Bluz, modern, elektron və dəyişik musiqiçilərdən ibarət sirli dünya Featured

Rate this item
(0 votes)

Paytaxtımızda XVIII Bakı Beynəlxalq Caz Festivalı davam edir

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Vaqif Mustafazədə. Bu şəxs musiqimiz üçün yad olan bir janrı musiqimizə necə pərçimlədisə, muğamla cazı necə calaşdırdısa bir etnocaz stili yaratdı, ölkədə yüz minlərlə insanı caz pərəstişkarı etdi, cazımızı da dünya arenasına çıxartdı. Və bu gün bizim Mədəniyyət Nazirliyinin dəstəyi ilə artıq bir neçə gündür ki, ölkəmizdə keçirilən XVIII Bakı Beynəlxalq Caz Festivalı əslində o kişinin sayəsindədir. 

 

Böyük maraqla izləyirəm festivalı, tanınmış caz ifaçılarının konsertləri və digər maraqlı tədbirlərlə musiqisevərlərin zövqünü oxşamaqdadır festival. 

Xatırladım ki, bu il 18-ci dəfə təşkil edilən festivalın əsası 2005-ci ildə görkəmli caz musiqiçisi, Əməkdar artist Rain Sultanov tərəfindən qoyulub. Artıq festival öz ənənələrini formalaşdırıb, ölkəmizdə və xaricdə sevilir.

 

Xəbəri qaçıranların diqqətinə çatdırım ki, festivalın açılışı “UN 1906” klubunda keçirilib. Tədbir çərçivəsində paytaxt sakinləri və qonaqlarına Almaniya, Türkiyə, Norveç, Avstriyadan olan musiqiçilər və azərbaycanlı ifaçıları canlı dinləmək imkanı verən musiqi yarmarkası təşkil edilib. Gün ərzində yarmarkaya gələn qonaqlara ləziz təamlarımızdan dadaraq 3D fotoşəkillər və DJ GRAF-nin musiqisi sədaları altında rəqs etmək imkanı yaradılıb.

Festival çərçivəsində məşhur “Jazzanova” qrupu almaniyalı DJ Amir ilə birlikdə çıxış edib. Festivalda caz musiqisinin müxtəlif üslublarında musiqi nömrələri səsləndirilib. Bluz, modern, elektron və dəyişik musiqiçilərdən ibarət proqram maraqla qarşılanıb.

 

Növbəti tədbir Beynəlxalq Muğam Mərkəzində "I am jazzman!" gənc caz ifaçıların iştirakı ilə təqdim edilib. "I am jazzman!"nın məqsədi ölkədə cazın təbliği və gənc istedadların üzə çıxarılmasıdır. Konsertin aparıcısı Tofiq Həsənsoy Azərbaycan cazının tarixi və ənənələrindən söz açıb. Bu musiqinin ölkəmizdə inkişafına töhfə vermiş insanlar xatırlanıb.

Və təbii ki, dahi cazmen Vaqif Mustafazadə xatırlanıb, müasir ulduz ifaçı Şahin Novrəsli xatırlanıb.

Daha sonra səhnə gənc istedadların ixtiyarına verilib. Mədinə Paşayeva, Günel Hacıyeva, Cavanşir Abdullalı, Rəna Xanəlibəyli, Samir Səfərov, Nəzrin Cəfərova, Cozef Okparmen və başqaları dünyanın məşhur caz ifaçılarının repertuarlarından kompozisiyalar ifa ediblər. Gənclər cazın müxtəlif üslublarında bir-birindən maraqlı improvizələrlə dinləyicilərin alqışlarını qazanıblar. 

Konsertin sonunda vokalçı-bəstəkar Qasım Xəlilov səhnəyə çıxaraq gənc istedadları təbrik edib. Diqqətə çatdırıb ki, festival çərçivəsində təşkil olunan proqram gənc musiqiçilərin yaradıcılığında mühüm yer tutur.

Daha sonra iştirakçılara festivalın diplomları təqdim olunub.

 

Qeyd edək ki, builki festivalda 15 ölkədən musiqiçilər, o cümlədən “Gremmi” mükafatı laureatları olan ifaçılar, Amerikadan caz və rep ifaçısı Theo Crocker, arfa caz ifaçısı Edmar Castaneda və Gregoire Maret də Bakıya təşrif buyurub.

Festivalın proqramına gənc caz ifaçılarının ənənəvi “I am Jazzman!” müsabiqəsi də yer alıb. Rəssam Eldar Qurbanovun “Cazın ağ quşları” sərgisi də builki festivalın yaddaqalan tədbirləri sırasındadır.

Festival oktyabrın 15-dək davam edəcək.

Hamını dəvət edirəm, gəlin, çox maraqlıdır, həzzvericidir!

 

“Ədəbiyyat və incəsənət”

(11.10.2023)