Maestro Niyazinin həyat və yaradıcılığından bəhs edən “Niyazi xatirələrdə” kitabının təqdimatı olub

Rate this item
(0 votes)

XALQ YAZIÇISI ANAR TƏDBİRDƏ ÇIXIŞ EDİB

 

“Niyazi xatirələrdə” adlı yeni kitab nəşr edilib və ötən gün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə Milli Musiqi Gününə həsr olunmuş tədbirlər çərçivəsində kitabının təqdimat mərasimi olub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu nəşrdə dünyaşöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyov haqqında 1987-ci ildə rus dilində işıq üzü görən “Maestro Niyazi. Xatirələr, məqalələr, məktublar” kitabının (tərtibçilər Həcər Hacıbəyova və Əsildar Hüseynov) “Xatirələr” bölməsinin rus dilindən ilk dəfə tərcüməsi təqdim olunur.

Kitab Niyazinin şəxsiyyəti və yaradıcılığı ilə və ümumilikdə XX əsr Azərbaycan musiqi mədəniyyəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Orxan” Nəşriyyat və Poliqrafiya Müəssisəsində nəşr olunan kitab muzeyin zəngin kolleksiyalarından fotolar və digər materiallarla illüstrasiya edilib.

 

Tədbirdə ilk olaraq çıxış edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova kitabın musiqi ictimaiyyəti və musiqisevərlər üçün bir töhfə olduğunu qeyd edib.

Kitabda xatirələri yer alan Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar görkəmli sənətkarın ömür və sənət yolunun maraqlı məqamları haqqında məlumat verib. Bildirib ki, Niyazinin Azərbaycan incəsənətinin inkişafı yolunda zəngin fəaliyyəti müasir mədəniyyət tariximizin parlaq səhifəsidir. Həmçinin ölkəmizdə milli dirijorluq məktəbinin formalaşması onun adı ilə bağlıdır.

Tədbirdə digər çıxış edənlər Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Xuraman Qasımova və Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas, Əməkdar incəsənət xadimi Zemfira Qafarova sənətkarın həyat və yaradıcılığından söz açıblar. 

Qeyd edək ki, layihə rəhbəri və elmi redaktoru Alla Bayramova olan kitabda Ümummilli Lider Heydər Əliyevin 1994-cü il sentyabrın 18-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyinin açılışında söylədiyi nitqi, görkəmli Azərbaycan mədəniyyət xadimləri ilə yanaşı Rusiyadan, Türkiyədən, Gürcüstandan olan mədəniyyət xadimlərinin xatirələri yer alıb.

Çıxışlar muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış videoçarx ilə müşayiət olunub.

Bədii hissə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət zəngin konsert proqramı ilə davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)