Xalq artisti Rauf Hacıyevin 100 illiyi qeyd olunub

Rate this item
(0 votes)

 

Dünən Heydər Əliyev Sarayında görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Rauf Hacıyevin 100 illiyi münasibətilə “Bu həyat qədər” adlı estrada-caz konserti təşkil olunub. Təbii ki, bu konsert barədə çox yazmışıq, hətta mədəniyyət naziri Anar Kərimovin öz tvitter hesabında hamını bu konsertə dəvət etməsindən də bəhs etmişik. 

 

Bu mübhəm gecədə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, “Qaya” Dövlət Ansamblı, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı nəzdində Estrada-simfonik orkestri, həmçinin tanınmış xalq artistləri və gənc ifaçılar R.Hacıyevin bəstəsi olan mahnılarla çıxış ediblər.

Xatırladaq ki, Prezident İlham Əliyev sənətkarın anadan olmasının 100 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq, il ərzində ölkəmizdə və xaricdə müxtəlif tədbirlər və layihələr həyata keçirilib.

Qeyd edək ki, Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırıb. R.Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olaraq, Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynayıb. Onun sənətinin yüksək bədii keyfiyyətləri kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində də aydın təzahürünü tapıb.

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2022)