Salman Qəmbərovun rəhbərlik etdiyi caz qrupu Vyanada konsert verib

Rate this item
(0 votes)

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının rəhbəri, Xalq artisti Salman Qəmbərovun rəhbərlik etdiyi caz qrupu Avstriyanın ən tanınmış caz məkanı olan “Porgy&Bess” caz klubunda konsert verib.

 

AzərTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutan konsertdən əvvəl klubun rəhbəri Kristof Huber mütəmadi olaraq Azərbaycan musiqisinə diqqət ayırdıqlarını bildirib. O, indiyədək qurulan uğurlu əməkdaşlığa görə Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlıq edib.

 

Konsertdən əvvəl musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva Azərbaycan caz musiqisinin tarixi inkişafı barədə məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda caz musiqisinin təşəkkülü, əsas inkişaf istiqamətləri, janrlar, aparıcı simalar, qrup və orkestrlər, xüsusilə də Azərbaycan musiqisinin ayrılmaz tərkib hissəsi olan caz-muğam barədə məlumat verilib, göstərilən nümunələrə dair müvafiq musiqi parçaları təqdim olunub. Həmçinin məruzədə 1930-cu ildə rejissor Mikayıl Mikayılovun ekranlaşdırdığı “Lətif” (“Üz-üzə”) bədii filmi barədə məlumat verilib, Salman Qəmbərovun Azərbaycan milli musiqisinin imkanları əsasında bədii filmə musiqili müşayiət bəstələdiyi, beləliklə də ekran əsərinə ikinci həyat bəxş olunduğu vurğulanıb.

 

Sonra Salman Qəmbərovun rəhbərlik etdiyi “Bakustik caz” triosu konsert proqramı ilə çıxış edib. Konsertdə Salman Qəmbərovu bass gitarada Fuad Cəfərov, zərb alətlərində isə Nicat Bayramov müşayiət ediblər. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının caz kompozisiyaları, eləcə də Salman Qəmbərovun öz bəstələri maraqlı caz improvizələri ilə təqdim olunub.

 

Konsertin ikinci hissəsində isə “Lətif” (“Üz-üzə”) bədii filmi Salman Qəmbərovun bəstələdiyi musiqinin müşayiəti ilə nümayiş etdirilib. Azərbaycan kinematoqrafiyasında uşağın baş rolda oynadığı ilk ekran əsəri olan ağ-qara, səssiz “Lətif” filmi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Kamançada Fəxrəddin Dadaşov, zərb alətlərində Eyvaz Həşimov yer aldığı musiqi proqramında Azərbaycan xalq mahnıları, müasir və caz musiqisi filmin gedişatı, hadisələrin tempi və obrazların emosional hərəkətləri ilə tam uzlaşdırılmış şəkildə ifa edilib.

 

Qeyd edək ki, “Lətif” layihəsini Salman Qəmbərov 2001-ci ildə yaradıb və layihə indiyədək dünyanın müxtəlif ölkələrində beynəlxalq festivallar çərçivəsində uğurla nümayiş olunub. Layihənin ideyası sənətşünas Cahangir Səlimxanov və rejissor Ayaz Salayev tərəfindən təklif olunub və onlar Qəmbərova keçən əsrin əvvəllərində çəkilmiş səssiz filmi müasir üslubda səsləndirərək, maraqlı bir sintez yaratmağı təklif ediblər.

 

Böyük uğurla keçən konsertdən sonra “Porgy&Bess“ rəhbərliyi qarşıdakı dövrdə öz proqramında Azərbaycanla bağlı konsertlərə yer ayıracağını ifadə edib.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2024)