabi-Dədə Qorqud" dastanında biz qədim (bunu primitiv, pərakəndə, ilkin də adlandıra bilərik) demokratik elementlərin ciddi "axtarışı"na heç zaman çıxmamışdıq. Bu barədə düşünmək ağlımıza belə gəlməmişdi. Amma dastanın bədii materialının dərinliklərinə endikcə, burada başqa elm sahələrinə məxsus dəyərləndirici materialla və yeni elmi aparatura ilə işlədikcə, onun potensialında yeni-yeni nüansların mövcudluğu ilə qarşılaşırıq və indi haqqında danışdığımız məqamın, yəni demokratiya elementlərinin orada yer alması bizi təəccübləndirməyə bilmir. Qeyri-səlis məntiq prinsiplərinin "Kitabi-Dədə Qorqud" dastanına ilkin tətbiqindən sonra dastandakı yeni, indiyə qədər diqqəti cəlb etməyən belə bir vacib məsələnin ortaya çıxması bizi, sözün yaxşı mənasında, heyrətləndirdi. Bu, demokratiya prinsiplərinin təsvirinin, əlbəttə ki, "ol zamanlara" aid prinsiplərin "ol zamanlara" aid təsviri zamanı mətnin alt qatında "gizlənib" qalması idi.

 

İlk öncə, qeyri-səlis məntiqdə Aristotel məntiqindəki "üçüncünü istisna" qanununun qüvvədən düşməsi məqamına diqqət edək. Aristotelin dediyi kimi, dünya, obyektiv gerçəklik heç də iki əks qütbdən ibarət deyilmiş. Böyük alim Zadə bunu 1965-ci ildə sübut etdi. İnsan ya ölü, ya diri olmaya da bilərmiş. "Kitabi-Dədə Qorqud" mətnində deyildiyi kimi, o bu iki qütbün ortasında da ola bilərmiş. Dastanda bu məqam "küçücük ölüm" adlandırılır. Dastan deyir: "Ol zamanlar" igidlər yatanda yeddi gün yeddi gecə yatardılar. Heç nə onları o yuxudan oyada bilməzdi." Müasir tibbdə buna "koma" deyilir. "Ölü və "diri" qütbləri arasında üçüncünün (küçücük ölümün) yer alması, əslində, təsəvvürdə gedən demokratikləşmə prosesindən xəbər verir. Yəni, qədim əcdadımızın iki əks qütbdən əlavə, daha bir haldan xəbərdar olması özünü göstərir. Deməli, qədim əcdadımız demokratikliyin əsas şərtlərindən birinin - variantların olmasını  ümumi şəkildə qəbul edir və bunu, hətta adı ilə (küçücük ölüm) adlandırır. Bununla da o, özünün seçim imkanını genişləndirmiş olurdu.

Qeyd etmək lazımdır ki, iki qütb arasında başqa halların olması və bununla seçim imkanının genişlənməsi dastanın mətnində adi düşüncə tərzi əlaməti kimi özünü göstərir. Burda, hətta üçüncü ilə yanaşı dördüncü, beşinci hallar da özünü göstərə bilir. Deməli, seçim imkanları daha geniş, müxtəlif "rənglərdə" mövcud imiş.

Məsələn, belə bir misala diqqət edək. Bayandur xanın məclisində oğlu-qızı olmadığı üçün Dirsə xanı qara çadıra yerləşdirirlər. O bunun səbəbini, ya özündən, ya da arvadından görür. Arvadı isə ona başqa səbəblər göstərir. Acları doyuzdurmadıqlarını, donsuzları geyindirmədiklərini, pulsuzlara mal-dövlət verməmələrini "məndən-səndən" səbəbli qütblərin arasına salır. Deməli, seçim imkanı yenə də genişləndirilmiş şəkildə nəzərə çarpdırılır. Dirsə xan xatunu ilə söhbətdə səbəbkarı axtarır və ona "bu bəla ya səndəndir, ya məndən" deyir. O, özündən xəbərsiz Aristotel məntiqinin sadiq davamçısıdır. Xatunu isə məsələnin qoyuluşunu daha geniş müstəviyə keçirir. İki qütb arasına başqa hallar qoyur və Zadədən əvvəl onun ideologiyasının nümayəndəsi kimi çıxış edir. Zadə özü də təsəvvür etməzdi ki, onun ideyalarını (iki qütb arasında sonsuz halların olmasını) ondan çox-çox əvvəl "Kitabi Dədə-Qorqud" dastanındakı Dirsə xanın xatunu bu cür gözəl şəkildə ifadə edəcək. Beləliklə, məsələ özünün "ağ-qara" təsvirindən çıxaraq, prinsip etibarilə, başqa rəngli təsvirə qədəm qoyur.

Seçim imkanının genişləndirilməsi (hətta təkcə "üçüncü" hesabına olsa da), obyektiv aləmdəki rəngarəngliyin yavaş-yavaş artıq qədim əcdadımızın diqqət orbitinə keçməsi demək idi. Bu isə, aydındır ki, demokratik yanaşmanın ilkin şərtlərindən biridir.

