Bakıda dahi yazıçı Çingiz Aytmatovun 95 illik yubileyinə həsr olunmuş tədbir təşkil edilib

Rate this item
(0 votes)

Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) dekabrın 25-də Bakıda XX əsrin dahi qırğız yazıçısı Çingiz Aytmatovun 95 illik yubileyinə həsr olunmuş tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er Çingiz Aytmatovun qələmi və dühası ilə bütün dünyada milyonlarla oxucunun qəlbinin fatehi olduğunu deyib. O bildirib ki, yüz illər keçsə də, Çingiz Aytmatov yaradıcılığının sönməz alovu oxucularının və ədəbiyyatsevərlərin qəlbini isidəcək. Əsərlərinin dünyanın 170 dilinə tərcümə edilməsi, bütün əsərlərinə film çəkilməsi böyük yazıçının dühasının miqyasını nümayiş etdirir. Təsadüfi deyil ki, Çingiz Aytmatovun adı dünyanın ən məşhur ədibləri ilə yanaşı çəkilir. O, milyonlarla tirajla nəşr edilmiş əsərləri ilə dünyada ən çox oxunan yazıçılardan biridir.

“Çingiz Aytmatov sərhədləri aşan fenomen, Türk xalqının layiqli övladıdır. Bu baxımdan Türk dünyasında və onun hüdudlarından kənarda Çingiz Aytmatov adına, irsinə və xatirəsinə sonsuz ehtiram əbədiyaşar yazıçıya olan dərin məhəbbət və rəğbətdən irəli gəlir. Çingiz Aytmatov Türk dünyasının yetişdirdiyi görkəmli simalardan biri, tarixin bütün mərhələlərində olduğu kimi, XX əsrdə bəşəriyyətə bəxş etdiyi ədəbiyyat və mədəniyyət incisidir. Çingiz Aytmatov türk xalqlarının tükənməz mədəniyyət və yaradıcılıq potensialının parlaq təcəssümüdür”, - deyən Baş katib qeyd edib ki, Aytmatov kimi dəyərlərimizin daim yaşadılması və ötürülməsi Türk dünyasında hər bir nəsilin özündən sonrakı nəsillər qarşısında müqəddəs vəzifəsidir.

Bu, Türk xalqlarının min illər boyu ərsəyə gətirdiyi dəyərlərin davamlılığının təmin edilməsinə verilən töhfədir. Mədəniyyət diplomatiyasının əhəmiyyətli rol oynadığı bir dövrdə dövlətlərimiz də Türk dünyasının tanınmasına, Türk irsinin dünyada təşviqi və təbliğinə böyük önəm verir.

Məhz belə dəyərlərimizin təşviqi Türk dünyasının “yumşaq güc”ünə güc qatır, dünyada ona daha çox maraq oyadır.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Çingiz Aytmatovun Türk dünyasının ədəbiyyatına bəxş etdiyi töhfələrdən danışıb. Qeyd edilib ki, dahi yazıçının yaradıcılığı bu günümüzə və gələcəyimizə xidmət edir. O, öz əsərləri ilə Türk dünyasının mənəvi identifikliyini formalaşdırıb. Böyük ədibin əsərlərinin dünyanın 170 dilinə tərcümə olunması onun ümumbəşəri yazıçı olduğunu sübut edir.

Yubiley tədbirində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Qırğız Respublikasının Azərbaycandakı səfiri Kairat Osmanaliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Ağsaqqallar Birliyinin üzvü Həsən Həsənov və digərləri yazıçının həyat və yaradıcılığından, zəngin ədəbi irsindən, Türk dünyası ədəbiyyatı tarixinə bəxş etdiyi töhfələrdən söz açıblar.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2023)