Gələcəyə inamla! - CƏNCLƏRİN HEKAYƏLƏRİNƏ BİR BAXIŞ Featured

Rate this item
(0 votes)

Hüseynbala Mirələmov, “Ədəbiyyat və incəsənət” üçün

 

Cümə günü Azərbaycanın görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında təşkil olunan hekayə müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi. 

Tədbir Yazıçılar Birliyinin Natəvan Klubunda baş tutdu. Tədbirə tanınmış yazarlar, ədəbiyyat funksionerləri qatılmışdılar. Münsiflər heyətinin sədri olaraq mən də mükafatlandırma mərasimində iştirak etdim, müsabiqəyə qatılan və final mərhələsinə adlayan gənclərin yaradıcılığı barədə fikirlər səsləndirdim. 

 

Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalının birgə təşkilatçılığı ilə keçirilən müsabiqə ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edirdi və müsabiqənin məhz Gənclər Günündə yekunlaşaraq qaliblərin təltif olunması ədəbi gənclik üçün bir stimul xarakteri daşıyırdı. 

Mövzu seçimi sərbəst olan müsabiqəyə 200-ə yaxın iştirakçı qoşulmuş, öncə Münsiflər tərəfindən 8 finalçı müəyyənləşmişdi: Elay İsmayılov, Xanbala Mahmudov (Xan Abdulla), Cavid Babayev, Orxan Cuvarlı, Bəşir Niftəliyev, Şəhriyar Bəhmənov, Səma Quliyeva, Pərviz Əlyaroğlu.

Növbəti mərhələdə isə qaliblərin və mükafatçıların adları elan edilmişdi. 

Bir daha bu adları xatırladım: 

HƏVƏSLƏNDİRİCİ YERLƏR

Bəşir Niftəliyev, “Sehirli danaxor” hekayəsi;

Səma Quliyeva, “Bilinməyən həqiqət və şəkər malyariyası”.

 3-CÜ YER

Xan Abdulla, “Yazgülün nəvəsi”.

 2-Cİ YER

Orxan Cuvarlı, “Daş”.

1-Cİ YER

Cavid Babayev, “Üçnəfərlik motosikletlər”

Tədbiri açan Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis müsabiqənin məramı və məqsədi barədə, mükafatçılar barədə məlumat verdikdən sonra sözü Azərbaycan Yazıçılar Birliyinin sədri Anara verdi, Anar ədəbi gəncliyə güvəndiyini izhar etdi, istededadlı gənclərə ustad məsləhətlərini çatdırdı, qalibləri təbrik etdi. 

Azərbaycan Mətbuat Şurasının sədri, AYB sədrinin müavini Rəşad Məcid, müsabiqənin münsiflərindən olan Təranə Vahid, “Ulduz” jurnalının Baş redaktoru Qulu Ağsəs çıxış edərək çağdaş nəsrimizdə gəncliyin rolundan, müsabiqəyə qoşulan gənclərin istedadından söz açdılar, ədəbiyyatımızın gələcəyinə olan inamlarını dilə gətirdilər. 

Mütləq şəkildə qeyd edim ki, müsabiqənin himayədarı “Azeristeel" MMC Metal Konstruksiylar Zavodu, informasiya və təşkilati dəstəkçiləri “Ədəbiyyat və incəsənət” portalı, “Şirvan” cəmiyyəti və “Kəpəz” hospitalı idi. 

8 finalçının hekayələrində əsas tendensiya nədir? Odur ki, gənclər dövrün hekayəçilik tələblərinə bələddilər, nəyi necə yazmağı bilirlər, təhkiyələri də yetərincə bişib, mövzuları da maraqlıdır. 

Bəşir Niftəliyevin “Sehirli danaxor” hekayəsində yeniyetmə oğlan onu balıq tutmağa aparmağa söz verən və sözünü tutmayan atasına öz inadı ilə sanki dərs verir, təkbaşına gedib böyük bir balıq tutur, oğluna laqeyd olan ata da tutduğu hərəkətdən peşiman olur. Əlbəttə ki, dövrümüz üçün çox aktual mövzudur. 

Səma Quliyevanın “Bilinməyən həqiqət və şəkər malyariyası” kədərli bir sevgi tarixçəsidir, sanki çox gənc - cəmi 17 yaşı olan müəllif oxuculara deyir ki, həyat qısa, ömür fanidir, günlərin qədrini bilin. 

Xan Abdulla özünün “Yazgülün nəvəsi” hekayəsi ilə qarşımızda tam cilalanmış, əsl peşəkar bir mətn qoyur, ömrünü puça verən insan taleyinin acı hekayəti Yazgülün simasında oxucuların diqqətinə çatdırılır.

Artıq ədəbiyyatımızda kifayət qədər ciddi imza olaraq tanınan Orxan Cuvarlı imzasının təqdimatında verilən “Daş” hekayəsi Xocalı faciəsinin bir növ məcazvari ifadəsidir, belə ki, hekayənin qəhrəmanı Xocalıda uçulub dağıdıımış bir evin divarlarıdır. 

Ən nəhayət, müsabiqənin baş mükafatını qazanan Cavid Babayevə keçək, əslən Kəlbəcərdən olan, Gəncədə məcburi köçkünlük həyatı yaşayan bu gənc sözün həqiqi mənasında öz “Üçnəfərlik motosikletlər” hekayəsi ilə hamını təəccübləndirdi. Qeyri-adi nəqletmə, qəfil variasiyalar, öldürücü dərəcədə maraqlı mövzu - Cavidin hekayəsində hər şey var. 

Hər bir müsabiqənin səviyyəsini orda mükafat qazanmış əsəsrlər göstərir. Azərbaycanın görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş hekayə müsabiqəsi bu sarıdan alnıaçıq, üzüağdır. Müsabiqə ədəbiyyatımıza yeni və çox uğurlu imzalar bəxş etdi.

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)