Milli Muğam Müsabiqəsinin seçim turuna start verildi Featured

Rate this item
(0 votes)

Muğam azərbaycanlıların milli sərvətidir, odur ki, istənilən muğam tədbiri ölkədə böyük maraqla qarşılanır. Xüsusən də, Milli Muğam Müsabiqəsi. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ötən gün Azərbaycan Milli Konservatoriyasında növbəti Milli Muğam Müsabiqəsinə start verilib. Müsabiqəyə qeydiyyat aprelin 10-dək aparılıb. Musiqi yarışmasına yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar müraciət edib. İlkin seçim turlarından sonra müsabiqəyə 38 nəfər vəsiqə qazanıb.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən müsabiqənin 1-ci turuna dünən start verilib, bu gün tur davam edəcək, 2-ci turu isə sabah - aprelin 26-da keçiriləcək. Aprelin 30-da isə müsabiqənin yekun konserti olacaq. 

Milli Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilir. İnstrumental ifaçılıq üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Xalq artistləri Fəxrəddin Dadaşov, Möhlət Müslümov, Əməkdar artistlər Şirzad Fətəliyev, Çinarə Heydərovadır.

Xanəndəlik üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Xalq artistləri Səkinə İsmayılova, Mənsum İbrahimov, Zabit Nəbizadə, Əməkdar artisti Qəzənfər Abbasovdur.

Aprelin 26-da xanəndə və instrumental ifa kateqoriyaları üzrə qaliblər seçiləcək. Xanəndə və instrumental kateqoriyalarında 1, 2 və 3-cü yerin hər bir qalibi müvafiq olaraq 7 000, 5 000 və 3 000 AZN mükafat qazanacaq. 

Milli Muğam Müsabiqəsinin qalibləri-xanəndə və instrumental ifa üzrə birinci yeri tutan iştirakçılar ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcək. 

Qeyd edək ki, son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində fundamental işlər görülüb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

Xatırlatmağı lazım bilirik ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən Milli Muğam müsabiqələri və Beynəlxalq Muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.

Münsiflər heyətinin sədri, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi portalımıza açıqlamasında söyləyib:

“Qeydiyyat zamanı hər iştirakçı muğam ənənəsinin zənginliyi və rəngarəngliyini əks etdirən solo və müşayiətlə canlı ifa edəcəyi proqram barədə məlumat təqdim edib. Müraciət etmiş şəxslərin ilkin seçim turlarından sonra müsabiqəyə 38 nəfər vəsiqə qazanıb. Qeyd edək ki, Milli Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilir. 38 iştirakçıdan 20-si xanəndəlik, 18-i isə instrumental ifaçılıq üzrə yarışacaq. Bu gün və sabah birinci turdan sonra seçilən şəxslər ikinci tura keçəcək. İkinci tur isə aprelin 26- da keçiriləcək və daha sonra qaliblər müəyyən ediləcək”.

İnanırıq ki, budəfəki müsabiqə də muğam dünyamıza yeni adlar bəxş edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2023)