SƏNİ UNUTMADIQ - Polkovnik-leytenant Fəxrəddin Əsgərovun Şəhadətindən 16 il keçir

Rate this item
(1 Vote)

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Nə qədər istədim ki, onun Şəhadət gününü səhər tezdən Votsap qrupunda paylaşım. Nədənsə alınmadı. Facebook sosial şəbəkəsində bir video paylaşdım. Günün sonuna kimi onun haqqında nə qədər çalışsam da "Qazax" Xeyriyyə İctimai Birliyinin qrupunda nə yazı yaza bildim, nə də paylaşım edə bildim.  Bəlkə bu da səbəbsiz deyil. Neçə vaxtdır çox götür-qoy etdim özüm-özümlə: Onun məzarı yoxdur, onu necə yad edək? Xatirəsinə ehtiramımızı necə bildirək? Çıxış yolu kimi bircə onu tapmışam ki: Şəhid olduğu ərazidə, onu bizdən alıb aparan Xəzər dənizinin sahilinə gedib bir dəstə gülü Xəzərə ataq və sulara deyək: "Bu gülləri yerin dibində də olsa bizim adımızdan Qazaxlı polkovnik-leytenant Fəxrəddin Əsgərova çatdırarsınız". Bundan o yana heç nə düşünə bilmirəm...

Əzizlərim, yəqin bildiniz kimdən yazıram. Müstəqil Azərbaycan Respublikasının ilk, xüsusi, seçilən, hərbi sirlərə dərindən bələd olan hərbi pilotu polkovnik-leytenant Fəxrəddin Əsgərovdur bu yazımın Qəhrəmanı. Axı onun özü də Qəhrəmandır. 31 yaşında polkovnik-leytenant rütbəsinə yüksəlmiş Eloğlumuzun Hərbi Hava Qüvvələrindəki xidməti danılmazdır. Vaxt vardı Fəxrəddin Əsgərov deyiləndə hər kəsin gözünün önünə Göylər, açıq Səma gəlirdi. Tale elə gətirdi ki, indi Fəxrəddin Əsgərov deyiləndə təkcə Səmanın əngillikləri yox, yerin ən son nöqtələri, dalğanın, qasırğanın ən güclüsü, ən amansızı yadımıza düşür. Dövründə keçirilən hərbi paradların təşkilində yüksək fəallıq göstərən, Azərbaycanın Üçrəngli bayrağını Vətən səmasına çəkən ilk pilotlardan idi Fəxrəddin Əsgərov. Həmin dövrün ən çox uçuş saatı olan pilotu da o idi.

Qazaxlı Fərrux Ağa Qayıbov Azərbaycanın ilk hərbi təyyarəçisi idi. Qazaxlı Fəxrəddin Əsgərov da müstəqil Azərbaycan Respublikasının ilk hərbi təyyarəçilərindən ən savadlı, ən peşəkarı idi. Bənzər taleləri var bizim ilklərin. Fərrux Ağa Qayıbovun da məzarı yoxdur. Fəxrəddin Əsgərovun da. Fərqli dövrlərdə ilkə imza atan Qəhrəmanların məzarı yoxdur. Bəlkə onlar Xızır peyğəmbər idi. Yerlərin köməyinə çatmaq üçün göndərilmişdilər. Gəldilər, missiyalarını şərəflə yerinə yetirdilər və bir göz qırpımında qeybə çəkildilər. Bəlkə onlar bizi Qazağa gedəndə qarşılayır, Qazaxdan qayıdanda yola salır. Bəlkə Fərrux Ağa Qayıbovun xatirəsinə ucaldılmış Təyyarə abidəsinin yanında Fərrux Ağa ilə birlikdə Fəxrəddinin də yeri var. Biz görə bilmirik, hiss edə bilmirik.

