“Teymur hər zaman ehtiyacı olana əl tutardı…”

ŞƏHİD AİLƏLƏRİ ZƏLZƏLƏDƏN ZƏRƏR ÇƏKMİŞLƏRƏ YARDIM EDİBLƏR

 

Şəhid mayor Teymur Əzizovun həyat yoldaşı Zeynəb Səmədovanın təşəbbüsü və dəstəyi ilə Sumqayıtdakı şəhid ailələri tərəfindən Türkiyədə zəlzələdən zərər çəkənlərə 17 min dollarlıq humanitar yardım göndərilib.

Zeynəb Səmədovanın “Ədəbiyyat və incəsənət”in əməkdaşına verdiyi məlumata görə, göndərilən yardımlarda quru, kalorili və hazır qidalara üstünlük verilib, həmçinin şam və poverbanklar, geyim, yataq dəstləri, uşaq bezləri kimi lazımlı əşyalar da var. Onların çeşidlənməsində digər şəhid ailələri də köməklik göstəriblər. 
Qeyd edək ki, şəhidimizin yoldaşı Zeynəb Səmədova heyvanları da yaddan çıxarmayıb. Onun təşəbbüsü ilə həmin bölgələrə heyvan yemləri də yollanılıb.

44 günlük müharibədə şəhid olan Teymur Əzizovun həyat yoldaşı Zeynəb Səmədova deyir: “Mənim həyat yoldaşım Teymur hər zaman kimsəsizə, ehtiyacı olana əl tutardı. Əsgərlərə qardaş idi.  Bilirəm ki, indi onun ruhu narahatdır. Bu gün mənim təklifimlə köməyə gələn şəhid ailələri itkinin, ağrının və evsizliyin nə olduğunu gözəl anlayır. Çünki mən də, digər şəhid ailələrinin üzvləri də  Qarabağa və digər bölgələrimizə düşmən hücum edərkən evsizlik, aclıq və səfalət ağrısını yaşamışıq. Ona görə də biz Türkiyədəki qardaş və bacılarımızı, uşaqlarımızı və hətta insanlardan yardım uman Tanrının yaratdığl heyvanları da unutmadıq.”

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2023)