Məktəb niyə qızların üzünə bağlıdır? - AKTUAL

Rate this item
(0 votes)

Şahbaz Xuduoğlu yazır

 

 

 

“Təkərli kitab” bu dəfə Cəlilabada getdi. Astara şosesindən sağa çıxanda yol səni məşhur "Armudu stəkan" abidəsinin yanından mərkəzi meydana aparır. Yeri gəlmişkən, o çayxananın dağınıq vəziyyətdə olması təəssüf hissi doğurur.

 

Yollar səliqəlidir, ətrafına çiçəklər əkilib. 

Mərkəzdə "5 mərtəbə" deyilən ərazidə yerli ziyalılar ilə görüşdük:  Bilal Alarlı, Namiq Ağa, Əlövsət Tahirli, Ramil Əmənov, Mahir Hidayətov, İman Abdulla, Mikayıl İncəçaylı, Həmid Babaşov,  Dadaş Bayramov, Azər Quluzadə və s.

Cəlilabad yazarlarının nəşr etdiyimiz kitablarından onlara hədiyyə etdik. 

 

Hava çox istidir, meydanda qalmaq olmur. Həm də plana əsasən kəndlərə getməliyik.

 

....Nəhayət uzun prospektdən, narahat bir döngədən sağa ayrılırıq, getdikcə seyrələn tikililər geridə qalır. Qarşıda şumlanmış, xışlanmış, bəzi yerləri əkilmiş sahələr görünür. 

 

Cəlilabad zibilliyində traktor işləyir. Külək bacardıqca sellofan paketlərini ətrafa yayıb. 

 

Yolda üç yol polisindən başqa bir kimsə yox, onlar, sanki Almaniyada zavoddan yeni çıxmış Volswagenin yanında dayanıblar. "Təkərli kitab"ı hələ təpədən aşan kimi gördülər və dərhal hər üçü özünü maşının qabağına atdı. Yalnız kənd adamlarının hərəkət etdiyi bu yol, həqiqətən, onlar üçün çox darıxdırıcıdır. 

 

Yolboyu Namiq müəllimlə söhbət edirik.

Kimya müəllimidir. Gəncədə oxuyub. Bir neçə il Yardımlının Yolacaq kəndində işləyib, sonra doğma Babalıya qayıdıb. Hələ Gəncədə oxuyanda auditoriyada tələbə qızlar tələbə oğlanlardan daha çox olub. Bu ona qəribə gəlib, çünki Cəlilabadda hər ailə qızları məktəbə buraxmır. "Mən düşündüm ki, əgər övladlarımıza təhsil vermək istəyiriksə, ilk növbədə qadınlara təhsil verməliyik, çünki kişilər işdə-gücdə olur, uşağı böyüdən qadındır. Qadın savadsız olanda uşağın təhsilinə kömək edə bilmir". 

 

Kəndə qayıdandan sonra bir neçə qız şagirdi, çətinliklə də olsa,  peşə məktəblərinə göndərmək üçün valideynlərini  razı sala bilib.

 

Yolboyu kəndlərdən keçirik, bu kəndlərin heç birində qızlar təhsil almır. "Qızların təhsilinə, əsasən, valideynlər mane olur".

Uzaqdan Salam Sarvanın kəndini göstərir, orda da heç bir qızın təhsil almasına icazə verilmir. 

 

Qarayar kəndi, Şiləvəngə, Abışabad, Şabanlı, Təklə kəndindən keçirik. 

Bəzi  kəndlərdə möhtəşəm evlər tikilib. Hamısı Rusiyada işləyənlərindir, deyir.

Babanlı kəndi Namiq müəllimin kəndidir. 

 

Sonrakı Cəlayir kəndində maşına yanacaq doldurduq. 

 

Kənd kişiləri yaxınlıqda kom halda yığışıblar. Deyəsən, domino oynayırlar. Onlara yaxınlaşıram. Deyirəm: "Sizə kitablar maraqlı olsaydı, maşınımızı burda saxlayardıq".

Nəhəng bir adam dəstədən ayrılıb mənə tərəf bir-iki addım atdı. Bəlkə də cəngavər cüssəli biri olmasaydı, heç bu cümləni yazmazdım. Dedi, məktəbə gedin, burdakılar kitab nədir bilməzlər. 

 

Şənbə günü olsa da onun sözünü yerə salmadım. Əslində, başqa seçimim də yox idi. 

 

Yolüstü heyvanlarını otaran kişi ilə də kəlmə kəsdim. Dedi, Vallah günümüz belədir, heyvanlar otlayır, biz də onlara tamaşa edirik. İşimizin adı budur. 

Çəmənli, Xanəgah. 

Xənəgah - bu adda kənd az qala Azərbaycanın bütün rayonlarında var.

Ardınca Pərdi, Zəhmətabad, Əsədli gəlir. 