İndi isə bir neçə il öncəyə qayıtmaq istədim. 2021-ci ilin sonları idi. Fəxrəddin Əsgərov 13 ildən artıq idi Şəhadətə ucalsa da ona rəsmi olaraq Şəhidlik statusu verilməmişdi. "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədovun və İctimai Birliyin İdarə heyətinin qərarı ilə həmin məsələ ictimailəşdirildi. Mətbuat vasitəsilə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevə və vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edildi. Təbii ki, ailə üzvü olaraq Fəxrəddin Əsgərovun qardaşı Səməndər Əsgərov da bizimlə əlaqə saxlayırdı. Səməndər Əsgərov eyni vaxtda rəsmi müraciət ünvanlamışdı rəsmi dövlət qurumlarına. Bizim müraciətdən qısa zaman keçmişdi. 2022-ci ilin fevral ayı idi. Səməndər Əsgərovun həyat yoldaşı Humay xanım mənə bir şəkil göndərdi. Şəkil rəsmi dövlət sənədi idi. Müdafiə Nazirliyindən Səməndər Əsgərova göndərilmişdi. Məktubda yazılmışdı: Hörmətli Səməndər Əsgərov, müraciətinizə cavab olaraq bildiririk ki, Cənab prezident İlham Əliyevin göstərişinə əsasən qardaşınız Əsgərov Fəxrəddin İlham oğluna Şəhidlik statusu, ailəsinə Şəhid ailəsi statusu verilib". 

Humay xanım mesajda bu sözləri yazmışdı mənə: "Səbinə xanım, Allah sizlərdən razı olsun. "Qazax" Xeyriyyə İctimai Birliyinin diqqəti sayəsində 14 ildən sonra Fəxrəddin öz haqqına çatdı". 

Səməndər Əsgərov da mənimlə telefon əlaqəsi saxladı və öz təşəkkürünü bildirdi: ""Qazax" Xeyriyyə İctimai Birliyinə təşəkkür edirik. İndiyə kimi getmədiyimiz yer qalmadı. Ancaq müraciətlərimiz cavabsız qaldı. Anam dözmədi, dünyasını dəyişdi". Səməndər qardaşı dinlədim və dedim: "Onların ruhu şaddır. Biz Cənab prezident İlham Əliyevə inanırdıq. Bilirdik ki, cənab prezident İlham Əliyev, vitse-prezident Mehriban xanım Əliyeva hər zaman olduğu kimi ədaləti bərpa edəcəklər". 

Həqiqətən bu xəbərə hamımız sevinirdik. Sevindiyimdən bilmirdim nə edim? Elə bilirdim ki, Fəxrəddin sağ-salamat qayıdıb. Dərhal İlham müəllimə zəng etdim: "Dədə, sizə şad xəbərim var. Fəxrəddin Əsgərova Cənab prezidentin göstərişinə əsasən Şəhidlik statusu, ailəsinə Şəhid ailəsi statusu verilib". Məni təmkinlə dinləyən İlham müəllim sevinclə dilləndi: "Səni şad xəbər olasan. Cənab Prezidentə, Mehriban xanıma təşəkkür edirəm. Səsimizə səs verdi". İlham müəllim o qədər sevinirdi ki. 14 ildən sonra Fəxrəddin Əsgərov öz haqqını almışdı. Sanki çiynimizdən bir dağ götürülmüşdü. Daha sonra yenə də İlham müəllimin məsləhəti ilə cənab Prezident İlham Əliyevə və vitse-prezident Mehriban xanım Əliyevaya "Qazax" Xeyriyyə İctimai Birliyinin, Qazax mahalının ziyalıları adından təşəkkürümüzü bildirdik. Bu bir tarixdir - Göylərin Qəhrəmanı polkovnik-leytenant Fəxrəddin Əsgərova rəsmi olaraq Şəhidlik statusunun verilməsinin tarixi.

Mən İlham müəllimə təşəkkür edirəm. Fəxrəddin Əsgərov kimi unudulmaz bir hərbçinin Şəhidlik statusunu almaq üçün onun necə narahat olduğunun şahidiyəm. Bu gün səhər tezdən İlham müəllim dedi: Səbinə, bu gün hansı tarixi gündür, bilirsən? Dedim, Dədə, Fəxrəddinin Şəhid olduğu gündür. İlham müəllim dedi: "Halaldı sənə. Yadındadır. Yazarsan Fəxrəddin haqqında". İlham müəllim belə diqqətli insandır. Hər kəsə, hər hadisəyə diqqət edir. Bu onun böyüklüyündən, Qazax mahalına necə bağlı olmasındandır. Hörmətli İlham müəllim, bir az gec yazdım. Üzrlü sayın. Bu gün axşama kimi gözlərim önündə Xəzər canlanır, qulaqlarıma uğultulu səslər gəlir, o günün faciəsi başımda dolanırdı.

