Saralan yarpaqlar, gənclik şövqü, popun və rokun vəhdəti Featured

Rate this item
(0 votes)

“Bakı Payızı” 35 ildən sonra qayıdır

 

Bir vaxtlar ölkəmizin musiqi həyatında “Bakı payızı” adlı festival aparıcı yer tuturdu. Amma 35 il öncə son festival keçirildi, heyət dağıldı, təşkilatçılar qapını çırpdılar, not dəftərləri saraldı. Zira, ayrılığın sonu hər halda var imiş. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Golden Arts entertainment”, “Best cast” heyətinin təşəbbüsü və Mədəniyyət TV-nin tərəfdaşlığı ilə “Bakı Payızı” müsabiqəsi yenidən keçiriləcək və öz missiyasını - istedadları kəşf etmək missiyaaını davam etdirəcək. İlk dəfə bu barədə təşkilatçılar hələ yanvar ayında məlumat veriblər. 

“Bakı Payızı 2023 - 35 il sonra” adı ilə keçiriləcək müsabiqə Heydər Əliyevin 100 illiyinə həsr olunur. Müsabiqənin sosial şəbəkə hesabında bildirilir ki, müsabiqə beş istiqamət üzrə keçiriləcək: 

 

müasir vokal, 

orijinal janr, 

müasir xoreoqrafiya, 

bəstəkarlar, 

pop və rok ifa.

 

Layihənin əsas məqsədlərindən biri də dünya azərbaycanlılarını sosial platformada birləşdirmək və Azərbaycan mədəniyyətini bütün dünyaya tanıtmaqdır. Bu layihə təkcə vokal istedadlar üçün deyil, həm də dörd janr – qruplar, orijinal janr, xoreoqrafiya və bəstə üzrə böyük müsabiqəyə çevriləcək.

O, xaricdə yaşayan azərbaycanlılara müraciət edərək onları layihəyə qoşulmağa dəvət edib.

Qeyd edək ki, “Bakı Payızı” müsabiqəsi ilk dəfə ötən əsrin 60-cı illərin ikinci yarısında təşkil olunsa da, uzun müddət keçirilməyib. Təxminən 20 ilə yaxın uzun fasilədən sonra, 1980-ci illərdə yenidən estrada musiqisinə töhfələr verməyə başlayıb. 

Müsabiqə keçirilən illərdə sonradan Azərbaycanda məşhurluq qazanan neçə-neçə ifaçı “Bakı payızının” iştirakçısı olub. Onların arasında Faiq Ağayev, Zülfiyə Xanbabayeva, Tünzalə Ağayeva, Samir Bağırov, Aygün Kazımova və başqaları var.

Sonuncu dəfə 1988-ci ildə Bakı Şəhər Mədəniyyət İdarəsi ilə Azərbaycan Televiziyası və Radio Komitəsinin birgə səyi nəticəsində təşkil olunub.

Konsert günü iştirakçılar ilk dəfə Eldar Mansurovun, Vaqif Gərayzadənin, Faiq Sücəddinovun və Mikayıl Vəkilovun bəstələrini ifa ediblər. Müsabiqədə ən yaddaqalan məqam isə bəstəkarlar Mikayıl Vəkilov və Firuz İsmayılovun şair Malik Fərruxun sözlərinə bəstələdikləri “Azərbaycanım” mahnısının konsertin ulduzları tərəfindən birgə ifası olub.

 

Artıq müraciətlərin qəbuluna start verilib. İfa olunan nömrənin videoçarxı və iştirakçı haqqında məlumat This email address is being protected from spambots. You need JavaScript enabled to view it. e-poçtuna göndərilməlidir.

Layihənin təşkil edilməsində məqsəd ölkədə müasir estrada sənətinin inkişafına təkan vermək, gənclər arasında yeni istedadlı ifaçıları üzə çıxarmaq və onların peşəkar inkişafında, böyük səhnələrə və beynəlxalq arenalara çıxışlarına dəstək olmaqdır.

“Bakı Payızı-2023”də bəstəkarlar arasında ən yaxşı mahnı müsabiqəsi də keçirilir. Müsabiqənin ənənəvi xarakter alacağı və Azərbaycan estrada sənətinin inkişafına yeni təkan verəcəyi planlaşdırılır.

 

Arxiv fotoları 1988-ci ilin “Bakı payızı” festivalını əks etdirir. Müğənnilər Tamilla Ağamiyeva və Yevgeni Baxtin birinci, Faiq

Ağayev isə ikinci yerə layiq görülür.

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2023)