“Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri” - Nadir MƏMMƏDLİ Featured

Rate this item
(3 votes)

AMEA Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli türk dünyasının bir incisi olan Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsəri barədə dəyərli bir tədqiq işi ortaya qoyub. 

Mahmud Kaşğarinin bu ensiklopediyasında türksoylu xalqların dil özəllikləri, ləhcələri, milli-mədəni varlıqları toplanıb, dövrünə uyğun qrammatika və yazı qaydaları müəyyənləşdirilib.

Nadir Məmmədlinin “Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsəri” adlı tədqiqat işini diqqətinizə çatdırırıq. 

 

I.

“Divanü lüğat-it-türk” - 950

Oba-oba, addım-addım Türk dünyasını gəzib-dolaşan Mahmud Kaşğari "Divanü lüğat-it-türk" ensiklopediyasında türksoylu xalqların dil-ağız özəlliklərini, ləhcələrini, milli-mədəni varlığını toplamış, dövrünə uyğun qrammatika və yazı qaydalarını müəyyənləşdirmişdir. "Divan" ərəblərin diqqətini çəkmək, ərəb dili qədər güclü bir dil olan, ictimai əhəmiyyəti ilə bu dildən geri qalmayan türk dilini öyrətmək məqsədi ilə 1072 - 1074-cü illərdə ərəb dilində yazılmış, lüğət maddələri, sözlüyü, qrammatik məlumatları klassik ərəb leksikoqrafiyasının prinsiplərinə uyğun tərtib edilmiş, bu dilin xüsusiyyətlərinə görə bölmələrə ayırımışdır. Müəllif mükəmməl bir lüğət ortaya qoymaq üçün "ən fəsih türk ləhcəsi"nə sahib olduğu, türk dilini çox gözəl bildiyi halda, bununla qane olmamış, bütün türk elini oymaq-oymaq gəzmiş, məlumatlar toplamış və bunları müqayisəli şəkildə lüğətdə əks etdirmişdir. "Divan"ın girişində yazır: "Mən bunların dilcə ən fəsihi, danışıqca ən aydın ifadəlisi, ağılca ən incəsi, soyca ən şərəflisi, nizə işlətməkdə ən mahiri olduğum halda, yenə də türk, türkmən oğuzları, çigil, yağma və qırğızların şəhər və obalarını gəzib onların ləhcə və qafiyələrini topladım. Beləliklə, ən düzgün bir şəkildə bütün bu tayfaların ləhcələri məndə qərarlaşdı. Bu kitabı mən yetkin təlif və ən gözəl tərtib üzrə yazdım. Daimi xatirə və tükənməz bir azuqə olsun deyə Allahdan kömək diləyib bu kitabımı "Divanü lüğat-it-türk" adlandırdım." (Mahmud Kaşğari. "Divanü lüğat-it-türk"ün Xalid Səid tərcüməsində. Bakı, "Elm və təhsil", 4 cilddə, I cild, s. 55.) Müəllif ümumşərq üslubunda əsəri "mehriban, rəhimli Allahın adı ilə" yazmağa başlayıb,"təmiz, parlaq və gözəl övladı Məhəmmədə (s.ə.)" salavat və salamlarını çatdırır.

