“Toy”u ilə rejimə toy tutan yazıçı! Featured

Rate this item
(0 votes)

Sabit Rəhmanın doğum gününə

 

Ötən gün Azərbaycan Sovet yazıçısı və dramaturqu Sabit Rəhmanın doğum günüydü, anadan olmasının 113-cü ildönümü idi. Olsun ki, ədəbiyyat kuluarlarında bu hadisə sükutla ötüşdü. Amma “Ədəbiyyat və incəsənət” portalı olaraq sizləri əmin edirik ki, Sabit Rəhman özü haqqında ucadan danışılmasını həqq edən yazıçı və dramaturqdur. Tək elə bir “Toy” komediyasına görə. Amma bundan əvvəl o, ən gözəl kino və teatr komediyalarının ssenari müəllifi kimi tarixdə qalıb. Tərcümeyi halı ilə sizləri tanış etdikdə onu kifayət qədər tanımayanlar təəccüblənəcəklər ki, bütün məşhur komedik tamaşa və filmlər bu şəxsə məxsus imiş ki. Amma öncə məhz “Toy” haqqında danışacağıq. O “Toy” ki, Sovet rejiminə qılıncının dalı və qabağı kəsdiyi bir dövrdə əsl toy tutmuşdu. 

 

Müasir Azərbaycan komediyasının yaranmasında və inkişafında xüsusi xidmətləri olan Sabit Rəhman məhz 1938-ci ildə “Toy” komediyasını yazır. 1937-ci ildəki dəhşətli repressiyalardan sonra yazılan bu komediya ilk baxışda adi gülüş toplusu idi, onu elə adi komediya kimi də qarşıladılar, halbuki “Toy”un əsl mahiyyətini bilmək üçün böyük bir imperiyanın süqutunu gözləmək lazım gəlirdi. 

“Toy” komediyası barədə ədəbiyyatşünas-tənqidçi Yaşar Qarayevin yazdıqlarına diqqət edək: “Mən həmişə heyrət edirdim ki, bu qədər şaqraq, şən və şux bir “Toy” 1937-ci ildən dərhal sonra 1938-ci ildə necə meydana çıxa və necə belə ucadan səslənə bilərdi?! Doğrudanmı, bu “Toy” - matəmdə bayram, vəba vaxtı işrət” idi?”

Sabit Rəhman ideal sayılan və təbliğ edilən sovet cəmiyyətinin nöqsanlarını gülə-gülə göstərsə də, əslində bu gülüşün arxasında bir insan taleyi dayanırdı. Özü “Toy” komediyasını yazandan sonra demişdi: “Mən öncədən bilirdim ki, yerim 37-ci ildə tutulan yazıçıların arasında olacaq. Lakin yazıçı borcumu yerinə yetirmək mənə üstün gəldi”.

Bəli, əsl yazıçı belə olar, haqsızlığa əsla susmaz. 

Sabit Rəhman XX əsr Azərbaycan ədəbiyyatında, mədəniyyət və incəsənətində mühüm yer tutan sənətkarlardandır. Yazıçı, dramaturq, kinossenarist kimi o dövrün ictimai-siyasi prosesləri onun əsərlərində öz əksini tapıb. Sabit Rəhmanın tamaşaları səhnəmizə yeni nəfəs, yeni mövzu və sağlam gülüş gətirib. 70 ildən çoxdur ki, səhnəmizdə “Toy”, “Xoşbəxtlər”, “Aydınlıq”, “Nişanlı qız”, “Hicran”, “Əliqulu evlənir” oynanılmaqdadır. Bütün bunlarsız Azərbaycan səhnəsinin nə qədər kasıb olacağını təsəvvür etmək isə o qədər də çətin deyil. Elə hər bayramda komediya ulduzlarımız Nəsibə Zeynalova, Səyavuş Aslan və Hacıbaba Bağırov triosunun ifasında “Hicran” tamaşasına teleekranlardan təkrar-təkrar baxmırıqmı? 

 

Sabir Kərim oğlu Mahmudov (Sabit Rəhman) 1910-cu il martın 26-da Şəkidə dünyaya gəlib. 1926-cı ildə “Molla Nəsrəddin” jurnalında “Şeyx Samit” imzası ilə dərc olunan felyetonu ədəbiyyat aləminə yeni bir istedadın gəlişindən xəbər verirdi. Ardınca 50-dən çox hekayə, “Vəfasız”, “Son faciə”, “Arzular” povestlərini, “Nina”, “Böyük günlər” romanları, “Hicran”, “Ulduz” musiqili komediyaları yazıdı, Sabit Rəhman daha çox səhnəmizin gülüşü və təbəssümü kimi sevildi. 

Sabit Rəhman təkcə nasir, dramaturq kimi yox, qeyri-adi istedadı, fərqli düşüncəsi, cəsarəti ilə kinossenarist kimi də uğur qazandı. Sabit Rəhmanın qələmindən çıxan “Arşın mal alan”, “O olmasın bu olsun”, “Koroğlu”, “Əhməd haradadır” filmlərinin ssenarisi təsadüfi deyil ki, kinossenarilərimizin ən gözəl nümunələrindən sayılır. Bunu vaxtı ilə “Arşın mal alan” filminin kinossenarisini oxuyan Üzeyir bəy Hacıbəylinin Sabit Rəhmana dediyi sözlər də təsdiq edir: “Başqası mənim gülüşlərimi hoqqabazlığa çevirə bilərdi, amma sən gülüşlərimə ekran üçün can vermisən”.

Sabit Rəhman 1970-ci il sentyabrın 23-də Bakıda vəfat edib.

Ruhu şad olsun!

 

Şəkildə: “Hicran” tamaşasından görüntü. (Kadr AzTV-nin efirindən götürülüb)

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2023)