CAZ AXŞAMI - Gəncə Dövlət Filarmoniyası böyük mədəniyyət mərkəzinə çevrilməkdədir

Rate this item
(0 votes)

Gəncə Azərbaycanın Qərb paytaxtıdır. Eləcə də, yüksək mədəniyyət, elm, təhsil ocağıdır. Son günlər Gəncənin mədəni həyatı bir qədər də zənginləşib. 

Martın 18-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Caz axşamı” keçiriləcək. Bu səhnədə ilk dəfə tanınmış cazmen, Əməkdar artist Emil Əfrasiyab solo proqram təqdim edəcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, filarmoniyaya Ramil Qasımovun direktor təyin olunmasından sonra bura həqiqətən də mədəniyyət mərkəzinə çevrilməkdədir. Elə təkcə ötən ay keçirilmiş vokal festivalını qeyd etmək, bizcə, kifayət edər. 

 

İndi isə qayıdaq “Caz axşamı”na. Bu Konsert caz-muğamın yaradıcısı, dünyaşöhrətli pianoçu, bəstəkar Vaqif Mustafazadənin anadan olmasının 84-cü ildönümünə ithaf olunacaq.

Gəncə Dövlət Filarmoniyası musiqisevərlərə daha bir solo proqram hazırlayır. Belə ki, aprelin 21-də burada Xalq artisti, vokal ustası Azər Zeynalovun “Gəncəyə gəlirəm” adlı konserti keçiriləcək. Xalq artisti Azər Zeynalov da Gəncədə ilk dəfə solo proqramla çıxış edəcək.

Hər iki konsertə biletləri Gəncə Dövlət Filarmoniyasının kassalarından, eləcə də iticket.az saytından əldə etmək mümkündür.

Bu arada, həqiqətən də gəncəlilərə həsəd aparmağa dəyər. 

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2024)