Əsər yalnız lüğət deyil, türk tayfalarının dil-ləhcə fərqlərini, yayılma areallarını, həyat tərzini, tarixini, mifologiyasını, folklorunu, mədəniyyətini öyrənməyə imkan verir. M.Kaşğari bu barədə yazır: "Mahmud ibn əl Hüseyn ibn Məhəmməd" deyir: Allah-təala dövlət günəşini türklərin burclarında parlatdı; hökmranlıqları ilə fələklərin çarxını dolandırdı, onları türk adlandırdı, ölkə hakimliyini onlara tapşırdı, zəmanə padşahlarını onlardan yetirdi, dünya xalqlarının idarəsini onların əllərinə tapşırdı, onları hamıya ağa etdi və doğruluqda möhkəmləşdirdi. Onlarla yaxın olanları, onlarla birgə çalışanları əziz tutdu, bunlar onların sayəsində bütün arzularına çatdılar və pis adamların şərrindən qorundular. Buna görə də onların oxlarından salamat qalmaq üçün ağıllı adamlar onlara tabe olmalıdır. Bunun üçün ən yaxşı vasitə, onların öz dillərilə danışmaqdır, çünki onlar, öz dilləri ilə danışan adama diqqətlə qulaq asırlar və ona qarşı rəhmdil olurlar. Əgər biri onlara sığınarsa, onu öz tayfalarından sayıb onu öz tayfalarının təhlükəsindən qoruyarlar; bununla birgə gələnlər də qoruna bilir." (Mahmud Kaşğari. "Divanü lüğat-it-türk"ün Xalid Səid tərcüməsində. 4 cilddə, I cild, Bakı, "Elm və təhsil", 2024, s. 55.)

Türk olmağı ilə qürur duyan M.Kaşğari bu adın Allah tərəfindən verildiyinə və onların üstünlüyünə inanır. Fəxrlə deyir ki, bu, sadəcə lovğalanmaq deyil, zamanla gerçəkliyin ifadəsidir. Türk dilinin ərəb dili qədər zəngin bir dil olduğunu göstərən M.Kaşğari "Divan"ın girişində bu dilin ərəb dili ilə birlikdə "qoşqulu yarışan at" kimi getdiyini bildirir, türk mədəniyyətinin zənginliyini, eləcə də söz varlığını nümayiş etdirir: "Türk dillərinin də ərəb dili ilə qoşquda yarışan iki at kimi yanaşı ola biləcəyini bildirmək istədim".

Lüğətdə türklərlə bağlı peyğəmbərin iki hədisini xatırladır. Həmin hədislər türk dilinin və türklərin hökmranlığının uzun sürəcəyi ilə bağlıdır. Bu fikirləri sübut etmək üçün şahid Buxara və Nişapurdan olan iki fərqli alimdən eşitdiyini bildirir: "Mən, Buxaranın inanılmış alimindən və başqa bir Nişapurlu alimdən, hər iki tərəfin isnadla rivayət etdikləri bir hədisi eşitdim ki, peyğəmbər - Allahın salavat və salamı ona olsun - qiyamət şərtlərini, axir-zəman fitnələrini və ğuz türklərinin çıxışını zikr edəndə demiş: "Türk dilini öyrənin, çünki onların sürəkli hökmranlığı olacaqdır. Bu hədis doğru isə - vəbalı söyləyənlərinin boynuna - türk dilinin öyrənilməsi vacibdir; yox, hədis düz deyilsə, əql bunun öyrənilməsini lazım bilir." (Mahmud Kaşğari. "Divanü lüğat-it-türk"ün Xalid Səid tərcüməsində. 4 cilddə, I cild, Bakı, "Elm və təhsil", 2024, "Giriş", s.20) Məhəmməd peyğənbərə həmd ifadələrindən sonra, diqqət etdiyimiz kimi, türkləri və türkçülüyü digər yazılı əsərlərdə tez-tez rast gəlinməyən bir tərzdə tərifləyir və türk dilini öyrənməyin zəruriliyini hədislə əsaslandırır.

