Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalına evsahibliyi edir Featured

Rate this item
(1 Vote)

 

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada daha bir möhtəşəm tədbir keçirilir. On bir ölkənin nümayəndələrinin və ölkəmizin on bir iqtisadi regionunun mətbəx nümunələrinin nümayiş olunduğu Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalı uğurla davam edir. Ən yaxşı mətbəx nümunələri bir araya gəlib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gəlib. 

Ləziz təamlar bayramına çevrilən Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında bu şəhərin qədimliyi, gözəlliyi, Azərbaycan xalqının qonaqpərvərliyi bir daha nümayiş etdirilir.

Sabah yekunlaşacaq Beynəlxalq Kulinariya Festivalında Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış edir. Tədbirdə Belçika, Çexiya, Fransa, İtaliya, İsrail, Kanada, Koreya Respublikası, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələrdən qida sahəsi üzrə beynəlxalq ekspertlər, qida üzrə blogerlər də təmsil olunur.

Qonaqlar peşəkar aşpazların ustad dərslərində də iştirak edib yemək hazırlamağın incəliklərini öyrənə biləcəklər.

Kulinariya festivalına Azərbaycanın müxtəlif iqtisadi rayonları – Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Naxçıvan, Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala və digərləri qatılıb. Festivalda dequstasiya üçün şərablar, pendirlər və digər məhsulların təklif olunduğu zonalar da fəaliyyət göstərir.

Festival zamanı Şuşada təkcə dünya xalqlarının təamları deyil, həmçinin müxtəlif ölkələrin maddi və mənəvi dəyərləri təqdim edilir. Bu konsepsiyaya əsasən, festivalda quraşdırılan pavilyonlar da fərqli formatdadır. Hər pavilyon qonaqları ayrı-ayrı ölkələrə xas memarlıq quruluşu, milli musiqi ilə salamlayacaq, tanınmış əsərlərdən parçalar səhnələşdiriləcək. Festival günlərində qonaqlara ümumilikdə 100-dən çox incəsənət ustasının iştirakı ilə bədii proqram təqdim ediləcək. İstirahət və əyləncə zonasındakı pavilyonlarda tamaşalar, konsert və sərgilər təşkil olunacaq.

Festival çərçivəsində Azərbaycanın milli sənətkarlıq nümunələri də sərgilənir. Tədbir günlərində “Azərxalça” ASC-nin yaradıcı heyəti xalçaçılıq ənənələrinə dair müxtəlif interaktiv təqdimatlar edəcək. Burada xalçanın ərsəyə gəlməsi prosesi canlandırılır və interaktiv teatr tamaşasında xalçanın yaradılmasının hər mərhələsi səhnələşdirilir. Qonaqlara yunun qırxılması və təmizlənməsi, ipin hazırlanması və təbii boyalarla rənglənməsi, dəzgahın hazırlanması, ərişin çəkilməsi, xovlu və xovsuz xalçaların toxunması, xalçanın kəsilməsi, cehiz yığma səhnəsi nümayiş olunur. 

Festivalda Heydər Əliyev Fondunun kulinariyaya dair nəşrləri də təqdim olunur. 

Festival çərçivəsində Şuşada 30-dan çox Azərbaycan rəssam və heykəltaraşının iştirakı ilə “Şuşa. Bahar əfsanəsi” adlı plener keçirilir. Təbiət qoynunda yaradılacaq əsərlər vaxtı ilə işğal altında olmuş bir şəhərin hazırkı vəziyyətini, füsunkar təbiətini canlandıracaq.

“İlk dəfədir Şuşaya səfər edirəm. Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında iştirak etdiyim üçün çox məmnunam. Festival yüksək təşkilatçılığı ilə diqqət çəkir.”

Bu fikirləri AzərTAC-a açıqlamasında fransalı kulinar Cyril Rouquet Prevost (sonuncu fotoda) deyib.

“Azərbaycanda insanların səmimiliyi, qonaqpərvərliyi, gülərüzlülüyü ilk andan adamda bir doğmalıq, yaxınlıq yaradır. Bura gəlməmişdən əvvəl ölkənizlə bağlı geniş məlumatlarla tanış oldum. Azərbaycanın Şərqlə Qərbin qovşağında yerləşməsi bu yurdum qədimliyindən xəbər verir. Festivalın Şuşa kimi tarixi şəhərdə keçirilməsi, milli-mənəvi dəyərlərin nümayiş baxımından olduqca önəmlidir. İnanıram ki, belə festivallar xalqlarımız arasında mövcud əlaqələrin daha da möhkəmləməsinə öz töhfəsini verəcək”,- deyə qonaq bildirib.