Mirəlım Mirələmov Mərakeşdə çıxış edəcək

Rate this item
(0 votes)

 

Beynəlxalq Muğam Mərkəzi Fəs Sufi Mədəniyyəti Festivalının rəsmi tərəfdaşları sırasına daxil edilib

Beynəlxalq Muğam Mərkəzi (BMM) Mərakeşdə keçiriləcək 15-ci Fəs Sufi Mədəniyyəti Festivalında ölkəmizi təmsil edəcək. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı BMM-in məlumatına istinadla xəbər verir.

 

Təşkilat komitəsi Azərbaycanın milli sərvəti olan muğamı təbliğ edən BMM-ni festivalın rəsmi tərəfdaşları sırasına daxil edib. 

Qeyd edək ki, musiqimizin təbliği və beynəlxalq festivalın tərəfdaşı kimi çıxış etmək Mərkəzin fəaliyyəti üçün mühüm hadisələrdən biridir. 

Oktyabrın 22-dən 29-dək Mərakeşin milli-mənəvi mərkəz şəhəri sayılan Fəsdə keçiriləcək festivalda BMM-nin solistləri xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva rəngarəng proqramla çıxış edəcəklər. Xanəndələri nağarada Əməkdar artist Kamran Kərimov, tarda Zəki Vəliyev, kamançada Elnur Mikayılov müşayiət edəcək. BMM-nin kollektivi sufi mədəniyyətini orijinal şəkildə təqdim edən festivalın açılış mərasimində və sonrakı günlərdə muğam sənətimizin möhtəşəmliyini nümayiş etdirəcəklər. Fəs Sufi Mədəniyyəti Festivalı dünyanın hər yerindən musiqi və sənətkarları bir araya gətirir. Festival Mərakeşin ən maraqlı və orijinal tədbirlərindən biridir. Dünya auditoriyasına açıq olan festival təsəvvüf mədəniyyəti irsinin, onun əsərlərinin, sənət və sənətkarlıq nümunələrinin təbliğini həyata keçirir. Festival çərçivəsində dəyirmi masalar, konsertlər, sənət sərgiləri, ustad dərsləri təşkil olunur.