Sonu gülüstanlara çıxan dağ çayına bənzəyən Aşıq Ədalət… Featured

Rate this item
(0 votes)

SAZ SƏNƏTİNİN GÖRKƏMLİ NÜMAYƏNDƏSİNİN 85 İLLİYİNƏ

 

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

 

Şənbə günü türk dünyasının böyük sənətkarı, ozanı, Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun anadan olmasının 85 illik yubileyi günü idi. Hər ilin 27 yanvar günü onun günüdür. 

 

Bir-birindən bəznzərsiz saz ifaları ilə milyonların məhəbbətini, sevgisini, hörmətini qazanmış ustad Ədalət aşıq sənətinə də yeniliklər, müasirlik gətirmişdir. Dədə Ədalətin sazında ifa olunan bütün havalar bir tarix kimi yaddaşlarda yaşayıb, bundan sonra da yaşayacaq. Çünki Aşıq Ədalətin bütün ifaları ruhu ilə, canı ilə ifa olunurdu. Ustad Aşıq yaşadığı bütün ömür boyu daim dövlətinin də sevgisini qazanmışdır. “Qaytarma”, “Baş sarıtel”, “Ruhani”, “Yanıq Kərəm”, “Kərəm Gözəlləməsi” və başqa bu kimi saz havaları Ustad Ədalətin ifasında daha gözəl, fərqli bənzərsiz ifaçılıqla alınmışdır.

Ürəyimizdə, tariximizdə, aşıq sənətində əvəzedilməz iz qoymuş, dahi sənətkarımız Aşıq Ədalət Məhəmmədəli oğlu Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda anadan olub. O, saz çalmağı atasından öyrənib. Gənc yaşlarından fitri istedadı üzə çıxıb, məclislərə dəvət allb. Uşaqlığında bir məclisdə saz çalmağı Xalq şairi Səməd Vurğunu heyran edib, dahi şairimiz də onun sazının vurğununa çevrilib.

Türk yazıçısı Əziz Nesin onun haqqında söyləmişdir: “Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur”.

Ulu sənətkar 14 sentyabr 2017-ci ildə 78 yaşında uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib. Öz vəsiyyətinə uyğun olaraq 15 sentyabrda Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunub. 

Qazax” Xeyriyyə İctimai Birliyi Qazax rayon İcra Hakimiyyəti ilə birgə ustad aşıq Dədə Ədalətin xatirəsinə hörmət əlaməti olaraq onun qəbri üzərində möhtəşəm qəbirüstü abidəsinu ucaldıb. Abidənin müəllifi Azərbaycanın Xalq rəssamı, tanınmış heykəltəraş Natiq Əliyevdir. 

Həmçinin Xaçmaz şəhərindəki Şəxsiyyətlər parkında da Xaçmaz rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Dədə Ədalətin möhtəşəm büstü ucaldılıb.

15 sentyabr 2018-ci ildə xalq izdihamı ilə ustad aşıq Dədə Ədalətin Qazaxda qəbirüstü abidəsinin açılışı baş tutub. 

"Qazax" Xeyriyyə İctimai Birliyi və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bu il ustad aşıq Dədə Ədalətin 85 illik yubiley tədbiri Qazaxda təntənəli şəkildə qeyd ediləcək.

85 illik yubileyin mübarək, USTAD! Ruhun şad olsun, DƏDƏ ƏDALƏT!

 

Şəkillərdə: Aşıq Ədalətin portretindən reproduksiya (rəssam Qafar Sarıvəlli); şairin məzarüstü abidəsi. 

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2024)