Əziz Qazaxlılar, Fəxrəddin Əsgərov 24 iyun 2003-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 25 iyun 2006-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin adından, Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur. Hərbi Hava Qüvvələrinin yüksək səviyyədə formalaşmasında Polkovnik-leytenant Fəxrəddin Əsgərovun xidməti danılmazdır. Vətən Müharibəsində düşmənin başına od yağdıran Qəhrəmanların böyük hissəsi Polkovnik-leytenant Fəxrəddin Əsgərovun tələbələridir. Vətən Müharibəsi Qəhrəmanı Şəhid polkovnik Zaur Nudirəliyev, Qazağın Birinci Şıxlı kəndindən olan Vətən Müharibəsində düşmənə ən çox aviazərbə  endirən pilot polkovnik-leytenant "Qarabağ" ordenli Elçin Məmmədov da Fəxrəddin Əsgərovun yetirməsidir. 

 

P.S. Fəxrəddin Əsgərov 1974-cü il 29 iyun tarixində Qazax rayonunda ziyalı ailəsində dünyaya gəlib. Orta təhsilini Qazax rayonunun 2 saylı orta məktəbində alıb. Məktəbi yüksək qiymətlərlə bitirib. Yuxarı siniflərdə oxuyanda könüllü kimi Qarabağ uğrunda gedən döyüşlərdə (Qazax rayonunun kəndlərində) iştirak edib.

1992-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və elə həmin il müsabiqə yolu ilə seçilərək təhsilini davam etdirmək üçün Türkiyə Respublikası Ali Hərbi Təyyarəçilik məktəbinə (Hava Harp Okulu) göndərilib. 1996-cı ildə ali təhsilini fərqlənmə ilə başa vurur. 1996–2006-cı illərdə Kürdəmir rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edib. Bu dövr ərzində baş təyyarəçi vəzifəsindən hərbi hissə komandiri vəzifəsinə qədər yüksəlib. 2006–2008-ci illərdə isə başqa bir hərbi hissədə qərərgah rəisi vəzifəsində xidmət etmişdir. Təyyarəçi kimi xidmət etdiyi dövrdə L-39, Su-17, Su-25, MiQ-29 tipi döyüş təyyarələrini idarə etməyi qısa müddətdə mənimsəyərək ölkəmizin gənc təyyarəçilərinin yetişdirilməsində təlimatçı-təyyarəçi kimi fəal iştirak etmişdir. 1999-cu il 25 aprel-2 may və 2000-ci il 13-25 noyabr tarixində Türkiyədə, 2001-ci il 7-18 may aralığında Macarıstanda, 2006-cı il 24 iyuldan 27 sentyabra qədər Ukraynada ezamiyyətdə olmuşdur. 2007-ci il 10-13 noyabr tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Dubay-2007" Aerokosmik Beynəlxalq Sərgisində iştirak etmişdir. 2008-ci il yanvarın 29-da döyüş hazırlığı planı əsasında kapitan Əfqan Aslanovla birlikdə MiQ-29 təyyarəsi ilə, təlimatçı qismində, hava döyüşü uçuşu yerinə yetirərkən təyyarənin Xəzər dənizinin Şuraabad istiqamətinə düşməsi nəticəsində həlak olurlar. Aparılan axtarışlar nəticəsində digər pilotun nəşi tapılıb dəfn edilir. Lakin Fəxrəddin Əsgərovun nəşi tapılmır. Həyatını Azərbaycan Hərbi Hava qüvvələrinin inkişafına adayan pilot 33 yaşında sözün hər mənasında canını vətən uğrunda verir. 16 fevral 2022-ci il tarixində, Prezident İlham Əliyevin sərəncamı ilə Fəxrəddin Əsgərova şəhidlik, ailəsinə isə şəhid ailəsi statusu verilib.

 

P.P. S. 2022-ci ildə rəsmi olaraq Şəhidlik statusuna layiq görüldükdən sonra Qazaxda Şəhid polkovnik-leytenant Fəxrəddin Əsgərovun xatirəsi əbədiləşdirilib. Qazax Tarix - Diyarşünaslıq Muzeyində Şəhidlərimizin şəkli həkk olunan guşədə polkovnik-leytenant Fəxrəddin Əsgərovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə şəkli vurulub. Həmçinin Qazax Şəhidlər Xiyabanında mərmər lövhədə polkovnik-leytenant Fəxrəddin Əsgərovun şəkli vurulub.

Sizi unutmadıq, unutmayacağıq, mərd, qorxmaz, qəhrəman Eloğlumuz. Fəxrimiz,

Azərbaycanın fəxri! 

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2024)