Şuşada Molla Pənah Vaqifin evini bərpa etmək mümkündürmü? Featured

Rate this item
(0 votes)

 

Yazıçı-publisist Ramiz Göyüşün “Ədəbiyyat və incəsənət” portalına təqdim etdiyi bu yazısı çox aktual bir məsələyə toxunur. Dahi şair Molla Pənah Vaqifin Şuşadakı evini bərpa etmək mümkündürmü? 

 

Molla Pənah  Vaqif şəxsiyyətinə - bir şair kimi, bir dövlət xadimi və Qarabağ Xanlığının vəziri kimi onun fəliyyətini və yaradıcılığını,   sağlığından başlayaraq bu günümüzə qədər öyrənən, araşdıran tədqiq edən görkəmli tədqiqatçılar, tarixçilər, səlnaməçilər ədəbiyyat adamları və dövlət xadimləri bütün dövrlərdə yüksək dəyər vermişlər. Onların sırasında Mirzə Fətəli Axundovun, Qarabağnamələrin müəllifləri- Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşir Qarabağinin,  Əhməd bəy Cavanşirin, Mirzə Yusif Qarabağinin, Mir Mehdi Xəzaninin, Rzaqulu bəy Mirzə Camal oğlunun, Mirzə Rəhim Fənanın, Məhəmmədəli bəy Məxfinin,  Həsən İxfa Əlizadənin, Həsənəli xan Qaradağinin, Qasımbəy Zakirin, Aşıq Valehin, Salman Mümtazın, Firudin bəy Köçərlinin, Adolf Berjenin, Həmid Araslının, Yusif Vəzir Çəmənzəminlinin, Səməd Vurğunun, Araz Dadaşzadənin, Nizami Cəfərovun, Aqil Abbasın adlarını minnətdarlıqla xatılamaq istərdim.

Molla Pənah Vaqifə ən yüksək dəyər verən şəxsiyyətlərdən biri də Ümumilli liderimiz Heydər Əliyev olmuşdur. Ümumilli liderimiz Heydər Əliyev onun yaradıcılığına yüksək dəyər verməklə yanaşı, həm də 1967-ci ildə Şuşada olarkən Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və o, dağılmış məzarı ziyarət etmişdir. Ümummilli liderimiz "bu məzarın Vaqifə layiq olmadığını" səsləndirmişdir 1980–81-ci illərdə Ulu öndərin göstərişi ilə Vaqifin məzarı üzərində abidə və türbə tikilmiş, 1982-ci ilin yanvar ayında Onun özünün  iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılışı olmuşdur. Vaqifin məzarı üstündə dünyada barmaqla sayılacaq qədər az olan gözəllikdə məqbərə kompleksi və abidə ucaldılmış, 1982-ci ildən başlayaraq hər il onun təşəbbüsü və göstərişi ilə “Vaqif Poeziya Günləri“ keçirilməsinə başlanmşıdır... 

Lakin min təəssüf ki, 1992-ci ildə Şuşa işğal edildikdən sonra erməni vandalları tərəfindən şəhərdəki bütün abidələr kimi Vaqifin məqbərə kompleksi də yerlə yeksan edildi...

Azərbaycan tarixinə qızıl hərflərlə daxil olan 44 günlük Vətən müharibəsində Müzəffər  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman  Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdi. 2020-ci ilin  8 noyabrı müasir  tariximizə Zəfər Günü kimi daxil oldu. Bu qələbədən dərhal sonra Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradıldı, qısa müddətdə şəhərin baş planı hazırlandı və bu plana uyğun olaraq burada geniş abadlıq, bərpa, quruculuq və tikinti işlərinə başlanıldı, işlər bu gün də sürətlə davam etdirilir. Prezidentin müvafiq Sərəncamları ilə 2022-ci il “Şuşa ili“ elan edildi, Şuşa şəhərinin 270 iilik yubileyinin qeyd edilməsi haqqında qərar qəbul edildi.

Şəhərin 270 illik yubileyi ilə əlaqədar bərpa və tikinti işləri surətlə davam etməkdədir və qısa zamandan sonra Prezident İlham Əliyevin dediyi kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Azərbaycanımızın Mədəniyyət Paytaxtı elan edilən Şuşa bu gün tarixinin ən şərəfli bir dövrünü yaşayır.

        “...xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük qələbədir! Şəhidlərimizin, Ulu öndərin ruhu şaddır”...deyən Prezidentimiz İlham Əliyev Ümummilli liderimiz tərəfindən başlanılmış, lakin tamamlanmamış işləri sədaqətlə, mərdliklə, qətiyyətlə və uğurla başa çatdırmaqdadır. Saymaqla qurtarmayan bu möhtəşəm işlərin sırasında  Molla Pənah Vaqifin adı ilə bağlı işlər də vardır. Belə ki, Şuşa işğaldan azad edildikdən sonra 2021-ci il avqustun 29-da  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Şuşada Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra təntənəli şəkildə açılışı keçirildi, bir gün sonra – avqustun 30-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə şairin işğaldan azad edilmiş doğma şəhərində Vaqif Poeziya Günləri 30 illik fasilədən sonra yenidən təşkil olundu, Azərbaycan Prezidenti İlham Əliyevin, birinci vitse-prezident Mehriban Əliyevanın, Azərbaycanın görkəmli söz və sənət adamlarının da iştirak etdiyi bu tədbir, möhtəşəm sənət və mədəniyyət hadisəsi kimi Azərbaycanımızın müasir tarixinə qızıl hərflərlə həkk olundu.

Bununla belə, Vaqifsevərləri və poeziya həvəskarnı Vaqifin yaşadığı evin acı taleyi hər zaman düşündürür. Tarixdən məlumdur kİ, Ağa Məhəmməd şah Qacarın öldürülməsindən sonra İbrahim xanın qardaşı oğlu, “Batmanqılınc” ləqəbli ilə məşhur olan Məhəmməd bəy Cavanşir kiçik bir zaman kəsiyində Şuşada hakimiyyəti ələ alır. Xanlıq iddiasında olan və buna əsas maneə kimi Vaqifi görən, həmçinin həyat yoldaşlna gözü düşdüyü üçün Məmməd bəy Cavanşir onu  öldürmək qrarına gəlir və buna bəhanə tapır. Onun əmri ilə Vaqif oğlu Əli ağa ilə brlikdə Cıdır düzündə qəddarlıqla qətlə yetirilir. Bu azmış kimi Vaqifin yaşadığı evi vəhşicəsinə talan edərək bütün külliyatını məhv etdirir. ”Demək olar ki, bütün həyatını yeniyetməlik illərindən başlayaraq, yazı-pozuya həsr etmiş bir insanın bir cümlə və bir misra yazısının qalmaması Molla Pənah Vaqif taleyinin, bəlkə də ən böyük paradoksu idi! (Akademik Nizami Cəfərov).

İndi Şuşanın intibahının növbəti dönəmində Vaqifin evinin bərpası həm tarixilik, həm qədirşünaslıq, həm də bütün mənalarda çox əlamətdar və yaddaqalan bir hadisə olardı.

Qeyd etməyi zəruri hesab edirəm ki, Molla Pənah Vaqifin evinin yeri məlumdur və hələ işğaldan əvvəl həmin yerdə xatirə lövhəsi də vurulmuşdu. Həmin lövhənin şəklini yazıya əlavə edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2023)