Satirik mətbuatın yaranması. “Molla Nəsrəddin” jurnalı Featured

Rate this item
(2 votes)

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

“Molla Nəsrəddin”ə qədərki dövr:

 

Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə 1906-cı il fevralın 21-də Tiflis qubernatoruna ərizə ilə müraciət edərək “Molla Nəsrəddin” adlı jurnal çıxarmasına icazə istəmişdi. Bu təşəbbüs Azərbaycan, rus və tatar qəzetləri tərəfindən bəyənilmiş, bu barədə xəbərlər yaymışdılar. 

Jurnalın nəşrinə icazə verilməsi haqqında xəbəri ilk dəfə 1906-cı il fevralın 24-də “Novoye obozreniye” qəzeti, fevralın 26-da “Kavkazskoye utro” qəzeti, martın 1-də isə “Kaspi” qəzeti dərc etmişdir. Martın 4-də jurnalı çıxarmaq üçün Mirzə Cəlilə Tiflis qubernatoru dəftərxanası tərəfindən şəhadətnamə verilmişdir.

 

Jurnalda dil məsələsi

 

Mirzə Cəlil öz xatirələrində yazır ki, “Molla Nəsrəddin”də açıq ana dili ilə yazdığımız mətləbləri hamı açıq başa düşdü, elə asan başa düşdü ki, dəxi bu dildən başqa qeyri bir dil axtarmağa hacət qalmadı. Birinci nömrəmiz türk dünyasına dağılan kimi tək bircə həftənin içində hər bir yerdən, yazdığımız suallara haman aydın “Molla Nəsrəddin” dilində idarəmizə aydın cavablar gəldi."

Ədib daha sonra incə bir yumorla qeyd edir ki, biz açıq ana dilində yazmaqdan çəkinmədik.

Jurnalı həm ərəbçilik, farsçılıq, osmançılıq həm də dili lüzumsuz yerə rus sözləri ilə korlamağın ziddinə idi Molla Nəsrəddinçilər. Eyni zamanda bu ideyaya Fiyuzat jurnalında daha qatı formada da rast gələ bilərsiniz.  

“Molla Nəsrəddin” başqa dilləri öyrənməyin ziddinə deyildi. Jurnal rus dilinin böyük təbliğatçılarından idi. Mollanəsrəddinçilərin hər biri öz ana dillərindən başqa 2–3 dil bilirdilər. Onlar başqa dillərin öyrənilməsini lüzumunu qeyd edir, eyni zamanda, Azərbaycan dilinin saflığı uğrunda da mübarizə aparırdılar. “Molla Nəsrəddin”in dili geniş xalq kütlələrinin başa düşdüyü açıq, aydın Vətən dili idi.

Jurnalda qadın azadlığı məsələsi xüsusi qeyd edilirdi. Bilirik ki, Cəlil Məmmədquluzadə öz əsərlərində bu məsələyə qarşı həssaslığını göstərmişdi. İndi də “Molla Nəsrəddin” Azərbaycan qadınlarının azadlığı uğrunda inadla çalışırdı. Jurnalda qadınların təhsil alma, öz seçimlərini etmə hüququna malik olmasını tələb edirdilər. 

C.Məmmədquluzadə deyirdi ki: “Şərq qadını məsələsi mənim köhnə dərdimdir." Onların dərdi şərq qadınını azad etmək, şəriətin kəməndindən, saxta müsəlmanların saxta inanclarından, könülsüz həbs olunan qara çarşabın zülmətindən qurtarmaq idi.

Cəlil Məmmədquluzadəylə yanaşı burada adı çəkilən bütün Molla Nəsrəddinçilər: Abdulla Şaiq, Yusif Vəzir Çəmənzəminli, Mirzə Ələkbər Sabir- bu adların hər birinin yaradıcılığında həm azadlıq mübarizəsinə, həm qadın mövzusuna rast gəlirik. 

 

Karikaturlar

 

“Molla Nəsrəddin” jurnalı digər jurnallardan  maraqlı, fərqli karikaturlarına görə də fərqlənirdi. Bu şəkillərdə dövrün bir çox problemləri əks olunurdu. Mollanın yatmış insanlara güldüyü karikatur simvolik məna daşıyırdı və bu səhnə oxucuya C.Məmmədquluzadənin Ölülər əsərini xatırladır. İsgəndərin inadla "siz ölülərsiniz, yatmısınız!" deməsi burada Mollanın istehzalı gülüşüylə ifadə olunub. 

Eyni zamanda karikaturlarda şərq qadınının avropa qadınından arxada, başıaşağı və ürkək gəzişi, insanların zorla yaxalarından tutulub aparıldığı səhnələr də olduqca çox və maraqdoğurucudur.

“Molla Nəsrəddin” jurnalı ümumilikdə bizim üçün bir yenilik, bir yenidəndoğuş, inkişaf mərhələsinin başlanğıcı idi. 

Cəlil Məmmədquluzadəni hörmətlə anırıq...

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)