Ruslar, italyanlar onu dinləməyə gələrlərmiş Featured

Rate this item
(0 votes)

Xanəndə Səttar. BMM-in “Unudulmayanlar” layihəsinin növbəti ünvanı bu xanəndə oldu

 

Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Unudulmayanlar” layihəsi dərhal diqqəti cəlb etdi. Niyə? Deyək. Sənətdə bəzi adlar yaddaşlara həkk olunur, amma taleyin ironiyası ilə bəziləri, hətta bəzın daha istedadlıları unudulur. Müasir təbircə desək, reklamı zəif olur. BMM-in sözügedən layihəsi həmin o unudulmağa layiq olmayan, amma unudulanları yada salmaq, gündəmə gətirib ora pərçimləməkdir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, layihə çərçivəsində bu dəfə unudulmaqdan xilas edilən sənətçi Xanəndə  Səttar idi, tədbir də “Xanəndə Səttar” adlanırdı. Fevralın sonunda keçirilən tədbir bir bahar müjdəçisi idi sanki.

Kimdir Xanəndə Səttar? XIX əsrin tanınmış siması! Bəli, zamanında xanəndə Səttar məşhur olub, amma nədənsə adı gəlib günümüzə yetişməyib. Tədqiqatçı-alim, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı isə indi buraxılan səhvi düzəltmək çabası göstərir, xanəndənin fitri istedadı barədə car çəkir. 

Gecədə Gülhüseyn müəllim Azərbaycan muğam ifaçılığında iz qoyan xanəndənin sənət yolu haqqında məlumat verdi. Bildirdi ki, musiqişünası Firidun Şuşinski öz məqaləsində Səttara yüksək qiymət verərək yazıbmış: "Səttarın Qafqaz xalqlarının milli musiqisinin inkişafında böyük rolu vardır. Səttarın konsertlərində Tiflisdə yaşayan rus və italyan musiqi həvəskarları iştirak edir və özlərinin konsertlərində iştirak etmək üçün onu da dəvət edirdilər. 1847-ci ildə italyan skripkaçı Tiflis teatr orkestrinin dirijoru Malaqolli Səttarı xeyriyyə cəmiyyəti tərəfindən təşkil olunmuş konsertdə iştirak etməyə dəvət etmişdi. Konsertdə muğam oxuyan Səttar böyük müvəffəqiyyətlər qazanmışdı". 

Gülhüseyn Kazımlı nəql etdi ki, Səttar Tiflisin musiqi həyatında görkəmli rol oynayıb. O, nəinki musiqi gecələrində, həm də açıq havada təşkil olunan konsertlərdə və ziyafətlərdə məlahətli səsi ilə çoxmillətli şəhərin sakinlərinə estetik zövq verirmiş. O, yoxsullara kömək məqsədilə keçirilən beynəlxalq konsertlərdə skripkaçı Miller ilə, müğənni Seymur-Şiff ilə birgə iştirak edib. 

Xanəndə Səttar Tiflisin indiki Nəbatat bağında əvvəllər mövcud olan müsəlman qəbiristanlığında dəfn edilib. 

Tədbir çərçivəsində BMM-in solistlərinin ifasında muğam və təsniflərdən ibarət konsert proqramı təqdim olundu. 

Monitorda Xanəndə Səttarın siması əks olunmuşdu. Sanki o da tamaşaçılarla birlikdə muğamı dinləyir, feyziyab olurdu. Və sanki əmin idi ki, estafet layiqli əllərdədir.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2023)