Məşhur ifaçı Mustafa Saidin udçalanları Bakıda konsert verib

Rate this item
(0 votes)

 

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı Beynəlxalq Muğam Mərkəzində təşkil olunub.

Gecədə məşhur misirli ud ifaçısı Mustafa Said özünün təsis etdiyi “Asil” adlı Müasir Ərəb Klassik Musiqi Ansamblı ilə çıxış edib.

 

Konsertdən əvvəl AzərTAC-a müsahibə verən Mustafa Said “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakıda konsert proqramı ilə çıxış etməkdən məmnunluğunu vurğulayıb. Eyni zamanda, belə bir tədbirin təşkilinə görə Heydər Əliyev Fonduna öz minnətdarlığını bildirib. O deyib: “Belə zəngin musiqi irsinə sahib bir ölkədə keçirilən “Muğam aləmi” festivalında iştirak etmək böyük şərəfdir. Təsis etdiyim musiqi ansamblı 2003-cü ildə yaranıb. Əsas məqsəd müasir ərəb musiqisini klassik ənənələrə istinad edən yeni səviyyəyə çatdırmaqdır. Ansamblla birgə poeziya, tarix, ədəbiyyat və musiqidən ilhamlanaraq bir sıra yeni kompozisiyalar yaratmışıq. Yeni perspektivlər qarşıya qoyaraq interpretasiya, vokal ənənəvilik dairəsini genişləndirir, musiqi konsepti daxilində akustik səslərin tətbiqi təcrübəsini təqdim edirik".

Qeyd edək ki, misirli Mustafa Said musiqiçi, bəstəkar, musiqişünas, virtuoz ud ifaçısı və müğənnidir. 2019-cu ildə "Aga Khan Music Awards"un qalibi olub. O, 2009-2022-ci illərdə "AMAR Foundation for Arabic Music Archiving and Research"ın direktoru vəzifəsində çalışıb. Bu fond ərəb dünyasında ərəb musiqisinin audio arxivləşdirilməsi ilə məşğul olan yeganə təşkilatdır. Hazırda Beyrutda yaşayan Mustafa Said karyerasını klassik ərəb repertuarının bərpasına həsr edən gənc istedadlı musiqiçidir. Onun musiqiyə yanaşması XIX əsrin ikinci yarısında Aralıq Dənizi ölkələrində mövcud olan musiqi ənənələrinə söykənir. Mustafa, həmçinin klassik ərəb musiqisinin təbliği ilə əlaqədar yaranan "Rawdat Al-Balabel"ə rəhbərlik edib. Onun 4 albomu var. İfaçı haqqında akademik nəşrlər və dövri mətbuatda çoxsaylı məqalələr çap olunub, musiqisi və esseləri bir çox mükafatlara layiq görülüb, tənqidçilər tərəfindən tanınıb. Onun yaratdığı "Asil" ansamblı bir neçə albom hazırlayıb.

Qeyd edək ki, “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının 5-ci günündə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında festival çərçivəsində UNESCO-nun xüsusi mükafatçısı, Yunanıstanın "En Chordais" musiqi ansamblı çıxış edib.

Ansambl Aralıq dənizinin multikultural, elmi və populyar musiqi ənənələri sahəsində fəaliyyət göstərir. Kollektiv Aralıq dənizi ölkələrinə xas olan musiqini regional yunan müasir tendensiyaları ilə uğurla uyğunlaşdırır. Ansambl dünyanın ən tanınmış musiqi səhnələrində çıxışı və məşhur musiqiçilərlə əməkdaşlığı ilə tanınır. 

Elə həmin axşam Azərbaycan Milli Konservatoriyasında “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində Hindistanın məşhur vokalisti Varijashree Venugopal, violin ifaçısı Jyotsna Srikanth, Azərbaycanlı truba ifaçısı, bəstəkar Firudin Həmidovun çıxışları olub. 

Xatırladaq ki, “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir. Festival iyunun 25-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2023)