Ölməkdən yox, yaşamamaqdan qorxan gənc şair Ulucay Akifin “Gizlənqaç” kitabının təqdimatı keçirildi Featured

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan" klubunda gənc şair Ulucay Akifin “Gizlənqaç” adlı şeirlər kitabının təqdimatı və imza günü keçirilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri, gənc yazarlar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tənqidçi Əsəd Cahangirin apardığı tədbirdə ilk olaraq Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid çıxış edib. Gənc şairin yaradıcılığı barədə fikir bildirən Rəşad Məcid qeyd edib ki, beş il öncə bu məkanda Ulucay Akifin ilk kitabının təqdimatına toplaşmışdılar, bu beş ildə çox şey dəyişib, müəllifin irəliləyişi göz qabağındadır. Rəşad Məcid Ulucayın bu illər ərzində karyera yüksəlişinə də toxunub, onun qəzet müxbirliyindən Kulis portalının baş redaktorluğuna yüksəlməsini təqdirəlayiq hesab edib. AYB sədrinin müavini AYB-nin foyesində satışda olan “Gizlənqaç” kitabından üç nüsxə aldığını, kitab ala bilməyən gənclərə hədiyyə edəcəyini də dilə gətirib.
Tənqidçi Əsəd Cahangir bu yeni kitab haqqında məqalə yazmağı planlaşdırdığını bildirib və söyləyib: "Ulucayın birinci və ikinci kitabı arasında kifayət qədər fərq var. Təkcə kitabların adlarını müqayisə edəndə bunu görmək mümkündür. Ulucay Akifin bütün şeirləri mənə altında minalar basdırılmış torpağı xatırladır. Sanki sən gedirsən, yerin altından nə isə bir məna çıxır”.
Əsəd Cahangir Ulucayın şeirlərinin yüksək poetik dəyərlər ifadə etdiyini vurğulayaraq misal olaraq dörd sətirlik “Əlfəçin” şeirini oxuyub:

Bitməsini istəmədiyim kitab kimisən
küləkli havada oxuyuram səni
saçın kitab səhifələri
barmaqlarım əlfəçindi.

Millət vəkili Aqil Abbas Ulucay Akifin atası, mərhum şair Akif Səmədlə bağlı xatirələrini danışıb, şairin “Ədalət” qəzetində müxbirlik fəaliyyətindən, məqsədyönlülüyündən, şeirlərinin dəyərindən söz açıb. O bildirib ki, Rəşad Məcid üç kitab alıb imkansız gənclərə hədiyyə edirsə, o özü beş kitab alıb hədiyyə edəcək.
Sonra şair Baba Vəziroğlu, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, tənqidçi Elnarə Akimova, yazıçılar Varis, Əyyub Qiyas, şair Qəşəm Nəcəfoğlu çıxış ediblər.
Daha sonra Ulucay Akif tədbirə qatılanlara minnətdarlığını ifadə edib, tədbirə təşrif buyuranlar əldə etdikləri kitabları müəllifə imzaladıblar.
Qeyd edək ki, redaktoru Salam Sarvan olan kitabda müəllifin son beş ildə yazdığı şeirlər toplanıb. Kitab “Radius” MMC nəşriyyatında çap olunub.
Maraqlı dizaynda çıxan kitabın arxa cildindəki cümlə olduqca ibrətamizdir: “Sevmək, ayrılıqla yaşamaq ölümlə gizlənqaç oynamaq imiş. Bircə onu bilirəm ki, bu oyunun sonunda Tanrı hamımızı tapacaq”.

Fotolar APA agentliyinindir.