Bu gün Dədə Ədalətin doğum günüdür Featured

Rate this item
(0 votes)

 

Ona sazın-sözün Ədaləti deyirdilər. Öz sənəti ilə əbədiləşmiş az sayda insanların sırasında yer tutub o. Bu gün onun doğum günüdür: türk dünyasının böyük sənətkarı, Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun anadan olmasının 84-cü ildönümüdür. 

 

Ədalət Nəsibov 1939-cu il yanvarın 27-də şeir-sənət ocağı, sazın vətəni Qazaxda pinəçi ailəsində anadan olub. Saz çalmağı atasından öyrənib. Gənc yaşlarından fitri istedadı üzə çıxıb, məclislərə dəvət alıb. 11 yaşındaykən Kremlin Qurultaylar Sarayında saz çalıb. 1950-ci ildə Bakıya dəvət olunub. Aşıq Ədalət sazı 50-dən çox ölkədə tanıdıb, saza yeniliklər gətirib.

UNESCO-da dünyanın nadir musiqi ifaçıları sırasında diski buraxılıb. Saza 5 pərdə, o cümlədən 7 yarım pərdə, 6 sinə pərdəsi əlavə edib.

Bir- birindən bənzərsiz saz ifaları ilə milyonların məhəbbətini, sevgisini, hörmətini qazanmış ustad Ədalət aşıq sənətinə yeniliklər, müasirlik gətirib. Dədə Ədalətin sazında ifa olunan bütün havalar bir tarix kimi yaddaşlarda yaşayıb, bundan sonra da yaşayacaq. Çünki Aşıq Ədalət bütün aşıq havalarını ruhu ilə, canı ilə ifa edib. “Qaytarma”, “Baş sarıtel”, “Ruhani”, “Yanıq Kərəm”, “Kərəm Gözəlləməsi” və başqa bu kimi saz havaları ustad Ədalətin ifasında daha gözəl, fərqli, bənzərsiz alınmışdır.

Aşıq Ədalət Nəsibovun sənəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib.

Sənətkar 2017-ci il sentyabrın 14-də Bakı şəhərində vəfat edib və Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunub.

Ustad aşığın xatirəsinə hörmət əlaməti olaraq onun qəbri üzərində “Qazax” Xeyriyyə-İctimai Birliyinin sayəsində möhtəşəm qəbirüstü abidə yaradılıb. 

Həmçinin Xaçmaz şəhərindəki Şəxsiyyətlər parkında da Dədə Ədalətin möhtəşəm büstü ucaldılıb.

Və Aşıq Ədalətdən danışırkən mütləq Xalq yazıçısı Mirzə İbrahimovun onun haqqında söylədiyi bu kəlmələrə istinad etmək lazımdır: “Əgər Azərbaycan xalqının incəsənət aləmində heç bir nümayəndəsi olmasaydı, təkcə Ədalətin sazı ilə dünya mədəniyyəti meydanına çıxa bilərdik”.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2023)