KİNOBƏLƏDÇİdə “Məmləkət” Featured

Rate this item
(2 votes)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

 

Filmlər içində beynimdə " iz qoyan" film. 

 

Filmin tarixinə nəzər salsaq, dünyada ilk film 1896-ci ildə Lümyer qardaşları,

Azərbaycanda isə 1898-ci ildə Mişon tərəfindən çəkilmişdir. İlk olaraq filmlər ağ-qara olaraq efirlərə verilmişdir.

Filmlərin bizim həyatımızda-psixologiyamızda xüsusi yeri vardır. Ümumi süjet xəttini nəzərə alsaq, filmlərin həm müsbət, həm də mənfi tərəfləri olur. Daha çox da müəyyən yaş hədlərini nəzərə alsaq, bəzi filmlərdə şiddət, zorakılıq mənfi təsir yarada bilər.

Filmlər ideologiyamızı, inancımızı dəyişmə gücünə malikdir. Görmədiyimiz məqamları filmlərdə görüb özümüz özümüzü sual atəşinə tuta bilərik.

Tarkovskinin belə bir deyimi var: " Film insanları dəyişə bilməz. Çünki insanlıq son 4 min ildə dəyişməyəcəyini artıq göstərib".

Ümid edək ki, filmlərin mənfi təsiri insanları mənfiyə doğru dəyişməz, əksinə filmlərdə təbliğ olunun müsbət xususiyyətlər insanların düşüncəsində kök salar.

 

Hər birimiz həyatımız boyu bir neçə filmə baxırıq. Bu filmlərin sayəsində digər ölkələrin mədəniyyəti, əlavə məlumatlar

və s. bilgilərlə silahlandırılırıq. Bəzən də bir film uzun müddət beynimiz və qəlbimizdə uzun müddət yer ala bilir.

Bu yaxınlarda bir tanışımdan önəmli məlumat almalı idim, ona zəng etdim. Düzdür, xarakterimə bələd olduğu üçün xanım dostum ani telefonu açdı, amma “gözlə bunun axırına çıxım" -deyərək mənimlə əlaqə saxlayacağına söz verdi. Təbii ki, " salamatçılıqdı?" sualım qaçılmaz oldu.

Şükr, anlatdı ki, hər şey qaydasındadır. Yenə də "ürəyimin 40-cı qatında" narahatlığımı əsir etdim. Təqribən, iyirmi dəqiqə sonra o mənə zəng vurdu. Maraqlı bir filmə baxdığını söylədi və  həvəslə izlədiyi üçün mənimlə danışa bilmədiyini bildirib üzr istədi. Sözün açığı o filmi dostuma qısqandım. O necə film idi ki, mənimlə dostumun arasında 20 dəqiqəlik divar olmuşdu? O dostum da bilirdi ki, mənimlə danışarkən sözləri söz boxçasından ehtiyatla çıxarmalıdır. Elə canının dərdindən filmin linkin mənə yönəltdi və xahiş etdi ki, baxım. Əlbəttə, o filmə acığım tutmuşdu və linkin üstünə əsəbi barmaqlarımla vurdum. Sanki telefonun sinəsi: "ay qız, yavaş ol da"- söylədi.

Bəli, film türk film istehsalı " Məmləkət" adlı bir film idi.

Ucqar kənddən görüntülər, kənddə qalan iki-üç ailədən bəhs edilirdi. Zəhmətkeş bəy və xanım, ailədəki azyaşlı qızın məktəbə getməsi üçün uzun yol qət  etməsi və ailənin yaşam mübarizəsi. Əsas məsələ çətinliklərə baxmayaraq qadın və kişinin bir-birini anlaması daha çox bəyəndiyim məqamlardan oldu. Evin bəyi yıxılıb yataqda qalıb daxili ağrılarla vuruşarkən həyat yoldaşının cəsarətli xarakteri çətinliklərə kölgə salırdı.

Bəyin yıxılandan sonra yataq vəziyyətində qalıb acizanə intihara hazırlaşarkən xanımın son anda öz yoldaşına yetişməsi bəyin həyatına son verməsinə mane oldu. Qadının öz həyat yoldaşını " sözlə çırpması" əla final idi.

Filmin verdiyi mesaj “çətinlik- maddi sıxıntı, fiziki problem, şəraitsiz yaşam tərzi, hər nə olursa, olsun ailə bütün çətinliklərə bir yerdə sinə gərməlidir” siqnalı idi. 

Müasir cəmiyyətimizdə də hal-hazırda boşanmaların sayı artmaqdadır. Ailə kiçik bir dövlətdir aspektində yanaşsaq, o zaman bu ailənin təməli məhəbbət, anlayış, humanizm, özünədərk prinsipləri üzərində qurulmalıdır.

Bu film bəzi gənc ailələr üçün kifayət qədər ibrətverici bir film idi.

Yeri gəlmişkən, o müdrik dostuma bu film üçün təşəkkür etməmişəm, cümlənin nöqtəsini qoyan kimi ona zəng vururam, bəlkə də, o bu dəfə də hansısa filmi izləyir, amma eybi yox. İkinci belə ibrətverici  bir filmə baxmağa hazıram.

 

 “Ədəbiyyat və incəsənət”

(31.08.2023)