Əməkdar artist Əyyub Quliyev Almaniyada Opera Sənəti Festivalında iştirak edib

Rate this item
(0 votes)

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, respublikanın Əməkdar artisti Əyyub Quliyev Almaniyada İmmlinq Opera Sənəti Festivalında iştirak edib.
AzərTAC xəbər verir ki, Almaniyanın ən füsunkar bölgələrindən biri olan Bavariyada – Qut İmmlinq şəhərində keçirilən festival hər il Avropa, ABŞ, Latın Amerikası, Çin və Yaponiyadan dəvət olunmuş tanınmış opera müğənniləri, dirijor və rejissorları bir yerə toplayır. 25-ci dəfə keçirilən festival müxtəlif uğurlu və yeni lahiyələri ilə diqqəti cəlb edib – C.Rossininin “Cenerentola” və C.Puççinin “Madam Batterflay” operalarının yeni quruluşu, V.A.Mosartın musiqisinə həsr olunmuş “Mozarts Eskapaden” gecəsi, “Tanqo və trio”, “Çelissimo” instrumental konsertləri ilə bərabər festival çərçivəsində vokal ifaçılarının beynəlxalq müsabiqəsi də baş tutub. Avqust ayının sonuna qədər davam edən festivalın son 3 günü azərbaycanlı dirijor Əyyub Quliyev və Bavariya Festival Orkestrinin çıxışları ilə yadda qalıb. Konsertlərdə Bavariya orkestri ilə bərabər beynəlxalq ifaçılardan ibarət xor və ABŞ, Litva, Danimarka, Rusiya, Çin və Qırğızıstandan dəvət olunmuş istedadlı opera müğənnilərinin yer aldığı konsertlərdə C.Puççinin “Turandot”, “Bohema”, Q.Donisettinin “Sevgi şərbəti”, C.Verdinin “Maqbet”, “Traviata” və “Luiza Miller”, A.Dvorjakın “Rusalka” və A.Tomanın “Hamlet” operalarından nümunələr səsləndirilib. Konsertlərin əsas yaddaqalan hadisələrindən biri Bavariya Festivalı Orkestri tərəfindən səsləndirilən dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranın səslənməsi olub. Müxtəlif ölkələrdən – Almaniya, Avstriya, İtaliya, Rumıniya və Gürcüstandan dəvət olunmuş tanınmış musiqiçilərdən ibarət orkestrin bu ifası alqışlarla qarşılanıb. Azərbaycanlı dirijorla bərabər festivalın bədii rəhbəri Korneliya fon Kersenbrok və Gürcüstanın tanınmış xormeysterləri – Arçil Uşveridze və Mixail Edişeraşvilinin konsertlərdə iştirakı isə gecənin dostluq və birlik simvoluna çevrilməsinə səbəb olub. 3 saata qədər davam edən konsertin sonunda dinləyicilərin xüsusi marağını nəzərə alaraq Əyyub Quliyev və konsertin digər iştirakçıları proqrama əlavə olaraq opera nümunələrini ifa ediblər.