Xarəzmdə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” kitabının təqdimatı olub

Rate this item
(0 votes)

 

Mədəniyyətimizin təbliğində ciddi işlər ortaya qoyan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” çərçivəsində silsilə tədbirlər keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Mədəniyyət Mərkəzindən daxil olan məlumata görə, həftə çərçivəsində Xarəzm Vilayətinin Ürgənc Dövlət Universitetində “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” kitabının təqdimatı və Azərbaycan mədəniyyəti və ədəbiyyatına dair tədbir təşkil olunub.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycan tarixi, dövlətçiliyi, milli mədəniyyətimizə dair sərgi ilə tanış olublar. Sərgidə Heydər Əliyev Fondunun layihəsi ilə çap olunan kitablar, Azərbaycan ədəbiyyatı, mədəniyyətinə aid nəşrlər nümayiş olunub.

 

Tədbiri giriş sözü ilə açan Ürgənc Dövlət Universitetinin rektoru, professor Baxrom Abdullayev qonaqları salamlayaraq Özbəkistanla Azərbaycan arasındakı əlaqələrdən söz açaraq bunu hər iki xalqın tarixi müvəffəqiyyəti kimi qiymətləndirib. Rəhbərlik etdiyi ali təhsil ocağının da bu əlaqələrin güclənməsində böyük marağının olduğunu bildirən rektor bundan sonra da Azərbaycanın elm-təhsil, mədəniyyət ocaqları ilə əməkdaşlığa hazır olduqlarını bildirib. B.Abdullayev Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Ürgənc Dövlət Universitetində yaradılmış Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi haqqında da məlumat verərək bu mərkəz vasitəsilə gələcəkdə bir çox birgə elmi, mədəni-ədəbi layihələr planlaşdırıldığını da vurğulayıb.

 

Özbəkistanın Xarəzm Vilayəti rəhbərinin müavini Batır Saidov artıq ikinci dəfədir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Xarəzm vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatına həsr olunmuş tədbirlərin təşkil edildiyini qeyd edərək, bu tədbirlərin ilki qardaş xalq arasında daha qırılmaz bağların yaranmasına səbəb olduğunu vurğulayıb. “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşa haqqında söz açan Batır Saidov Xivə şəhərinin Şuşa ilə qardaşlaşmış şəhər olduğunu qeyd edib.

 

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı nəşrdən söz açan natiq sözügedən kitabın Şuşa ilə bağlı ilkin məlumatları əldə etmək üçün çox dəyərli bir mənbə olduğunu vurğulayıb.

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Daşkənd və Xarəzm vilayətlərində keçirilən “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” tədbirləri və Mərkəzin Şuşa, habelə Ümummilli Lider Heydər Əliyevlə bağlı gerçəkləşdirdiyi layihələr barədə məlumatlar verib. Ürgənc Dövlət Universitetində yaradılmış Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzinin açılışını və “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı beşdilli ensiklopedik nəşrin “Şuşa İli” eləcə də Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması münasibətilə həyata keçirildiyini vurğulayıb.

 

Şuşanın Azərbaycan xalqı üçün əziz, doğma və əvəzsiz olduğunu bildirən Samir Abbasov fikirlərini Azərbaycan Respublikasını Prezidenti İlham Əliyevin “Şuşa Azərbaycan üçün milli qürur, milli mənlik, mədəniyyət, incəsənət və tarixdir” sözləri ilə yekunlaşdırıb.

 

Daha sonra çıxış edən tərcüməçi-alim Babaxan Şərif də “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı beşdilli ensiklopedik nəşrdən söz açaraq bu kitabın Şuşa şəhəri haqqında dəyərli informativ bir mənbə olduğunu və ələlxüsus da beş dildə – Azərbaycan, özbək, türk, rus, ingilis dillərində olmasını xüsusi qeyd edib.

 

Tədbirdə Universitet tələbələri tərəfindən Azərbaycan şairlərinin şeirlərindən nümunələr səsləndirilib, Azərbaycan tamaşalarından səhnəciklər nümayiş etdirilib.

 

Tədbirin bədii hissəsində Azərbaycandan dəvət edilmiş “Simurq” Muğam ansamblının üzvləri tanınmış xanəndələr, beynəlxalq müsabiqələr laureatları Mirələm Mirələmov, Kamilə Nəbiyeva, kamança ifaçısı Elnur Mikayılov, tar ifaçısı Zəki Vəliyev və Əməkdar artist, nağara ifaçısı Kamran Kərimovun ifasında milli muğamlarımız, Özbəkistanda tanınmış azərbaycanlı saz ifaçısı İlham Abdullayevın icrasında oyun havalarımız, Ürgənc Dövlət Universitetinin rəqs qrupunun ifasında milli Azərbaycan rəqsləri tamaşaçılara təqdim edilib.

Xatırladaq ki, tədbirlərə Azərbaycanın Xalq şairi Vahid Əziz də qatılıb. 

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2023)