Onu “Cangüdən”dən sonra əsla unutmadıq Featured

Rate this item
(0 votes)

Dünyaşöhrətli müğənni Uitni Hyustonun musiqi albomu işıq üzü görüb

 

Məşhur amerikalı müğənni, “The Bodyguard" (Cangüdən) filmi ilə milyonların qəlbini fəth etmiş Uitni Hyustonun ölümündən sonra "I go to the rock" adlı musiqi albomu çıxarılıb. Və bu hadisə Uitnisevərlərə misilsiz xoşbəxtlik gətirib. 

Düzdür, indiki nəsil bəlkə də Uitnini tanımaz, ancaq elə bizim portalda orta yaşlılar onu yaxşı xatırlayırlar. 

 

Week-end dərgisinə istinadla “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sözügedən alboma dini motivli - kilsə musiqisindən ibarət 14 kompozisiya daxil edilib. Onların arasında “Testimony”, “I found a wonderful way”, “He can use me” və digər kompozisiyalar da var. Bu mahnılardan bəziləri ifaçı tərəfindən 1981-ci ildə 17 yaşında olarkən yazılıb və heç vaxt üzə çıxarılmayıb. 

Albomda təqdim olunan studiya və konsert yazıları 1990-cı ildə hazırlanıb. Bəstələrin çoxu U.Hyustonla bərabər Corciya ştatının Makon şəhərinin Georgia Mass Choir xorunun iştirakı ilə lentə alınıb.

Qeyd edək ki, Uitni Hyustonun ilk musiqi albomu 1985-ci ildə işıq üzü görərək, müğənniyə xeyli məşhurluq gətirib. Elə həmin ildə "Saving all my love for you" mahnısı U.Hyustona “Grammy” musiqi mükafatını qazandırıb. 2 il sonra ifaçı ikinci solo albomu olan "Whitney"i çıxarır. Həmin dövrdə bu albom say hesabı ilə 19 milyon ədəd satılaraq, gəlir baxımından rekorda imza atır. "I wanna dance with somebody", "So emotional", "Didn't we almost have it all" və "Where do broken hearts go" mahnılarının yer aldığı bu albomla U.Hyuston ikinci “Grammy” mükafatını qazanır. Müğənni 1992-ci ildə aktyor Kevin Kostnerlə haqqında bəhs etdiyimiz “Cangüdən" filmində baş rolda çəkilib. Həmin filmdə onun ifa etdiyi "I will always love you" mahnısı müğənnini daha da şöhrətləndirib. Dünyaşöhrətli ifaçı Uitni Hyuston 2012-ci il fevralın 11-də Los-Anceles şəhərinin "Beverly Hilton" mehmanxanasında qaldığı otağında vəfat edib. Düzdür, çox şayiələr gəzib, onun narkotikin artıq dozası qəbul etməsi səbəbindən ölməsini də iddia ediblər, ancaq gəlin ölmüşlərin ruhunu incitməyək.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)