 

Yolda Nigara deyirəm, elə bil gecədir, hamı evinə çəkilib. Bağında, bağçasında işləyən yoxdur. Ümumiyyətlə, hərəkət yoxdur. Yaxşı ki, yamacda qoyun sürüsü otlayır, bir uşaq da yerə uzanıb. Buralarda torpaq əraziləri genişdir, adda-budda dərələr, yarğanlarda heyvanlar da gözə dəyir, amma nəsə dərin bir sükut var, havasızlıq, bezginlik və yorğunluq hiss olunur.

 

Şair Ülvi Aydın zəng edir. Zevin kəndində gözləyir. Profilində "Ya Hüseyn" yazılıb.

 

Namiq müəllimin "qızlar məktəbə buraxılmır" deməsi bizi çarəsiz bir duruma salmışdı. Yəni, necə ola bilər? Bəs bizim bu "təkərli kitab"ın mənası nədir? Övladını təhsil almağa qoymayan kitabı silahla qarşılar. Domino komundan ayrılıb mənə sarı addımlayan cəngavər kişi ağlıma gəldi. Adama elə gəlir ki, bizdə daha "qız mənimdir, məktəbə qoymuram" düşüncəsi qalmayıb, sən demə yolu, suyu, işığı olan abad kəndlərimizdə hələ də cəhalət yaşayır. 

“Bir ələm olsa hamı qoşulub gedər dalınca". Nigar soruşur, nə dedin. "Heç nə, öz-özümə danışıram". 

 

Ləkin kəndində bir qadın şəhid bulağının ətrafındakı çiçəkləri alaq edirdi.  Ürəyim açıldı. O güllü donda, kəlağayıda olan qadın, sarı çiçəklərlə dolu  şəkər kimi bağça. Dərhal ağlımdan keçdi, bəlkə də şəhid anasıdır. Bu bulaq oğlunun adınadır.

 

Və elə orda da dayandıq. Şəhid bulağı ilə üzbəüz yaşıl meydançada gənclər top oynayırdılar. Yaxınlaşıb "Təkərli kitab"a dəvət etdim. Tərəddüdlə də olsa gəldilər.

Dərhal kitabları çıxarıb maşının qarşısına düzdük. "Pulsuzdur, götürün! Zarafat etmirəm. Amma mütləq oxuyun!" 

Onda istəmirəm, gənclərdən biri deyir. Sonra kitab qapaqlarını bir-birinə göstərib gülüşdülər. 

 

Şəhid bulağının bağçasını alaq edən qadına yaxınlaşıb onu da dəvət edirəm. "Balaca uşaqlar varsa, onları da gətirin, onlar üçün kitab hədiyyələrimiz var". 

Bir anda sükut pozulur, domino komu dağılır, evlərin üstündən zülmət çəkilib gedir, qanadlı mələk kimi gözəl-göyçək uşaqlar başımızın  üstünü alırlar.

 

Qonşular da gəldi, kənddə xəbər işıqdan daha sürətlidir. Heç kəs kitabın gəldiyinə inanmır. Çəpər üstündən bir-birlərinə səslənirlər. "Kəndə kitab gəlib!" "Kəndə kitab gəlib!"

Bu layihə işə düşəndən həyəcanla gözlədiyim cümlə. 

 

Tikinti materialları satan dükançı "dükan açıqdır, mən qaçdım", deyir. Başqa birisi "kitab götür, pulsuzdur". "Yox istəmirəm, nə edəcəm onu". 

Ətrafdan hind toyuğunun səsi eşidilir. Burda, deyəsən, hər evdə hinduşka saxlayırlar. 

 

Günəş sınıb. Biz yığışırıq. Şatırlı,

Buravar kəndləri nisbətən yamacda yerləşir. Çətinliklə serpantin yollarla irəliləyib, qamışlı dərədən keçib Telavar yüksəkliyinə tərəf  qalxırıq. Maşınımız tez-tez sönür. Benzinnasosda problem yaranıb. "Bu sizi yolda qoyacaq", kəndlərin birində maşına baxan bir nəfər dedi. Bu söz ağlımdan çıxmır. 

 

Zevin kəndi  şəhidlər üçün abidə ucaldıb, qarşısında şair Ülvi Aydın gözləyir. Bəlkə də yeganə kənddir ki, beş igid şəhid verib.  Burda hava soyuyub. Onun əyni tənikdir. Yaxşı ki, bu abidə var, yoxsa bu yüksəklikdə onu soyuq vurardı. 

Biz hələ Çəmənlidən gələndə gözləyirdi.

"Daha gec oldu, Zevinə bir başqa vaxt gələrik". Kitabını nəşr etməyi vəd etdim.

 

Heyvan evə dönən vaxtdır. Hava qaralıb. 

Telavar yüksəkliyindən Abidərya ocağına, Ləzran kəndinə enirik. Ərsilə, Mirimli   kəndlərində yolumuza qoyun sürüləri çıxır. Üzü enişə Yardımlı-Masallı yoluna, Sırıq kəndinə çatırıq.

Daha maşının bizi yarı yolda qoymaq qorxusu yoxdur.

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2023)

.