Tarixi dəyişən bir addım... - ROZA PARKSDAN DANIŞAQ Featured

Rate this item
(8 votes)

 

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Və nəhayət payızın yavaş-yavaş qışla əvəzləndiyi, ilin son ayına - dekabr ayına gəlib çatdıq.

Gəlin birlikdə ölkə və dünya tarixində 1 dekabra təsadüf edən ən yaddaqalan hadisələrə bu dəfə bir başqa gözlə nəzər salaq. 

 

1 dekabr ölkə tariximizdə çox mühüm və əlamətdar bir gündür. 28 illik əsarətdən sonra nəhayət Laçın rayonu 2020-ci ilin bu günündə erməni işğalından azad edilmişdir.

2020-ci ildə baş verən  44 günlük vətən müharibəsindəki qalibiyyətdən sonra Azərbaycan prezidenti İlham Əliyevin, Rusiya prezidenti Vladimir Putinin və Ermənistan baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən dekabr ayının 1- i Laçın rayonu Azərbaycana təhvil veridi.

Qeyd edək ki, Laçın rayonu 1992-ci ilin may ayında ermənilər tərəfindən işğal olunmuşdu.

İşğal zamanı 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər sağlamalığını itirib. 

Dünya tarixində isə 1 dekabr qara dərili Roza Parksın adı ilə bağlıdır.

1955-ci ildə ABŞ-da irqi ayrıseçkiliyin dövlət səviyyəsində hökm sürdüyü bir dövrdə Roza Parksın atdığı bir addım tarixi dəyişdi.

Belə ki, sözü gedən dövrdə ABŞ-ın bəzi əyalətlərində irqi ayrıseçkilik artıq son həddə çatmışdı. Buradakı avtobuslarda ağ dərililərlə qara dərililər eyni sırada otura bilməzdi. Ön oturacaqlarda sadəcə ağ dərililər əyləşə bilərdi, qara dərililər isə yalnız arxa oturacaqlarda əyləşməli idi. Orta sradakı oturacaqlar isə dəyişən statuslu idi. Bu oturacaqlarda ağ dərililərin sırası dolana qədər qara dərililər də əyləşə bilərdilər. Əgər bütün yerlər dolu olduğu zaman avtobusa bir ağ dərili minərdisə bu zaman qara dərili qalxıb öz yerini ağ dəriliyə verməli və özü ayaq üstə səfər etməliydi. Ayaq üstə duracaq yer də qalmadığı təqdirdə isə qaradərili avtobusdan enməli idi. Bunlarla yanaşı həmçinin qara dərililər ön qapıdan avtobusa qalxıb gediş haqqını ödədikdən sonra təkrar avtobusdan enərək arxa qapıdan minməli idilər. 

1955-ci ilin 1 dekabrında ABŞ-ın Alabama ştatının  Montqomeri şəhərində Roza Parks adlı 42 yaşlı qaradərili dərzi bir qadın axşam saat 6-da işdən çıxıb evə gedərkən mindiyi avtobusda ortadakı dəyişən statuslu oturacaqların birində əyləşir. 

Səfər zamanı sürücü dəyişən statusdakı oturacaqlarda oturan qara dərililərdən qalxıb yerlərini ağ dərililərə verməyi tələb edir. 

Bu oturacaqlarda əyləşən qara dərililər bir-bir qalxıb yerlərini ağ dərililərə verdiyi bir zamanda Roza Parks avtobusda çox böyük təccüb doğuran bir davranış sərgiləyir. Roza az öncə onun yanında pəncərə qırağında əyləşən, lakin sürücünün qalxın əmrindən sonra yerindən qalxan qara dərili kişinin yerinə keçib oturur və laqeyd bir şəkildə sürücünün gözlərinin içinə baxır. Sürücü əsəbləşərək Parksdan niyə qalxmadıgını soruşduqda O, "Yerimi bir başqasına verməli olduğuma inanmıram" söyləyir.

