“AITF 2023” Beynəlxalq turizm sərgisi böyük maraq doğurur

Rate this item
(0 votes)

Turizm həvəskarlarını sevindirəcək bir xəbər: Aprelin 4-dən 6-dək Bakı Ekspo Mərkəzində pandemiya ilə bağlı yaranan 3 illik fasilədən sonra 19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisi növbəti dəfə açılacaq. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.

 

“Ədəbiyyat və incəsənət” sərginin rəsmi saytına istinadən məlumat verir ki, sərgi ənənəvi olaraq müxtəlif ölkələrdən turizm sənayesinin nümayəndələrini, milli və regional turizm təşkilatlarını və dövlət qurumlarını bir araya gətirən, onlara yeni əlaqələr qurmaq, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək, həmçinin yeni tərəfdaşlar və müştərilər tapmaq imkanı verən turizm bazarının aparıcı tədbirlərindən biridir. 

Fəal istirahətin ən geniş yayılmış, həmçinin kütləvi növü olan turizmə aid tədbirlər nəinki bu sənayenin nümayəndələrini, həm də yerli və xarici səyahətçiləri cəlb edir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və beləliklə, turizm daha geniş vüsət alır. “AITF 2023” sərgisi səyahət etməyi sevən Azərbaycan səyahətçiləri üçün də yeni turistik məkanları kəşf etmək imkanı yaradan bir platforma olacaq.

Sərgiyə Azərbaycanla yanaşı dünyanın müxtəlif ölkələrindən - Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, İsveçrə, Kuba, Polşa, Özbəkistan, Rusiya, Sloveniya, Tunis və başqa ölkələrdən olan şirkətlər qatılacaq. Budəfəki sərgidə Belarus, Çexiya, Polşa və Özbəkistan öz milli stendləri ilə iştirak edəcəklər. Xatırladaq ki, qardaş Özbəkistan AİTF platformasına ən çox maraq göstərən ölkədir və şəkillərdən birindəki poster bu fikrimizi isbatlayır. 

Digər şəkildə isə “Ədəbiyyat və incəsənət” portalı sizlərə xatırladır ki, pandemiyaya qədər AİTF necə izdihamlı sərgilər nümayiş etdirib. 

Qeyd edək ki, builki sərgi çərçivəsində panel müzakirələr aparılacaq, ikitərəfli B2B görüşlər keçiriləcək, yerli və xarici şirkətlərin nümayəndələri qarşılıqlı əməkdaşlıq yollarını, eləcə də tərəfdaşlığın digər formalarını müzakirə edəcəklər. Həmçinin təhsil turizmi, xaricdə əmlak, idman turizmi, turizmdə İT texnologiyaları, ovçuluq və balıqçılıq, kruiz sənayesi, aviaşirkətlər, milli və regional turizm orqanları, nazirliklər, səfirliklər, səyahət agentlikləri və turoperatorlar və s. kimi bir sıra sektorlar nümayiş olunacaq.

“AITF 2023” turizm sənayesinin peşəkarları üçün çoxdan gözlənilən hadisədir, belə ki, “AITF” beynəlxalq və yerli şirkətlərin bazar ehtiyaclarını və istehlakçı marağını qiymətləndirən, rəqabət mühitinin öyrənildiyi, inkişaf strategiyasının qurulduğu ölkənin turizm sənayesinin bərpasına təkan verən sərgidir.

Bir sözlə, əziz bakılılar və şəhərimizin qonaqları, aprelin 4-dən 6-dək Bakı Ekspo Mərkəzində çox maraqlı olacaq, ora gəlin!

 

“Ədəbiyyat və incəsənət”

(30.03.2023)