Effektivliyini artırmaq üçün musiqi təhsilinə necə təkan vermək olar?

Rate this item
(1 Vote)

 

Oman Sultanlığındakı Sultan Qaboos Universitetinin pedaqoqu Dr. Vüsalə Yusif “Ədəbiyyat və incəsənət” portalı üçün yazır.

 

 

 

Min illər ərzində tarixin keşməkeşli yollarında insanların etik və estetik fikirlərinin formalaşmasında böyük gücə sahib olan musiqi ən əsas vasitələrdən biri hesab olunmaqdadır. Musiqi reallığın ən yüksək formasıdır. Öz dövrünün və cəmiyyətinin əsas fikirlərini özündə ehtiva etməklə yanaşı musiqi həm də fəlsəfi cəhətdən həqiqəti əks etdirir. Musiqi insanlara güclü təsir göstərir, məhz buna görə duyğu və hissləri oyatmaq üçün musiqi sözdən daha güclüdür. Duyğuları və ağrılı hissləri ifadə etməkçün inanılmaz bir vasitədir musiqi. Dünyanın məşhur şairləri, filosofları və musiqiçiləri həmişə musiqini yüksək qiymətləndirmişlər:

 

"Hər bir millətin ardıcıl inkişafında üç əsas amil var: yazı, not və rəqəmlər." (V. Hugo).

 

 “Sənəti nümayiş etdirən ən bariz, təsirli və ifadəli vasitə musiqidir”. (J. Goethe).

 

"Musiqi kainata ruh, ağıla qanad, təsəvvürə uçuş və hər şeyə həyat verir." (Platon).

 

Musiqi həyatımızın ayrılmaz hissəsidir. Bu təəhhüd insan həyatının ilk anlarından başlayır. Sakit, mülayim bir laylay küylü körpəni sakitləşdirə bilər. Həyatımızın sevincli, qürurlu, həm də kədərli anlarını müxtəlif növ musiqilər müşayiət edir. Hətta qədim dövrlərdə musiqinin gücü xəstələrə şəfa vermək üçün də istifadə edilmişdir. Məsələn, qədim Misirdə insanlar yuxusuzluğu və başağrısını xüsusi sözləri və musiqisi olan xor ilə aradan qaldırırdılar. Qədim Çin həkimləri resept olaraq pasientlərinə musiqi melodiyaları yazırdılar və musiqinin xəstəlikləri müalicə edə biləcəyinə inanırdılar.

 

Dünyadakı hər bir xalqın öz musiqi mədəniyyəti var. Musiqi xalqları birləşdirən və qarşılıqlı anlaşmanı təşviq edən universal bir dildir. Musiqi dünyası sonsuz bir dənizə bənzəyir. 18-ci əsrin ikinci yarısında Avropa sənətində ortaya çıxan "klassisizm" cərəyanının nümunələri olaraq Bethoven, Motsart, Haydn və digər bəstəkarların monumental əsərlərindən bəhs edə bilərik. Lakin əksər hallarda "klassik musiqi" anlayışı bəstəkarlar tərəfindən əsrlər boyu yaradılan və yazılı şəkildə qorunan bütün musiqi əsərlərinə aiddir.

 

Rok və pop musiqisi 20-ci əsrin musiqi mədəniyyətinin ən mühüm nailiyyətlərindən biridir. Rok musiqisi ABŞ-da keçən əsrin 50-ci illərinin əvvəllərində yaranmışdır. Zərif balladalar, ifadəli gitara səsləri ilə zənginləşdirilmiş mahnılara rok musiqisi daxildir.

 

Və heç kəsə də sirr deyil ki, yaxşı musiqiçi olmaq üçün fitri istedadla bərabər keyfiyyətli spesifik təhsil almaq da vacibdir.

