Təranə Seyid: Rəssamlar ruhən yaradıcı insanlardır və incəsənət onların həyatında birinci yerdədir

Rate this item
(0 votes)

İstedadlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, beynəlxalq sərgilərin və simpoziumların fəal iştirakçısı Təranə Seyid üçün rəssamlıq təkcə yaradıcı peşə deyil, həmçinin həyat tərzidir. O, əsərlər yaradanda öz düşüncələrini, duyğularını, hisslərini onlarda əks etdirir. Təranə Seyidin sözləri ilə desək rəssamlıq həm də reallıqdan qaçıb öz dünyasına qərq olaraq tam azad şəkildə özünü ifadə etməyin bir yoludur. Rəssam AzərTAC-a müsahibə verib və Daycest bölümündə bu müsagibəni  təqdim edirik.

 

- Nəyə görə rəssamlığı seçdiniz, bu sənətdə sizi cəlb edən nə oldu?

 

- Əslində, mənim peşəm hüquqşünasdır. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirmişəm, ancaq nə qədər çalışsam da sənət və rəssamlıq eşqimi həyatımda ikinci plana keçirə bilmədim.

Bilirsiniz, rəssamlar ruhən yaradıcı insanlardır və incəsənət onların həyatında birinci yerdədir və onsuz özlərini təsəvvür edə bilmirlər. Baxmayaraq ki, birinci sahədə daha çox uğur qazana bilərdim, mən rəssamlığı seçdim. Bilirsiniz, rəssamlıq istedaddan, istək və həvəsdən irəli gəlir. Sənətlə məşğul olmaq onu öz daxilində aparmaq deməkdir, əks halda mümkün deyil. Bu səbəbdən də mən bu sənəti seçdim və çox sevinirəm ki, doğru seçim etmişəm.

 

- Əsərlərinizdə daha çox hansı mövzulara üstünlük verirsiniz?

 

- Əsasən çalışıram ki, yaradıcı və şəxsi üslubuma uyğun mövzular olsun, çünki bildiyiniz kimi hər rəssamın öz dəst-xətti və ruhən ona yaxın olan üslub var, bu istər realist, istər impressionist, istər abstrakt, istərsə də kubist olsun, hər bir tərzdə, hər bir janrda mövzuda rəssamın öz dəst-xətti olmalıdır və dəst-xətti ilə istənilən mövzuya yanaşması və üslubu ilə seçilməlidir. Bir sözlə, öz imzası olmalıdır!

 

-Əsərlərinizi yaradan zaman nədən ilhamlanırsınız?

 

- Xüsusi bir ilham mənbəyim yoxdur, ətrafda baş verən bütün hadisələr, bura insan obrazları, həyati süjetlər, müharibələr, dramatik talelər, təbiət – bunların hər biri rəssama ilham və yaratma eşqi verir.

 

- Fərqli janrlarda işləməyi xoşlayırsınız, yoxsa yalnız bir janrda rəsm çəkməyi sevirsiniz?

 

- Məndə bir necə üslub var və hazırda etapla seriyalı işlər edirəm, eyniliyi sevməyən bir insanam və eynilik məni yorur. Onun üçün düşünürəm ki, illərlə üslub və rəssamın üstünlük verdiyi mövzular da dəyişə bilir, çünki rəssamlar daim axtarışda olurlar.

 

- Bir əsər üzərində təxminən neçə müddət işləyirsiniz?

 

- Bu əsərin mövzusundan və üslubundan asılıdır. Bəzən bir həftəyə başa gələn əsər illər çəkə bilər.

Rəssamlar özlərini çərçivəyə salmağı sevmirlər, ruhən azad insanlardır və əgər əsərin gedişatı onları qane etmirsə və artıq yorursa, onlar prosesi dayandırıb başqa işə başlayırlar və bir müddətdən sonra dayandırdıqları işi yenidən davam edirlər və bu da bəzən günlər, bəzən isə aylar, illər çəkir və bütün rəssamların emalatxanalarında bitməmiş yarımçıq işlər hər zaman olur.

 

- Elə bir əsəriniz varmı ki, özünüzün şah əsəriniz hesab edəsiniz?

 

- Bəli, rəssam özü bilir hansı əsəri daha dəyərlidir və onu şah əsəri hesab edə bilər. Rəssamlar illərlə yaradıcılıqla məşğul ola, yüzlərlə əsər yarada bilərlər, lakin rəssamın həqiqətən əsəri bütün həyatı boyu bir neçə ədəd olur və bunu yalnız özü və çox savadlı sənətşünaslar və yaxud rəssam yoldaşları bilir. Hətta deyərdim ki, bütün insanlar o rəssamın bütün yaradıcılığını çox bəyənsə belə, rəssam özü hansı əsərinin daha dəyərli olduğunu yalnız özü bilir.

 

- Bir müddət öncə fərdi sərginiz keçirildi və çox yaddaqalan oldu. Sərgidə hansı əsərlər nümayiş olundu? Sərginin əsas mövzusu nə idi?

 

- Düşünürəm ki, sərgi çox gözəl keçdi, gələn qonaqların, sənətsevərlərin, xalq rəssamları və sənətşünasların əsərlərə marağı və sonda ünvanıma gələn gözəl sözlər artıq hər bir şeyin qaydasında olmasından xəbər verirdi.

Sərgidə Azərbaycanın gözəl mənzərəsi, Şuşaya aid bir neçə əsər, Vətənimizin təbiəti, insan obrazları, natürmort və bir çox başqa mövzularda 30-dan artıq əsər nümayiş olundu. İllərdir fərdi sərgi etməyə çalışsam da alınmamışdı və bu ilk fərdi sərgim idi.

Qeyd etmək istərdim ki, ölkə daxilində dövlət qurumları tərəfindən təşkil olunan qrup sərgiləri, bayram günlərinə həsr olunan özəl sərgilərdə iştirak etdiyim kimi, ölkə xaricində də, Avropa və Amerika Birləşmiş Ştatlarında təşkil olunan qrup sərgilərdə və simpoziumlarda da mütəmadi olaraq iştirak edirəm.

 

- Xarici ölkələrdəki sərgilərdə iştirak rəssam kimi sizə nə verir?

 

- Ölkə xaricində tanınma, daha çox ölkələrdə simpoziumlarda, sərgilərdə iştirak şansı, daha çox rəssamlarla tanışlıq imkanı və ən əsası hər zaman bir amalım olub, bu da Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etmək.

 

- Gələcəklə bağlı hansı planlarınız var?

 

- Əslində, planlarım çoxdur. Ölkə daxilində olduğu kimi, xarici ölkələrdə də fərdi sərgilər etmək, daha çox yaratma, daha çox işlər görmək istəyirəm, lakin bunun üçün rəssama vaxt, fiziki və mənəvi enerji lazımdır. Düşünürəm ki, zamanla bunların hamısını reallaşdıra biləcəyəm.

 

Şəkildə: Təranə Seyid, Xurşudbanu Natəvanın portreti. 

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2023)