"Divan"da türk sözü həm ədəb, hörmət, böyüklərə ehtiram, təvazökar, igid, mərd xüsusiyyətlərə malik bir boyun adıdır, həm də "gənc", "güc" mənalarını bildirir. M.Kaşğariyə görə, iyirmi qəbilədən ibarət türklər Nuh peyğəmbərin oğlu Yafəsdən qaynaqlanır və bu adı Tanrı özü verib. M.Kaşğari türklərin hər qəbiləsinin fərqli kök, ana boylarından, yalnız böyük qəbilələrdən və onların əsas qollarından bəhs etdiyini, hər bir boyun şaxələnmiş bir çox oymaqları olduğunu, onların sayını ancaq ulu Tanrı bildiyini qeyd edir: "Əsl türklər iyirmi qəbilədən ibarətdir. Onların hamısı "türk-ibni-Yafis-ibni-Nuh" peyğəmbərin (Allahın səlavatı ona olsun) nəslinə mənsubdurlar ki, bunlar da "Ərrum-ibni-İysu-bini-İshaq-bini-İbrahim (Allahın səlavatı ona olsun) oğulları dərəcəsindədir. Bunlardan hər qəbilə bir çox oymaqlara ayrılır ki, onların sayını ancaq Allah bilir." Qəbilələrin əksəriyyətinin Rumdan başlayıb şərqə qədər uzanıb getdiyini, Çin, Tavğaç, Maçin yaxınlığındakı çigil, tuxsı, yağma, çaruq, çumul, uyğur, tənüt, xatay qəbiləsi olduğunu, onların şimal ilə cənub arasında, orta zonada yerləşdiklərini bildirir. Uyğurların isə özlərinə məxsus saf türk dilləri olduğu kimi, aralarında danışdıqları ikinci bir dili və 24 hərfdən ibarət əlifbaları olmasını, "bununla yazışma işlərini apardıqları"nı, qıfçaq, oğuz, tuxsı, yağma, çigil, ığraq, çaruq tayfalarının saf türk dilləri olmasını, yəmək və başğırt tayfalarının dilləri də bunlara yaxınlığı, Rum ətrafına qədər olan bulğar, suvar, peçənək tayfalarının dillərinin isə. bir qayda üzrə, yan-yövrəsi qırıq türk dili olması haqqında məlumat verir: "Dillərin ən yüngülü ğuzların ("Divan"da oğuz sözü bu formada da işlənir.) dilidir; ən düzgünü isə yağma, tuxsı və uyğur şəhərlərindən başlayaraq, İtil, Yamar, Artış (Irtiş) və İlə (İli) çaylarının boylarında yaşayan tayfaların dilidir. Ən fəsih dil Xaqani padşahlarının və onların ətrafına toplaşanların dilidir." (Mahmud Kaşğari. "Divanü lüğat-it-türk"ün Xalid Səid tərcüməsində. 4 cilddə, I cild, Bakı, "Elm və təhsil", 2024,, s.20) Vətəni olan Balasağun əhalisi soğdi və türk dillərində danışdıqlarını, Arğudan Balasağun şəhərlərinə qədər yaşayan xalqın dilində "pozuqluq" olduğunu da bildirir, həmçinin Kaşğarda Kənçək dili ilə danışan kəndlərin "varlığı"ndan, şəhər əhalisinin Xaqani türkcəsində danışdığından da bəhs edir.

