BİR EHTİMAL: “Sona bülbüllər” ilk dəfə nə vaxt və hansı münasibətlə oxunub? Featured

Rate this item
(0 votes)

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” üçün

 

 

Söhbət Azərbaycanın Xalq artisti, “Şöhrət” ordenli əfsanəvi müğənni Qədir Rüstəmovun “Sona bülbüllər”indən gedir. O, “Sona bülbüllər”dən ki, maestro Niyazi demişkən, “ona qulaq asmağa bir ömür bəs etməz”. Həmin “Sona bülbüllər”dən ki, ona 300-dən çox şeir həsr olunmuşdur. O, “Sona bülbüllər” ki, bir zamanlar kosmosa yer üzünü təmsilən göndərildiyini eşitmişəm.

 

Əfsanəvi müğənni Q.Rüstəmovun “Sona bülbüllər”ə ilk dəfə nə vaxt və hansı münasibətlə müraciət etməsi barədə xalq arasında və sosial şəbəkələrdə müxtəlif ehtimallar söylənilir. Əfsanəvi şəxslər haqqında bu cür ehtimalların meydana çıxmasını təbii hesab edərək birini də biz hörmətli oxucuların nəzərinizə çatdırmaq istəyirik.

1972-ci ildə Bakıdan Ağdama qayıdan Q.Rüstəmov 42 yaşında Fatimə xanımla ailə qurur. Əslində bu onun ikinci evliliyi idi. Bu vaxta kimi onun həyatından bir sevgi keçmişdi. Tanınmış müğənni, müharibə veteranı, 1973-cü ildə anadan olmuş Azər Rüstəmov bu sevginin bəhrəsidir.

Oğuz rayonunun Yaqublu kəndində yaşayan rəhmətlik Kazımova Xeyransa Kərim qızı söyləyirdi ki, 1995-ci ildə Bakıda xəstəxanada müalicə olunanda yanımda Sona adlı yaşlı bir qadın qalır, müharibə dövründə əsgərlərimizə təndir çörəyi aparan və bu zaman düşmən atəşi ilə ağır yaralanan qızına (yəni Qədirin baldızına) qulluq edirdi. Dediyinə görə, o, Ağdamın Üçoğlan kəndindən idi. Sona arvad Q.Rüstəmovun birinci qayınanası olduğunu söyləyirmiş. Deyirmiş ki, Qədir  məşhur “Sona bülbüllər”i ilk dəfə onun qızına aşiq olan vaxtlar oxuyub. Mahnıda sevən aşiqin dərdi, kədəri o dərəcədə güçlü çatdırılır ki, S.Səxavətin də dediyi kimi “Sona bülbüllər”i təklikdə dinləmək təhlükəlidir, adam intihar edə bilər”.   

Belə çıxır ki, Qədir Rüstəmovun məşhur, ölməz və solmaz “Sona bülbüllər”i onun ilk eşqi ilə birlikdə meydana çıxıb. Lakin bu evliliyin ömrü çox qısa olub.

Güman ki, sonralar acı təəssüratlar doğurduğu üçün müğənni özü də bu ifasını bəyənmirmiş. Kulis.az “Oğlunu danışdırmayan, Habil Əliyevi özündən çıxaran, Rəmişlə yola getməyən Qədir” adlı yazıda qeyd edir ki, “Onun öz ifasından da zəhləsi gedirdi. Xüsusən “Sona bülbüllər”dən . Bir dəfə Ağdamda uşaqlar onun uzaqdan gəldiyini görüb hörmət əlaməti olaraq “Sona bülbülləri” oxudurlar, üstlərinə yeriyir, hamısını söyüb-batırır. Əvvəl elə bilirlər Qədir cavanların onu ələ saldığını düşünür. Sonra məlum olur ki, özünün də bu ifasından heç xoşu gəlmir, hər dəfə eşidəndə əsəbləşir.

Bir dəfə mətbuatda etiraf etmişdi ki, bütün Azərbaycanı tilsimə salan “Sona bülübüllər” mahnısına özü bir dəfə də başdan-ayağa qulaq asmayıb. Orda-burda nə eşidibsə, odur”.

Bunlar bizim ehtimalımızı gücləndirsə də, qənaətləndirici hesab etmirik. Düzünü şahidlərin və Q.Rüstəmovu çox yaxından tanıyanların, onun həyatına ətraflı bələd olan şəxslərin söyləyəcəkləri sübut edə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)