“Heç kəs unudulmur, heç nə yaddan çıxmır…” -Respublika Gənclər Kitabxanasından reportaj

Rate this item
(0 votes)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün yenidən yolumu Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasından saldım. 4 aprel günüydü. Tarixi bir hadisənin ildönümüydü…

 

Azərbaycanın ən yeni tarixinə yazılan şanlı səhifələrdən biri də Aprel döyüşləridir. Azərbaycan Ordusunun Cənubi Qafqazda ən güclü ordu olduğunu təsdiqləyən Aprel qələbəsi xalqımızda Ali Baş Komandanın döyüş əmri ilə başlanacaq döyüşlərdə qəhrəman Azərbaycan ordusunun qalib gələcəyinə, torpaqlarımızı işğaldan azad edəcəyinə əminlik yaratdı. Artıq yaxın hərb tariximizin parlaq səhifələrindən biri, Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından olan 2016-cı ilin Aprel döyüşlərindən 8 il keçir.

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Aprel döyüşləri ilə əlaqədar silsilə materiallar – “Şanlı zəfər tarixinin qəhrəmanları” layihəsi çərçivəsində videomateriallar, “Aprel döyüşləri tariximizin şanlı səhifəsi” adlı ənənəvi kitab sərgisi və “Aprel döyüşləri – zəfərin başlanğıcı” adlı biblioqrafik icmal hazırlanıb. Biblioqrafik icmalda Aprel döyüşlərinin başlanma səbəbləri, nəticələri, tarixi əhəmiyyəti barədə geniş məlumat verilir, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin əhəmiyyəti haqqında söylədiyi dəyərli fikirlər yer alır. Materialda Aprel döyüşləri haqqında sitatlar, şəkillər və “Şəhidlik zirvəsinin fatehləri : bədii-sənədli əsər”, “Qəhrəmanlıq tariximizin şanlı səhifələri”, “Qalibiyyət: şahidlər və şəhidlər”, “Vətən mücahidləri”, “Aprel döyüşləri-Vətənimin tarixi uğuru”, “20 Yanvar hadisəsi və aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu” kimi 20-dən çox kitabın biblioqrafik təsviri və qısa annotasiyası təqdim edilir.

“Şanlı zəfər tarixinin qəhrəmanları” layihəsi çərçivəsində hazırlanan videomateriallarda qəhrəman Azərbaycan oğullarının keçdikləri şərəfli döyüş yolundan bəhs edilir. Videomateriallarda Azərbaycanın bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlar haqqında söylənilən xatirələr, onların təltifləri, şəxsi və döyüş dönəmini əks etdirən fotoşəkillər də təqdim edilir.

 

Respublika Gənclər Kitabxanasında Aprel döyüşləri ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında https://ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilib. Buyurub tanış ola bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(05.04.2024)