Azərbaycanlı sanatoriya sahibindən Cahit Bağçıya məktub: "200 nəfəri təmənnasız qəbul etməyə hazıram”

 

“Shahdag Guba & Truskavets Medical Sanatorium” müalicə-sanatoriya kompleksi qardaş Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə sanatoriyada xidmət göstərmək məqsədi ilə Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə “Shahdag Guba & Truskavets Medical Sanatorium” müasir müalicə-sanatoriya kompleksinin sahibi - iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə açıqlama verib.

O bildirib ki, Türkiyədə baş vermiş zəlzələ nəticəsində minlərlə insanın həyatını itirməsi Azərbaycan xalqını kədərləndirir və ölkəmizdə hamı bu anlarda Türkiyə ilə nəfəs alır:

“Hər bir Azərbaycan vətəndaşı təbii fəlakət qurbanlarına yardım əli uzatmaq üçün əlindən gələni etməyi özünə borc bilir.

Özəl sektor da yardım kampaniyasında aktiv iştirak edir. Bu baxımdan biz də “Shahdag Guba & Truskavets Medical Sanatorium” müasir müalicə-sanatoriya kompleksi olaraq ilkin olaraq, zəzələdə xəsarət alan 200 nəfərin təmənnasız reabilitasiyası üçün tam hazırıq.

Bununla əlaqədar olaraq Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət etmişik və cavab gözləyirik. Bizim üçün Türkiyədə baş verən təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına töhfə vermək böyük şərəfdir. Gələnlərin reabilitasiyası üçün bütün imkanlar səfərbər ediləcək.

Müalicə-sanatoriya kompleksinin həkim kollektivi ən müasir metodlardan istifadə etməklə həmin şəxslərin cəmiyyətə daha tez və rahat inteqrasiyası naminə var gücü ilə çalışacaqlar.

Ciddi stres keçirən, endikronoloji xəstəliklərdən, ürək çatımazlığından əziyyət çəkənlər, əzilənlərə və bir çox xəstəliklərlə bağlı xidmət göstərə bilərik. 175-dən çox fizioterapiya proseduralarımız var ki, onların hamısını təqdim edə bilərik”.

Təsisçi onu da qeyd edib ki, kurs müddəti gələcək insanların vəziyyətindən asılı olaraq, 14-21 gün ərzində davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(11.02.2023)