Demokratik düşüncə tərzi dastanda başqa cür təsvirlərdə də özünün təzahür formasını tapır. Burada qeyri-səlis düşüncə tərzinin çox-çox dərinliklərdəki büruzəsini görmək mümkün olur.

Qeyri-səlis məntiqin inersiyası ilə demokratik düşüncə tərzinin axtarışı bizi digər aspektlərdə özünü göstərən başqa maraqlı hallarla da qarşılaşdırır. Əhəmiyyətli olan budur ki, indiyə qədər bəzən dastanın ideoloji qatında son dərəcə mənfi dəyərli keyfiyyət kəsb etmiş bir obraz belə bir tədqiq nəticəsində tamamilə yeni, müsbət keyfiyyətlərə malik əlavə çalarlar kəsb edə bilir.

Məsələn, biz At ağızlı Aruz Qocanı Qalın Oğuza təfriqə salan, İç Oğuzla Dış Oğuz arasında qanlı münaqişəyə səbəb olan bir Dış Oğuz ağsaqqalı kimi dəyərləndirirdik. Məhz o, Dış Oğuzu İç Oğuza qarşı üsyana qaldırmışdı. Bu üsyan Oğuzdaxili qarşıdurmanın "Kitabi-Dədə Qorqud" dastanı vasitəsilə birinci bədii təsviri idi. "Kitabi-Dədə Qorqud"la bağlı bütün tədqiqlərdə bu qarşıdurma, belə deyək, lənətlənib. Bu münaqişənin bizim tədqiq obyektimizlə bağlı maraqlı səbəbini bu yeni yanaşma rakursundan qiymətləndirməyə çalışaq. Dastanın üst qatı bu münaqişənin səbəbini belə təqdim edir.

Qalın Oğuzun sərkərdəsi Salur Qazan ildə bir dəfə İç Oğuz və Dış Oğuz bir yerdə olarkən evini onlara yağmaladardı. Halalı Boyu Uzun Burla xatunun əlindən tutub çölə çıxar, bundan sonra İç Oğuz, Dış Oğuz bəyləri onun evinə girib istədikləri nə varsa, alıb gedərlərdi. Oğuz cəmiyyətinin bundan daha qədim, özəyində demokratik düşüncə tərzi ilə formalaşmış başqa bir ritualı, yəqin ki, yoxdur. Düzdür, kifayət qədər primitiv demokratik nümunədir, amma hər halda, bundan daha yaxşısı "ol zamanlarda" özünü göstərmir. Bəs nə baş verir ki, belə bir münasibət hökm sürən cəmiyyətdə daxili qarşıdurma baş verir, hətta əsas qəhrəmanlardan ikisi - Beyrək və Aruz Qoca bu münaqişə gedişatında məhv edilirlər?! Dastanın gizli qatında bu hadisənin belə bir səbəbini ortaya çıxarmaq mümkündür.

Bunun gizli səbəbi Salur Qazanın izahedilməz (hər halda, mətndə bununla bağlı heç bir izah yoxdur!) hərəkətidir. Son yağmaya o, Dış Oğuz bəylərini çağırmır, evini yalnız İç Oğuz bəylərinə yağmaladır. Deməli, əslində, demokratik təmələ bağlı ritualın pozucusu Salur Qazandır. Bəs belə isə, o zaman Aruz Qoca kimdir?!

Mətnin dərin sinergetikasından məlum olur ki, Aruz Qoca qədim demokratik ritualin pozulmasına qarşı çıxan, onun pozulması ilə barışmayan Dış Oğuz bəyidir. Əslində demokratiya uğrunda mücadilə aparan, həyatını qurban verən ilk Oğuz bəyidir. Onun hərəkətini ən ümumi şəkildə bu cür qiymətləndirmək olar.

İllər boyu ən müxtəlif yönlərdən tədqiq zamanı Salur Qazan Oğuzun birliyini qoruyan sərkərdə kimi qələmə verilib, Aruz qocanı isə bu birliyə zərbə vuran şəxs kimi qiymətləndiriblər. Sadəcə, öyrənmə rakursunu bir qədər dəyişsək və məsələlərə yeni demokratiya axtarışları işığında baxsaq, yeni nəticələrlə qarşılaşacağıq. Qeyri-səlis məntiqin işığında baxdıqda yaxşıların yamana, yamanların isə yaxşıya çevrilməsi o qədər də qeyri-təbii görünmür.

Sonda isə, bir daha onu qeyd etmək istərdik ki, "Kitabi-Dədə Qorqud" dastanında qədim demokratik prinsiplərin axtarışına çıxmamıza səbəb yenə də qeyri-səlis məntiq ideyalarının bu dastana tətbiqi oldu. Digər bədii nümunələrimizin də bu aspektdən (qeyri-səlis məntiq prinsiplərindən) qiymətləndirilməsi, inanırıq ki, bəzi ehkamlaşmış qəhrəmanlarımıza yeni baxış sərgiləyən yanaşmalar  verə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2024)