 

 Musiqi təhsili, musiqinin düzgün tədrisi və öyrənilməsi çox lazımlı və mühüm məsələdir. Musiqi tədrisi cəmləşdiyindən insan şəxsiyyətinin formalaşmasında və eləcə də onun estetik təlimində mühüm rol oynayır. Bundan əlavə, daim musiqi ilə məşğul olmaq insanda iş qabiliyyətinin, dözümlülüyün, hərəkətliliyin koordinasiyasını inkişaf etdirir. Düzgün qurulmuş musiqi təhsili sistemi uşaqlar və gənclər arasında yeni istedadların üzə çıxarılmasına və yeni nəslin mədəni səviyyəsinin yüksəldilməsinə xidmət edir. Musiqi təhsilində estetik zövqün inkişafı aşağıda göstərilən mərhələləri əhatə edir:

 

1. Musiqi biliklərini inkişaf etdirmək

 

2. Dünyagörüşü və etik keyfiyyətləri öyrətmək

 

3. Şagirdləri yaradıcı işə həvəsləndirmək

 

Musiqi tədrisi insan psixologiyasının intellektual və emosional sahələrinin formalaşmasında misilsiz bir vasitədir. Bu vasitə musiqi zövqünün və analitik düşüncənin yaradılmasına böyük təsir göstərir.

 

Ərəbistan yarımadasının cənub-şərqində yerləşən Oman Sultanlığı 1970-ci ildən başlayaraq təhsil, elm, mədəniyyət və digər sahələrin inkişafına böyük təkan verdi; musiqi sahəsi də diqqətdən kənarda qalmadı. Beləliklə mədəniyyət sahəsində bir sıra əsaslı işlər görüldü. Nümunə olaraq, 2008-ci ildə mənim fortepiano şöbəsinin müdiri kimi fəaliyyət göstərdiyim Sultan Qaboos Universitetinin İncəsənət və Sosial Elmlər Kollecində "Musiqi və musiqişünaslıq" departamenti yaradıldı. Şərq və Qərb musiqisini öz tədris sistemində ehtiva edən bu departament, o vaxtdan bəri getdikcə daha da inkişaf etmiş və hər yeni il daha çox abituriyentləri özünə cəlb etmişdir. Həyatlarının ilk çağlarından yalnız müasir və xalq mahnılarını dinləyən tələbələrə Qərbi Avropa musiqisini tədris etmək əvvəllər çox çətin idi. Lakin uğurlu təlim və tədris sistemi bu çətinliklərin öhdəsindən gəlinməsinə böyük bir təkan oldu.

 

Eləcə də professional idarə heyətimizin peşəkar iş metodu uğurlarımızın daha da çox olmasına səbəb oldu.Tələbələrə musiqi konsepsiyalarının, nəzəriyyənin və musiqi tarixinin öyrədilməsi, onların yaradıcı praktik-səhnə ifaçılığına hazırlanması və digər vacib sahələrin tədris olunması əsas hədəflərimizdən idi.

 

Müəllimin əsas məqsədi yalnız şagirdə alət çalmağı öyrətmək deyil, həm də tələbənin gələcək müəllimlik karyerasının təməlini və düzgün istiqamətləndirilməsini təmin etməkdir. Müəllimlərimiz tələbələrə həm dövlət, həm də özəl məktəblərdə işləmələrini təmin edəcək dərəcədə bir musiqi planı ilə təhsil verirlər. Tələbələrin musiqi tədris metodlarını praktiki və nəzəri cəhətdən öyrənmələri vacibdir. Buna görə də öyrətdiyimiz praktik və nəzəri biliklər tələbənin gələcək tədris prosesində faydalı olmalıdır. Bu həqiqətləri və Omanın milli musiqi mədəniyyətinin spesifik xüsusiyyətlərini nəzərə alan maraqlı bir tədris sistemimiz var.

 

Düşünürəm ki, qabaqcıl təcrübədən hər yerdə bir örnək kimi istifadə edilsə yaxşı olar.