Sumqayıtda o çox məşhur idi Featured

Rate this item
(0 votes)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

"Qədeş, bəlkə gedib xəngəl yeyək"- hər dəfə görüşəndə zarafata salıb təklif edərdi. Çox mehriban, səmimi adam idi. Sumqayıtda, qonşu binalarda yaşayırdıq. Gah mağazada, gah avtobus dayanacağında, gah da məhlədə tez-tez rastlaşırdıq. Hər dəfə də görüşəndə, əhvalının necə olmasından asılı olmayaraq, adamı güldürür, keyfini açırdı...

 

Bəli, Xanlar Muradov yaxşı aktyor idi. Onu sizlərə xatırlatdım, çünki dünən vəfatının növbəti ildönümü idi.

Həm də, yaxşı insan idi. Necə deyərlər, yeyib içən, deyib güləndi. Axtarsaydın, məhlədə xətrini istəməyən adam tapılmazdı. Uşaqla uşaq, böyüklə böyüklük edərdi. Aktyorluğuna da söz ola bilməzdi. Onu Bəşir Səfəroğluna bənzədənlər də az deyildi. Arada zarafat edib, hansısa tamaşada dediyi kimi, ona "vur, vurum..." deyə müraciət edirdim. Deyirdi: "Qədeş, deyirsən vuruşaq, vuruşaq da, amma gəl birinci badələri vuruşduraq..."

 

Xanlar Muradov 1946-cı ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsində anadan olub. Əmək fəaliyyətinə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında başlayıb və bu teatrda o, 50-yə yaxın rol oynayıb. Sonra 1975-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor işləyib. Orada "Danabaş kəndinin əhvalatları"nda Xudayar bəy, "Qızıl toy"da Rəhim, "Subaylarınızdan görısiniz"də Seyfi, "Səhnədə məhəbbət"də Milyonçu, "Məhəbbət oyunu"nda Daşdəmirov, "Nəğməli Könül"də Fərrux və s. yaddaqalan obrazları yaradıb.  

2000-ci ildə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb...

5 fevral 2005-ci ildə 58 yaşında ikən vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2024)