"Divan"da türk ad kimi təkdə işləndikdə bir adamı, övladlarının adı olduqda isə bəşər sözü kimi çoxluq və cəm bildirir. Bunun İbrahim peyğəmbərin oğlu İshaqı, İshaqın oğlu Esavı, onun oğlu Romu və Romdan gələnlərin nəslini necə adlandırdığına bənzədiyini göstərir. Vurğulayır ki, boyların birincisi və böyüyü oğuzların qınıq qəbiləsidir, hətta zəmanənin padşahları da bunlardandır. Ümumiyyətlə, Mahmud Kaşğari oğuzlara xüsusi diqqət yetirmiş, rəğbət bəsləmiş, onların bir türkmən qəbiləsi və iyirmi iki boyu (kunık, qayığ, bayundur, yıvva, salğur, afşar, bəktili, bükdüz, bayat, yazğır, eymür, qərabölük, alqabölük, igdər, ürəkir, tutırqa, ulayonduluğ, tükər, pəçənəg, çuvaldar, çəbni, caruqluğ) olduğunu, damğaları ilə birlikdə ətraflı şəkildə təqdim etmişdir: "Oğuz türklərdən bir qəbilədir; bunlar türkmənlərdir. Onlar iyirmi iki boydur. Hər boyun heyvanları üzərində damğa və nişan vardır. Bununla onlar bir-birini tanıyarlar. Bunların birincisi və böyüyü "qınıq"dır; zamanımızdakı padşahlar bunlardandır". Onun təbirincə oğuz boylarının adlarının necə yaranmasından bəhs edərkən, ərəblərdə olduğu kimi, "onları qurmuş olan babalarının adlarından" götürüldüyünü qeyd edir: "Bu qəbilələri tanımağa xalqın ehtiyacı olduğundan, onları lazımınca söylədim. Bütün bu damğalar onların heyvan və atlarının nişanələridir: hər oba öz heyvanlarını başqalarının heyvanına qarışdığı zaman bu damğalar vasitəsilə tanıyar. Bunlar qəbilələrin əslini bildirir. Sonra bu qəbilələrdən hər birinin qol-budaqları və boyları vardır. İxtisarla qol-budaqlarını azaltdım. Bu qəbilələrin adları qədim zamanlarda bunları törədən babalarının adlarıdır ki, onlara nisbət verilmişdir." (Mahmud Kaşğari. "Divanü lüğat-it-türk"ün Xalid Səid tərcüməsində. 4 cilddə, I cild, Bakı, "Elm və təhsil", 2024, s.50) Oğuzlara çox böyük əhəmiyyət verməsinin səbəbi "Divan"ı yazdığı dövrdə onların arasında olması və sayca çoxluq təşkil etdiyi, Səlcuqlu Sultan Alparslanın ordusunun Anadoluda irəliləməsi və siyasi qüvvəyə çevrilməsi ola bilər. Hər kəsin "Oğuzların əllərinə və heyvanlarına döydükləri damğanı bilməli"dir - deyən M.Kaşğari türklərin ən bəlağətli nitqi, ən ağıllı, ən savadlı və nəcib olması ilə öyünür. "Uzun sözü qısaltmaq faydalıdır" deyə, əsərdə "türk tayfalarının dillərindən söz törədən köklər aldı"ğını bildirir. Bu xüsusiyyətləri sayəsində türk, türkmən, oğuz, cigil, babax, qırğız dilləri haqqında şifahi məlumatları kitabında ən uyğun formada yazdığını, illərlə bu səfərə hazırlaşdığını, bir çox çətinliklərin öhdəsindən gəldiyini söyləyir.

Lüğətdə sözləri müəyyən bir qaydada sıraladığını qeyd edən M.Kaşğari onları axtaranların asanlıqla tapa bilməsi üçün atalar sözləri, deyimlər və şeirlər kimi dördlüklər, beytlərdən ədəbi vasitə kimi türk dilinin ifadə dərinliyini göstərir, kitaba türklərin davranışlarını və biliklərini nümayiş etdirmək üçün söylədikləri şeir nümunələri seçib, çətin və ya sevincli günlərdə yüksək düşüncələrlə səslənən və bundan əvvəl söylənən, sonra nəsildən-nəslə ötürülən atalar sözlərini də daxil edib: "İctimai yaşayış və əməkdə söylədikləri şeirlərdən nümunələr saçdım (seçdim sözünü həm Xalid Səid, həm də redaktorlar saçdım işlətmişlər). Söylənənlərdən nəql edənlərə və onlardan da daha sonrakılara çatdırılmaq üçün söylənmiş xoş və yaman günləri əks etdirən dərin məzmunlu atalar sözlərini də saçdım. Beləliklə, burada söylənmiş şeyləri və məşhur sözləri topladım. Bununla da kitab saflıqda son nöqtəyə və gözəllikdə son mərtəbəyə yüksəldi. Ürəyimin arzusuna və niyyət etdiyim şeyə Allahdan müvəffəqiyyət dilərəm." (Mahmud Kaşğari. "Divanü lüğat-it-türk"ün Xalid Səid tərcüməsində. 4 cilddə, I cild, Bakı, "Elm və təhsil", 2024, , s.50) Bu metod bu gün də müasir leksikoqrafiyada istifadə olunur.

