Vaqif Mustafazadənin xatirəsi anıldı

Rate this item
(0 votes)

Ötən gün bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın Əməkdar artisti Vaqif Mustafazadənin doğum günü idi. Bu münasibətlə müxtəlif tədbirlər, o cümlədən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Vaqif Mustafazadənin mənzil-muzeyində unudulmaz sənətkarın xatirəsinə həsr olunmuş tədbir keçirildi.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirə mərhum cazmenin yaxınları, ictimai və musiqi xadimləri iştirak edirdi. 

Vaqif Mustafazadənin mənzil-muzeyinin direktoru Afaq Əliyeva çıxış edərək görkəmli sənətkarın yaradıcılığından danışdı, onun caz-muğam üslubunun banisi kimi xidmətlərini vurğuladı. 

Afaq xanım qeyd etdi ki, Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisidir. O, dərin köklərə malik qədim Azərbaycan muğamı ilə caz musiqisini uğurlu sintez edərək, dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkrarolunmaz nümunələrini bəxş edib. Fortepiano və simfonik orkestr üçün konsertin, tamamlanmamış "Muğam" simfoniyasının bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifi olub.

Sonra söz xatirələrə verildi. Əməkdar incəsənət xadimləri Elnarə Dadaşova və Zümrüd Dadaşzadə unudulmaz sənətkarla bağlı xatirələrini bölüşdülər, onun yaradıcılığından bəhs etdilər. 

Vurğuladılar ki, Vaqif Mustafazadənin Azərbaycan musiqiaində etdiyi yeniliklər bu gün də aktualdır və bir çox musiqiçilər ifalarında onun yaratdığı caz-muğam sintezindən istifadə edirlər. O, XX əsrin görkəmli caz pianoçularından biri və bəstəkar olmaqla yanaşı, yaradıcılığı dövründə “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və ”Sevil” qadın vokal-instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Vaqif Mustafazadə bir neçə beynəlxalq caz müsabiqəsi və festivallarının laureatı olub. İllər keçsə də Vaqif Mustafazadə və onun sənəti bugünkü kimi seviləcək, sənət adamlarının tədqiqat mövzusu olacaq.

Tədbir konsert proqramı ilə davam edib. Konsert çərçivəsində gənc ifaçılar Vaqif Mustafazadə və digər bəstəkarların əsərlərini səsləndirdilər.

Bu küləkli və yağışlı Bakı gününü Vaqif Mustafazadə xatirəsi isitməkdə idi.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2023)