Azərbaycan incəsənət nümayəndələri Türkiyədə keçirilən IV Dünya Köçəri Oyunları Festivalında iştirak edib

Rate this item
(0 votes)

 

Türkiyənin Bursa vilayətinin İznik rayonunda cari ilin 29 sentyabr-3 oktyabr tarixlərində “Ənənələrdən gələcəyə birlikdəyik!” şüarı altında “IV Dünya Köçəri Oyunları” festivalı keçirilib. Festivalda Azərbaycan incəsənət nümayəndələri də uğurla iştirak ediblər. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Türksoyun dəstəyi ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Cəngi estrada və folklor ansamblı həmçinin solistlər rəngarəng proqramla ölkəmizin zəngin mədəniyyətini festival iştirakçılarına təqdim ediblər.

Festivalın açılış mərasimində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Rəcəb Tayyib Ərdoğan dünya  köçəri oyunlarının əhəmiyyətini xüsusi vurğulayıb və belə festivalların xalqların adət ənənələrinə bağlılığını və tarixini gənc nəsillərə ötürməsində mühüm hadisə olduğunu dilə gətirib. Çıxışın sonunda Rəcəb Tayyib Ərdoğan Dünya Köçəri oyunlarını açıq elan edib. Rəsmi hissədən sonra açılış mərasiminin bədii hissəsi olub. Azarkeşlər və qonaqlar maraqlı musiqi və çıxışlar izləyib. 

Azərbaycandan olan kollektivlər və solistlər bir-birindən dəyərli ifalar təqdim edib.

Qeyd edək ki, 4-cü Dünya Köçəri Oyunları Festivalı oktyabrın 3-də təntənəli mərasimlə yekunlaşıb.

Türksoy tərəfindən F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Cəngi estrada və folklor ansamblı təşəkkür diplomu, kollektivlərin baletmeysterləri “Aşıq Veysəl” medalı ilə təltif olunublar.