A.N.Kononov Mahmud Kaşğarinin "Divan"ını müxtəlif türk xalqları, tayfaları və türk poetik yaradıcılığı barədə zəngin məlumat verən bir xəzinə adlandırır. Əsər XI əsrin əvvəllərində türk tayfalarının ləhcələri haqqında məlumat verən dialektoloji-etnoloji əsər olmaqla yanaşı, bir çox şəhər, qəsəbə, kənd, dərə, göl və dağların adlarını, toponimlərini xəritədə göstərən, haqqında qısa məlumatlar verən türkün coğrafiyası, insanların adlarını da əhatə edən onomastik bir araşdırma, bəzi türk əfsanələrini, köhnə və yeni inancları, əyləncə, oyunlar, adətləri əhatə edən folklorşünaslıq mənbəyi, dövrün peşə-sənətkarlıq, ovçuluq, geyim, zərgərlik əşyaları və silahlar, atlar, müxtəlif ərzaq, qida məhsulları və içkilər, xəstəliklər, müalicəvi otlar və dərmanlar haqqında məlumat verən etibarlı və yeganə mənbə, əcdadlarımızın bədii-estetik, poetik antologiyasıdır. Lüğəti araşdırarkən ailə və dövlət quruluşu, ictimai həyat, iqtisadi əlaqələr, nəqliyyatı, bir sözlə, türklərlə əlaqəli hər şeyi aydınlaşdıran bənzərsiz bir qaynaqla qarşılaşırıq. Mahmud Kaşğarinin türklərin qarşısında ən böyük xidməti budur ki, onların varlığını təxminən min il əvvəl mövcud olan türk icmalarının nümunələri fonunda nümayiş etdirir.

"Divan"ın tərtibi ilə bağlı M.Kaşğari "Giriş" hissədə ətraflı məlumat verərək onu səkkiz bəhsə ayırdığını qeyd edir: həmzə (həmzəli sözlər), salim (kökündə hərfi-illət, əlif, vav, yə, həmzə və qoşa samit olmayan sözlər), müzaəf (həmcins qoşasamitli sözlər), misal (ilk hərfi hərfi-illət, əlif, vav, yə olan sözlər), üçlülər (üç hərflilər), dördlülər (dörd hərflilər), ğünnəlilər (burun samitli olan sözlər), müxtəlif cinsli qoşasamitli sözlər. Bu bəhslərdən hər birini isim və feillərə ayırmış, öncə isimləri sonra feilləri əlavə etmişdir. Mahmud Kaşğari lüğəti ərəb dili qrammatikası üsulunda hazırlasa da, məqsədi müsəlmanlara, əsasən də ərəblərə türk dilini öyrətmək olmuşdur. Hər bəhs ikihərfli sözlərlə başlayır, daha sonra üçhərfli, dörd, beş və daha artıq hərfdən ibarət sözlərlə davam edir. Müəllif sözlərin formalarını ərəb dilində bablar şəklində göstərmiş, lüğət vahidlərini ərəb qrammatikasına aid terminlərlə izah etməyə çalışmışdır.

