“ABADDON” - Rövşən Abdullaoğlunun kitabı Misirdə çapdan çıxıb Featured

Rate this item
(0 votes)

Tanınmış yazıçı, psixoloq, “Bu şəhərdə kimsə yoxdur” romanı ilə böyük auditoriya qazanmış Rövşən Abdullaoğlunun psixoloji-detektiv janrda qələmə aldığı “Abaddon” romanı Misirdə “Jusur Publishing” nəşriyyatında ərəb dilində nəşr olunub.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına ədibin naşiri olan “Qədim Qala” nəşriyyatından məlumat verilib. 

Roman Azərbaycanda ilk dəfə 2018-ci ildə işıq üzü görüb. Bu vaxta kimi Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitab ABŞ-ın “Readers Favorite” beynəlxalq kitab

müsabiqəsində münsiflərin rəyi əsasında “beş ulduz” fərqlənmə nişanı ilə təltif edilib.

Müxtəlif janrlarda ümumilikdə 28 kitab müəllifi olan Rövşən Abdullaoğlu “PEN America” qurumunun üzvüdür. İngilis dilinə tərcümə olunmuş əsərləri “IndieReader", “Kirkus", “Readers”, “Favorite" və “Self-Publishing Review" kimi nüfuzlu ədəbi tənqid qurumlarından yüksək rəy alıb. 

Əsərin qısa məzmunu:

Hadisələr İrlandiyada cərəyan edir. Məşhur “Titanik” gəmisini ilk və son səfərinə yola salmış sakit liman şəhərində baş verən silsilə qətllər bütün ölkədə əks-səda doğurur. Qatilin ələ keçirilməsi üçün yerli qarda (polis) əməkdaşları ilə yanaşı paytaxt Dublindən Kork şəhərinə ezam edilmiş məşhur müstəntiq və Amerikadan gəlmiş kriminal psixoloq da axtarış işlərinə cəlb edilir. Daha sonra oxucu çoxşaxəli süjet xətti boyunca qatilin cinayət axtarış komandasına açdığı mübarizəni təqib etməyə başlayır.

Əsər daha çox intellektual-psixoloji yönü ilə də diqqət çəkir. İnsanın bitməyən daxili savaşı, tənəzzülə və təkamülə aparan amillər demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır. Burada qorxu və cəsarət, qorxu və sevgi hissləri bir bədəndə qarşılaşdığı zaman ortaya çıxan maraqlı davranış modelləri ilə rastlaşır, uşaqkən ilk qorxu qarşısında yenilmiş bir neçə fərqli insan həyatı görürük. Romanın bəzi hissələrində psixoloji zədələr qarşısında müdafiə mexanizmini işə salmış insan şəxsiyyətinin nələrə qadir olduğundan bəhs edilir.

Vətənə, milli-mənəvi dəyərlərə bağlılıq və bunun fonunda Tanrıya, dini inanclara fərqli münasibət (İrlandiya xalqı dini etiqadlara, müqəddəs şəxsiyyətlərə bağlılığı ilə tanınır) əsər boyunca ana xətti müşayiət edərək müxtəlif rakurslardan işıqlandırılır. Sonda mozaikanın bütün daşlarını bir yerə toplayan müəllif maraqlı bir təsvir yaratmaqla əsər boyu oxucunu düşündürən tapmacanın açarını təqdim edir.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2024)