Belə olduqda sürücü polis çağırır və Roza Parks həbs olunur. 5 dekabrda keçiriən məhkəmədə Roza Parks ictimaiyyət qaydalarına tabe olmadığı səbəbi ilə 14 dollarlıq cərimə cəzası alır. Məhkəmə günü şəhərin bütün qaradərili sakinləri oraya axışır. Və irqçi ayrıseçkiliyə qarşı böyük bir hərəkat başlayır. Uzun illər haqsızlığa məruz qalan qaradərililər öz haqlarının müdafiəsinə qalxır.

Sözü gedən hərəkata rəhbərliyi isə Martin Lüter Kinq edir.

Tam 381 gün boyunca Montqomeridə bir nəfər qara dərili belə avtobusa minmir. Hamı öz işinə, dərsinə, bir sözlə hər yerə  piyada gedir. Maşını olan qaradərililər digər qaradərililəri lazım olan ünvana avtobus gediş haqqısı qiymətinə  öz maşınları ilə aparırlar. Hətda qaradərililərin bu hərəkatına bəzi ağdərililər də qoşulur. Ağdərili ev xanımları da bu hərəkata dəstək olaraq eyni məbləğə qaradərililəri öz avtomobilləri ilə daşımağa başladı. Avtobus sərnişinlərinin 70%-dən çoxu qaradərili olduğu üçün avtobus şirkətləri böyük maddi ziyana uğradı.

Vəziyyətin belə olduğunu görən ağdərili irqçilər qaradərililərə hucumlar etməyə başlayırlar. Lakin, qara dərililər başladıqları mübarizədən vaz keçməyərək onu sona qədər davam etdirirlər. Və nəhayət 21 dekabr 1956 cı ildə məhkəmə qərarı ilə qaradərililər artıq avtobusda istədikləri yerə otura bilmək hüququ aldılar. 

Ağdərili irqçilərin bu qərar münasibəti çox sərt oldu. Onlar avtobuslara silahlı hucumlar təşkil etməyə başladılar. Roza Parks 1957-ci ildə ölüm hədələrinə məruz qalması, özünün və ailə üzvlərinin ağdərililər tərəfindən heç yerdə işə götürülməməsi səbəbindən əvvəl Vircinyaya daha sonra isə Detroitə köçməyə məcbur olur. Lakin Roza Parks başladığı mübarizəni burada da davam etdirir. 

Martin Lüter Kinqin rəhbərlik etdiyi etiraz dalğası isə getdikcə daha da genişlənir və nəhayət 1964-cü ildə dərinin rənginə görə ayrıseçkiliyə son qoyan vətəndaş hüquqları haqqında qanunun qəbul olunmasına nail olur.

Bundan sonra bu hərəkatın simvoluna çevrilən Roza Parks bir çox ad və medallars laiq görülür. 

O, Time jurnalı tərəfindən XX əsrin insan haqları müdafiəçisi seçilir. 

Roza Parks 2005-ci ildə vəfat edib, onun vəfat etdiyi gün Montqomeri və Detroitdə avtobuslardakı ilk oturacaqlara matəm lentləri bağlanıb. 

ABŞ-ın keçmiş dövlət katibi Konoliza Rays "Roza Parks olmasaydı mən dövlət katibi ola bilməzdim söyləmişdir.

Qeyd edək ki, başlıqdakı şəkli Roza Parks başlatdığı hərəkat uğurla nəticələndiyi zaman elə həmin avtobusda çəkdirmişdir. Və həmin avtobus da bu gün Henri Ford muzeyində saxlanılır.  Aşağıda gördüyünüz şəkildə Obamma həmin avtobusda və məhz həmin oturacaqda əyləşib. 

Bəli əziz oxucu bəzən illərlə davam edən haqsızlığa qarşı atılan  kiçik bir addımla bütöv bir tarixi dəyişir. 

 

"Ağın qaradan, qaranın da ağdan heç bir üstünlüyü yoxdur."

Məhəmməd peyğəmbər.

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2023)