Sovet dövründə uzun müddət "Divanü lüğat-it-türk"ün çapına qadağa qoyulmuş, onu tərcümə edənlər repressiya qurbanı olmuşlar. Yalnız 1956-cı il, İ.Stalinin ölümündən sonra qadağalarda güzəşt və yumşalmalar, ictimai-siyasi mühitdə bir qədər mülayimləşmələr baş vermişdir. Bu qadağa və maneələr heç də təsadüfi deyildi, Sovet totalitar idarə sistemində türk xalqlarının milli qüdrət və əzəmətini ifadə edən belə bir ensiklopediyanın nəşr edilməməsinin bir çox amillərlə izahı vardır. Əvvəla, bu kitab türklərin genetik kodunu, şəcərəsini, tarixi inkişaf mərhələlərini və milli kimliyini özündə ehtiva edir. Qəhrəmanlıq və cəngavərlik salnamələri ilə dolu olan türk xalqlarının dil, tarix və mədəniyyətinin məhz keçmiş SSRİ xalqlarına çatdırılması, onların qüdrət və əzəmətinin böyüklüyünün görünməsi arzuolunan deyildi. Keşməkeşli tarixi keçmişi olan türklərin klassik ədəbi-mədəni irsinə nihilis münasibət Sovet imperiyasının xislətindən doğurdu. Çünki "Divan"da türkün geniş miqyasda bütün tərəfləri ilə görünən və böyük əraziləri əhatə edən coğrafiyası, türk xalqlarının yaşam tərzi, onların müstəqil idarəçilik qabiliyyətləri, hərb sənətinə dərindən yiyələnmələri və dövlətçilik ənənələri öz əksini tapmışdır. Bütün bunların geniş oxucu kütlələrinin istifadəsinə verilməsi Sovet imperiyasının maraqlarına tamamilə zidd idi. İkincisi, M.Kaşğarinin təqdim etdiyi dünya xəritəsində Rusiya böyük güc və qüdrət sahibi olmadığı kimi, belə geniş ərazilərə də malik deyil, adi və gücsüz dövlətlərdən biridir. Üçüncüsü, bu kitab hər şeydən öncə türklərin zəngin və qədim tarixə, eləcə də misilsiz mədəniyyətə malik olduqlarına şahidlik edir. Sovet imperiyası isə onun əyalətlərinin, xüsusilə də türklərin ruslardan daha qədim tarixə və mədəniyyətə malik olduğuna qısqanclıqla yanaşır və xislətini gizlətmirdi. Daha doğrusu, türkü türkə və dünyaya tanıdan belə bir qədim və möhtəşəm kitabın müxtəlif dillərə tərcümə olunaraq işıq üzünə çıxması imperiyanın müstəmləkəçilik maraqlarına uyğun deyildi. (ətraflı bax: C.Qasımov. Xalid Səid Xocayev. Bakı, "Şirvannəşr", 2021, s. 253-255.)

"Divan"da yer kürəsinə işarə olaraq dairə şəklində türk icmalarının yaşadığı əraziləri göstərən ilk tematik dünya xəritəsi də təqdim edilir. Xəritənin dairəvi formada çəkilməsi göstərir ki, XI əsrdə türklər yerin bu formada olduğunu bilirdilər. Burada türk tayfaları və coğrafiyası haqqında vacib məlumatlar öz əksini tapır. Müasir kartoqrafik metodlarla müqayisədə ibtidai hesab edilə bilən bu xəritə XI əsrin coğrafi bilik və metodları ilə dünya kartoqrafiyasına öz töhfəsini vermişdir. Xəritədə türk hökmdarlarının iqamətgahı olan Balasağun yaxınlığında yerləşən M.Kaşğarinin atasının şəhəri Barsğan və dövrün əhəmiyyətli mədəniyyət ocağı olan Kaşğar mərkəz olaraq qəbul edilmişdir. Barsğan yaxınlığında göstərilən, lakin adı çəkilməyən göl İssık gölüdür. Digər türk şəhərləri və əraziləri bu şəhərə görə düzülmüş və istiqamətlər Orxon kitabələrindəki qədim türk adətlərinə görə təyin edilmişdir. Türklərin yaşadığı ərazilərdəki şəhərlər, dağlar, səhralar, çaylar və dənizlər, Şərq, Qərb, Şimal və Cənub istiqamətləri müxtəlif rənglərlə göstərilir. Xəritədə 6 çay (onların bəzisi vadisinin adına əsasən məlum olur), iki dağ, bir dəniz adı verilir.

Dəniz (yaşıl rəngdə): Bəhri-Abisgun;

Çaylar (mavi): Ceyhun, Seyhun, İla (vadisi), İrtış (vadisi), Yəmar (vadisi), İtil (vadisi);

Dağlar (qırmızı): Qaraçuq, Sərəndib;

Səhralar (sarı): səhralar adla deyil, ümumi olaraq "qumluq" şəklində göstərilmişdir.

Türklərin yaşadığı ərazilər: oğuz torpağı və məskənləri, qıpçaq, başqırd çölləri, Xarəzm, Azərbaycan adları ilə xəritənin əsas mərkəz hissəsindədir. Xəritədə çay və dağların adları çiçəklərlə göstərilir. Burada Böyük Çin səddi, dağıdılmış Kumluk bölgəsi, vəhşi heyvanlar və ibtidai insanların yaşadığı torpaqlar, şimal-qərbdə şiddətli soyuq hava səbəbindən məskunlaşmayan ərazilər də yer almış, türk yaşayış məntəqələrindən savayı eyni bölgədəki qonşu ölkələr və icmaların da adı çəkilmişdir.

Digər yerlər: Cabarqa, Cafu, Bəldətül-Ələviyyə, Ünas-kəsirə minət-türk, Beşbalıq, Canbalıq, Xatun sini, Biladu-Uyğur, Sülmi, Qoço, Maçin, Ardu-kəlim kuşan, Bəldeyi-Nəsa, Çömül məskəni, Ötükən, Qayaqı-Yəmak (Yəmak qayalıqları, bozqırı), Qay məskəni, Qayaqı-Başqırt, Qayaqı-Basmil, Qayaqı-Tataq, Bulğar, Bəldeyi-Saqal-muhdəsə, Qıfçaq və ğuz məskəni, Biladül-ğuziyyə, Suvar, Nəsnaslar yaşadığı söylənən qayalıqlar, Vəhşilərin məkanı, soyuq olduğu üçün bəşər yaşamayan yer, Qıpçaq məskəni, Çənd, Manqışlağ, Rus, Saqaliba, Vərənk, Əməc, Bəçənək, Dərbəndi-Xəzaran, Təbəristan, Xarəzm, Diyari-Dəyalimə, Ardu-Azərabadagan, Ardul-Əkrad (Ərzul-Əkrad - Kürd torpağı), Arduş-Şam, Hüdudu-Misir, İskəndəriyyə, Ardu-Xorasan, Ardul-İraqeyn, Ardul-Hicaz, Ardul-Qeyrəvan və ğeyrihə, Ərzail-Məğaribə və Əndəlus (Məğrib ölkəsi olan Əndəlus), Hədsiz isti olduğundan insan yaşamayan yerlər, Biladi-Fars, Biladi-Xuzistan, Biladi-Sicistan, Biladi-Kirman, Ardul-Yəmən, Diyari-Zənc, Biladi-Həbəşiyyə, Biladi-Zat, Biladi-Bərbər, Biladi-Sin, Biladi-Hind, Sərəndib, Adəm əleyhissəlamın ayaq basdığı yer, Səddi-Zülqərneyn, Ardu-Yəcuc Məcuc, Şaş, İsbəncab, Kümi Talas, İkki Öküz, Yafınc, Nəzil, Təraz, Balasağun, Barsğan, Koca, Barman, Uc, Qoçinkar başi, Şancu, Cürcan, Xotən, Yarkəng, Kaşğar, Özçənd, Marginan, Xocənd, Səmərqənd, Qışmir, Kaşan, Biladi-Sind, Ğəznə.  

Yaponiyanı dünya xəritəsində göstərən ilk şəxs M.Kaşğaridir, bu əsərinin əhəmiyyətini daha da artırır. O, Yaponiyanın Şərqdə Çabarqa adlı bir ada olduğunu söyləyir: "Hər tayfanın dilini ayrıca göstərirəm; lakin, uzaqlığı və Maçin ilə aralarındakı böyük dənizin olması üzündən, Çabarqa xalqının dili naməlumdur." (Mahmud Kaşğari. "Divanü lüğat-it-türk"ün Xalid Səid tərcüməsində. 4 cilddə, I cild, Bakı, "Elm və təhsil", 2024, s.50)

Tarixi mənbələrə əsasən, Yaponiyanın ikinci xəritəsi "Divan"dan dörd əsr sonra çəkilmişdir.

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2024)